Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:21

Naxçıvanda ancaq Naxçıvan seriyalı maşınları sürmək olar...


Naxçıvan. Lifan taksi
Naxçıvan. Lifan taksi
Naxçıvan Muxtar Respublikasında seriya nömrəsi 85 olmayan avtomobillərin istismarına qadağa qoyulub. Bu haqda AzadlıqRadiosuna bir qrup Naxçıvan sakini məlumat verib. Onların bildirdiyinə görə, həmin maşınlar DYP əməkdaşları tərəfindən saxlanaraq, cərimə meydançalarına aparılır.

Naxçıvan sakini Nazim Abdullayev deyir ki, 5 il öncə etibarnamə ilə aldığı və Naxçıvanda qeydiyyata saldırdığı avtomobilinin dövlət nömrə nişanı Bakı seriyası ilə, yəni 10-la başlayır. Onun bildirdiyinə görə, bu günlərdə DYP əməkdaşları onun da avtomobilini saxlayaraq, cərimə meydançasına göndəriblər:

«NECƏ OLUR Kİ, AZƏRBAYCANIN İSTƏNİLƏN BÖLGƏSİNDƏ ETİBARNAMƏ İLƏ MAŞIN SÜRMƏK OLUR, NAXÇIVANDA OLMUR»

«Maşını 20 illik etibarnamə ilə almışam. Alan kimi də Naxçıvanda qeydiyyata saldırmışam. İndi deyirlər ki, bu cür sürə bilməzsən, Naxçıvan seriyası olan yeni «texpasport» almalısan. Onun da qiyməti 300-400 manatadır, imkanım çatmır almağa. 5 ildir problemsiz sürürdüm. Özlərindən yeni qanun çıxarıblar ki, pul yığsınlar. Necə olur ki, Azərbaycanın istənilən bölgəsində etibarnamə ilə maşın sürmək olar, Naxçıvanda olmaz».

Naxçıvan avtomobil zavodu
Naxçıvan avtomobil zavodu
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsi (DYPİ) ilə əlaqə saxladıq. İdarənin növbətçisi seriya nömrələrinin dəyişdirilməsinin məcburi olduğunu təsdiqləsə də, həmin avtomobillərin cərimə meydançasına gətirilmələrini və yeni nömrələrə görə, onlardan 300-400 manat alındığını təkzib etdi:

«YENİ NÖMRƏ ALDIQDAN SONRA PROBLEMSİZ SÜRƏ BİLƏRLƏR»

«Qərar verilib ki, 85-lə olmayan maşınların istismarı dayandırılsın. Yeni nömrə aldıqdan sonra problemsiz sürə bilərlər».

Azərbaycan DYPİ İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Naxçıvanda avtomobillərə tətbiq edilən yeni qaydadan xəbərsiz olduğunu bildirdi:

«Bununla bağlı heç nə deyə bilmərəm. Əslində etibarnamə ilə idarə etmək olar. İndi etibarnamə veriləndə DYP-da qeydiyyatda durmağa da ehtiyac yoxdur. 3 gün müddətinə notariat kontoru Ədliyyə Nazirliyinə, o da DİN-ə məlumat verir, bizdə onun əsasında qeydiyyat aparırıq. Həmin etibarnamə ilə Azərbaycanın istənilən yerində avtomobili sürmək olar. Haranın maşınına icazə vermirlər, nəyə görə icazə vermirlər, deyə bilmərəm. Bəlkə texniki nasazlıqla bağlı belə bir addım atırlar».

İradə Cavadova
İradə Cavadova
Hüquq müdafiəçisi İradə Cavadova isə Naxçıvanda 85 seriya ilə başlamayan avtomobillərin istismarına qoyulan qadağanı qanunsuz sayır:

«ÇOX GÜLMƏLİDİR Kİ, NAXÇIVANDA DİGƏR REGİONLARDAN OLAN MAŞINLARI SÜRMƏK OLMAZ»

«Bəzən məmurlar vəzifə səlahiyyətlərini həddindən artıq aşırlar. Mənə çox gülməlidir ki, Naxçıvanda digər regionlardan olan maşınları sürmək olmaz. Bu, çox absurddur. İlk dəfədir belə şey eşidirəm və təəssüflənirəm. Mənim üçün maraqlıdır ki, hansı maddəni əsas gətirirlər. Qanunsuz olaraq avtomobilləri saxlayıb, qanunazidd olaraq cərimə meydançasına aparırlar. Burada məqsəd odur ki, pul toplasınlar. Naxçıvanda minlərlə belə avtomobil var. Hesablasaq ciddi rəqəm ortaya çıxar. Söhbət yüz milyonlardan gedir. Bu, korrupsiya halıdır».

İradə Cavadova bu cür hallarla qarşılaşan vətəndaşların DİN-ə və prezidentə müraciət etmələrini məsləhət gördü.
XS
SM
MD
LG