Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Musa Yaqub son şeirində siyasətçiyə qəzəbləndi


-

Milli Məclisin sabiq üzvü, şair Musa Yaqubun "Oxu zalı"na göndərdiyi şeir.


Musa Yaqub


BU DA FÜRSƏT!

Tarixi bir fürsət oldu; Bu yaxınlarda
ABŞ konqresmeni Dana Rohrabacher
bölünmüş Azərbaycan xalqının
birləşə bilmək haqqını ortaya qoydu.
Ən azı əlli milyonluq bir xalqın
birliyini istədi. Milli Məclisdə isə
vitse-spiker Ziyafət Əsgərov tarixi
təxribat kimi qiymətləndirdi.


Milli dərdə gör nə dedi Millimiz,
Ağzın açdı ağzı göyçək dillimiz
Öz dilimiz haqqımızı əyəndə
Siyasətin üzü hansı yanaydı?..
Dərdimizə sən təxribat deyəndə
Milli Məclis gərək odda yanaydı

***

Konqres də gördü bizi, Günaydın!
Bizi böyük millət bilib sayıbdı,
Sən gərək heç dinməyəydin, susaydın –
Konqresmen dostumuzdan ayıbdı

Elə bildim sözün durdu qəsdimə,
Elə bildim dünya güldü üstümə
Yəni bizim təxribatdı dərdimiz? –
Yəni bizim yox danışıq həddimiz?..

Siyasət də eh, bir cürə yarışdı
Konqresmen haqqımızdan danışdı –
Sən özün də “xoş” danışdın maşallah,
Belimizdə şırım açdı bu şallaq.

***

İnsan olan öz haqqını udurmu?

***

Sən tarixin qabağında günahkar,
Müstəqillik, azadəlik budurmu?

Bircə bizim haqqımız var dünyada
Faş eləyək bu ayrılıq dərdini,
Yurd bölünüb, torpaq gedib, el gedib
İtirmişik Vətənin sərhəddini.

Mən heç daha qayıtmıram keçmişə -
Var-gəl etdik bir yarımçıq ölkədə;
Bu iddianı saxlasaydıq həmişə
Qarabağı itirməzdik bəlkə də.

Bir söz danış məlhəm olsun ağrıma
Alış Muğan, alış Araz, alış Kür!
Bir qaranquş su çiləyir yanğıma
Sərçə gəlib od üstünə ot tökür.

Mən yuxumda Araz olub axırdım,
O sahildən Şəhriyarı çağırdım... –
O ustadla görüşmədik gec oldu.
Dərdimizə sən təxribat deyəndə
Bəxtiyarın “Gülüstan”ı heç oldu.
Qan üzünü tutdu Çöhrəqanlının
Sözün qəlbi doğrayan ülgüc oldu.

O sözündən sözüm sınıb, əksilib,
Bu Səttar xan ruhuna bəd xəbərdi.
Pişəvəri məzarında diksinib
Üstündəki torpaq əsib dəbərdi.

“Mən Arazda şaxələnən çinardım!
Ömrü boyu tufan əydim, su yardım”...
Məmməd Araz bir addır, bir bütövdür
Sən Məmmədi Arazından ayırdın.
Bəlkədə Ərk qalasından ayırdın.

Haram qatdın o duyğuya, o hissə,
Süleyman da giley yazdı Təbrizə,
Səmədin də yandı Həsrət körpüsü –
“İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha”...
Söhrabın da bölündü çör-çörpüsü.

Dərdimizə nə söylədin? Təxribat?..
Tələbələr qabağında qaldı mat.
Bu hoqqanı hardan atdın ortaya
Xəcil qaldı xəcalətdən bir elat.

***

Araz boyu çox mənalar sezmişəm,
Ürəyimə daş bağlayıb dözmüşəm... –
Özümüzdən dəydi yenə daş bizə,
Daha şair karandaşı göyərməz.
Doğrudan da millət belə var isə
Bu dünyanın qara daşı göyərməz
XS
SM
MD
LG