Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:10

Kamran Şahmərdan: «Bizim şəhərin meri velosipedlə işə gəlir»


Kamran Şahmərdan
Kamran Şahmərdan
-
Finlandiyada İmatra Bələdiyyə Teatrının direktoru Kamran Şahmərdan doğulduğu şəhərə--Bakıya gəlib. «İz» proqramı bu fürsəti qaçırmayıb «Ağ-Qara» teatrının yaradıcısını AzadlıqRadiosuna qonaq çağırdı.

--Kamran bəy, xoş gördük! Uzun zamandır ancaq adınızı eşidirdik. Çox şadam ki, üzbəüz görüşə bildik. Əvvəlcə deyin görək, necə oldu Finlandiyaya köç etdiniz?

-- Görüşdüyümüzə mən də çox şadam. Mən elə bir həyat tərzi keçirirəm ki, bu gün burada, sabah Amerikada, birigün İtaliyadayam... Uşaqlıqdan kinoya çəkilirəm. Hər zaman filmlərlə, teatrla məşğulam. Elə imkan yarandı ki, İsveçə oxumağa getdim və orada ömür yoldaşımı tapdım. Evlənəndən sonra xanımım Finlandiyada iş təklifi aldı. Köçdük ora. İndi universitetdə dərs deyir.

-- Neçənci il idi?

-- Düz 16 il qabaq!

--Birdən-- birə yad ölkədə teatr yaratmaq istəyi necə doğdu?

-- Bundan başqa heç nə bacarmırdım, axı... (gülüşmə). Ömür boyu sənətlə məşğul olmuşam. 6 yaşından filmlərə çəkilirdim. 1981-ci ildə baş rola çəkilmişəm—«Qaladan tapılan mücrü»—ilk uşaq detektivi idi sovet vaxtının. Rejissor Gülbəniz Əzimzadə çəkmişdi. Allah rəhmət eləsin ona. O vaxtdan mənim bütün ömrüm kino ilə, teatrla bağlıdır. Ondan başqa əlimdən heç nə gəlmir.

--Yaşadığınız ölkədə teatra münasibət necə idi? Təşəbbüsünüzü necə qarşıladılar?

-- Bilirsiniz, teatr ötən əsrin əvvəllərindən bütün dünyada formalaşmağa başladı. Bu əsrin əvvəllərində böyük böhran keçirdi. Skandinaviyada teatrda hələ də formalaşma gedir. Deyə bilmərəm ki, finlər teatrdan ötrü əldən-ayaqdan gedirlər, amma mən əlimdən gələni edirəm. Biz İmatra şəhərinə köçdük. Xanımım Akademiyada dərs deyirdi. Mənim üçün iş yox idi. Balaca şəhərdir. Çox komfortludur. Skandinaviyanın Baden-Badenidir. Sağ tərəfində göl, solunda göl, şəhərin içindən çay axır... Çox gözəl şəhərdir. Şəhərdə 150 min adam yaşayır. Bir teatrları varmış, mən gedəndə o da bankrot olmuşdu. Ona görə də, mən orada teatr yaratdım—«Ağ və Qara» Teatrını. Festivallara qatıldıq—«Qran-Pri» aldıq və 3 il sonra bizi bələdiyyə teatrına çevirdilər. 10 ilə yaxındır ki, bələdiyyə teatrıyıq. Hər il Beynəlxalq Teatr Festivalı keçiririk.

--Xəbərim var. Sizin festivalları AzadlıqRadiosu olaraq biz də xəbərləyirik...

–Yeri gəlmişkən, Azərbaycandan da teatrları dəvət edirəm—«Pantomim» Teatrını, «YUĞ» Teatrını və Kukla Teatrını çağırmışam festivala. Tamaşalar böyük uğurla keçib.

-- «Bir cənub şəhəri»ndən gedən şəxsə şimal ölkəsində yaşamaq çətin olmadı ki? Amma görürəm çətin olmayıb...

-- Bilirsiniz. Sizin radionuz «Azadlıq»dır. Mənim üçün azadlıq efemerdir. İnsanın azadlığını almaq elə də çətin deyil. İnsanı qəfəsdə saxla, demək, azadlığını əlindən aldın... Mən düşünürəm ki, insan ruhən azad olmalıdır və bu, əsl azadlıqdır. Ruhən azad adam hər yerdə özünü evdəki kimi hiss edir. Mən ruhumla işləyirəm. Ruhum azaddır. Fiziki azadlığım—efemerdir—bu gün, var-sabah yoxdur. Sənətkar ruhən azad olsa, hər yerdə özünü evindəki kimi hiss edəcək.

-- Finlandiyada teatr rejissoru önəmli şəxs kimi qarşılanırmı?

-- Bir az bizdən fərqlidir. Bizdə xalq artisti var, prezident təqaüdü var. Orada ildə bir adama «İlin sənətkarı» adı verirlər. Mənim üçün böyük fəxrdir ki, 2007-ci ildə bu ada layiq görüldüm. Bir az pul verdilər—5 minə qədər, bir də orden, vəssalam. Ən vacibi odur ki, sənin tamaşalarına gəlsinlər. Tamaşaların gəliri olsun. Hollivuddakı kimi ulduzlar Finlandiyada yoxdur. Sosialist ölkəsidir. Orada birlik var. Bizim şəhərin meri velosipedlə işə gəlir. Hökumətdə də ancaq prezidentin şoferi ola bilər...

--Hacıbala müəllimi Bakıda velosipedlə işə gələn təsəvvür etmək istədim, alınmadı... (gülüşmə)

-- Heç mən özüm də təsəvvür edə bilmirəm. Sizə onu da deyim ki, Bakının özündə ekologiya çox pis vəziyyətdədir. Mənim bronxlarım xəstədir. Burada nəfəs ala bilmirəm maşınların çoxluğundan. Finlandiyada ancaq ekologiyanı korlamayan maşınlar satılır. Köhnə maşınları ləğv ediblər. Bakıda 20 ilin his verən avtobusları dolaşır... Biz də uduruq. 10 ildən sonra bütün bunlar qarşımıza pis xəstəlik kimi çıxacaq. Hiss edirəm ki, böyük bir faciə yetişir. Biz bunu anlamırıq. Cavanlarımız zəhərlə nəfəs alırlar. Bir yandan tikintilər gedir, hər yan tozun içində. Sevinirəm ki, şəhərimiz gözəlləşir, tikintilər gedir. Amma təmiz işləmirlər. Bunlar gələcəkdə onkoloji problemlər yaradacaq.

-- Təsadüfən şəhərdə ralli də Sizin gəlişinizə düşdü...

--Mən bunu heç anlamadım! Bu qədər ekoloji problemi olan şəhərdə ralli keçirmək nə deməkdir? Allah onu keçirənlərə cansağlığı versin. Bəlkə də, ürəkdən istəyiblər ki, milləti sevindirsinlər. ​Amma bu söhbət mənə çatmadı...

-- Finlərin şəhərlərinə münasibəti necədir?

-- Finlərin milli ideyası var—insanla ekologiyanı birləşdirmək. Yüz illərdir bunu sürdürürlər. 3 Azərbaycanın ərazisi bir Finlandiya qədərdir. Azərbaycanda 9 milyon adam yaşayır, Finlandiyada 5 milyon. Onların heç nəyi yoxdur. Meşədən və «Nokia»dan başqa. Amma bizim hər şeyimiz var—neftimiz var, balığımız var...

-- Bəs nəyimiz yoxdur? Nəyimiz çatmır?

-- Qənaət edə bilmirik. Finlər qənaətlə yaşayırlar. Hər şeyin qədrini bilirlər. Zibili də həmçinin—dəmiri ayrı yığırlar, kağızı ayrı, şüşələri ayrı. Təzədən onu işə buraxırlar. Biz heç nəyin qədrini bilmirik.

--Abidələrinə münasibətləri necədir? Məsələn, bizim kimi, bir gecənin içində dövlət qorunmasında olan abidə binaları dağıda bilərlərmi?

-- Mən indiyə qədər Helsinkinin ətrafında Leninin abidəsini görürəm. Çar Nikolayın heykəli var. Ruslara münasibətləri birmənalı olmasa da. Bu, onların tarixə münasibətidir. İnanmıram ki, orada dediyiniz faktlar ola. Onlar tarixçə elə də zəngin deyillər. Köhnə kəndlərini də muzey kimi saxlayırlar. 500 illik taxta kəndləri dərmanla təmizləyib muzey ediblər. Finlandiyada 3 milyona qədər turist olur. 2.5 milyonu elə Rusiyadan gəlir... Ev alırlar orada. Həm yaxındır, həm də ekoloji təmizdir.

-- Kamran bəy, Siz özünüz fin dilini bilirsinizmi?

-- Tərtəmiz! Həm kitablardan öyrənirdim, həm xanımımdan, həm də kurslara gedirdim. Mən bu dildə danışıram, yoxsa necə işləyə bilərdim. Finlər bir az millətçidirlər. Dillərini bilməsən, səni işə yaxın buraxmazlar. Dillərinə hörmət edirlər.

-- Finlandiyada rejissorun işinə kimlərsə müdaxilə edə bilərmi?

--Tənqidçilər. Bu ölkədə tənqidçilərə qulaq asırlar. Çünki pullarına qənaət edirlər. Resenziyanı oxuyurlar. Hər tamaşaya getmirlər. Çox oxuyan millətdirlər. İnternet, qəzetlər... Filmləri dublyaj etmirlər. Qaçan sətirlərdən istifadə edirlər. Dilə orijinalda qulaq asırlar və oxuyurlar. Tamaşadan öncə mütləq internetdə və ya qəzetdə resenziyanı oxuyub sonra tamaşaya gedirlər. Onlar vaxt itirməkdən də qorxurlar.

--Kamran bəy, Siz direktorsunuz. Teatrınızda tamaşalar da qoyursunuzmu?

--Sözsüz!

-- Kənardan rejissor dəvət edirsinizmi?

-- Son 5 ili kənardan gətirirəm. Özüm xaricdə çox işləyirəm. Azərbaycanda da—Milli Dram Teatrında, Rus Dram Teatrında, «Pantomim» Teatrında, Kukla Teatrında tamaşalar qoymuşam.

-- Yeni texnologiya -- kütləvi kommunikasiya vasitələri teatr rejissorunun işinə necə təsir edir?

-- Artıq sintetik teatr yaranıb. Video, musiqi, dekorasiya dəyişilib. Elə tamaşa var, işıqla videonun üstündə qurulur...

-- Hansına daha çox baxırlar? Klassik tamaşaya, yoxsa yeni texnologiya ilə hazırlanana?

-- Yaxşı tamaşaya!

-- Tamaşaçılarla əks-əlaqə necə qurulub və ümumiyyətlə, tamaşaya kimlərin baxmasını necə müəyyənləşdirirsiniz?

-- Bizim teatr sintetik teatrdır—dram, pantomim, həm də kukla teatrının sintezidir. Yəni, seçim imkanı var. Hər səhər 9-dan 14-ə qədər uşaq tamaşaları gedir. 7-dən sonra böyüklər üçün.

--Teatrınızı niyə «Ağ-Qara» adlandırdınız?

--Ağsız qara, qarasız ağ yoxdur. Onu Yaradan başlayıb. Qarada bir ağ nöqtə qoyub və birinci dramaturgiyanı O, başlayıb. Bu, həyatdır, konfliktdir.

-- Azərbaycan teatrı iməkləyir—deyənlərə nə cavab verərdiniz...

-- Bu il İmatraya Vaqif bəyin «YUĞ» teatrını çağırmışdım. Ruhu şad olsun! Ona böyük hörmətim vardı... Son tamaşalarından birini—«Kafkadan salam» tamaşasını gətirmişdilər. Finlər çox yaxşı qəbul etdilər. «Pantomim» Teatrını da həmçinin. Mən deyə bilmərəm ki, teatrımız iməkləyir. Teatrı tənqid etmək üçün gərək orada işləyəsən. Teatr ailədir. Orada insan faktoru da var, problemlər də. Belə demək olmaz!

-- Son vaxtlar bizim teatr məkanında sanki bir canlanma müşahidə olunur. Kənardan bu necə qavranılır?

-- Pozitiv... Pozitiv! Belə də olmalıydı. Başlamaq lazım idi. Bizim gözəl kollektivlərimiz var. Bir az rejissor qıtlığı olsa, ad, vaxt gələcək o da düzələcək. Bizim çox gözəl aktyorlarımız var. İmkan yaratmaq lazımdır.

-- Heç soruşmadım, səfərinizin məqsədi nədir?

-- Hələ ki, sirdir. Amma bir şeyi deyə bilərəm ki, bir işin dalınca gəldim, o birisi də çıxdı... İki il qabaq mən bura kuklalar gətirmişdim—«Balaca şahzadə»ni tamaşaya qoymaq istəyirdim Kukla Teatrında. İndiki gəlişimdə iki həftəyə o tamaşanı hazırlamışam. Gələn həftənin (bu həftənin) sonunadək təhvil verəcəm. Bu bizim uşaqlara mənim hədiyyəmdir. Gəlin, baxın. O tamaşaya böyüklər də baxa bilər, uşaqlar da. Ekzüperi... romantika... Kuklaları öz teatrımda hazırlatmışam.

--Amma sirrin birini açdınız...

-- İşi bitirirəm. Mən belə adamam ki, işi bitirməyənə qədər heç kəsə danışmıram. İşi bitir, sonra sinənə döy!

-- İnşallah, vaxtı çatanda o biri sirdən də agah olarıq.

- İnşallah! Hamınızın bayramınızı təbrik edirəm!
XS
SM
MD
LG