Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:23

“Kama Sutra” müsəlman ölkəsində qalmaqal yaratdı


Hindistan - "Kama Sutra"dan rəsm, əsər 1,500 əvvəl yaradılıb.

Hindistan - "Kama Sutra"dan rəsm, əsər 1,500 əvvəl yaradılıb.

-

Qazaxıstanda seks qalmaqalı...

Amma nə kiminsə açıq-saçıq şəkilləri yayılıb, nə də videosu.

Sadəcə, bir şokolad fabrikinin məhsulu prokurorluğun diqqətini cəlb edib.

Kostanay vilayətindəki «Обжорка» şirniyyat fabriki həmin şokoladı bir ildən çox idi buraxırdı.

Amma yerli mediada bu barədə məlumat gedəndən sonra məsələ ictimailəşib və etirazlar artıb.

Mövzu hətta çex mətbuatına da gedib çıxıb.

Kilosu 1800 tengeyə (təxminən 12 dollara) satılan şokolad cinsi əlaqədə olan qadın və kişi fiqurlarıdır.

Bunlar qədim sanskrit mətnləri olan və məhəbbət, cinsi həyatla bağlı məsləhətlərin yer aldığı “Kama Sutra”dandır.

Prokurorluq yoxlamalara başlayıb. “Vətəndaşlardan daxil olan şikayətlər” əsasında şokolad satışdan yığışdırılıb. Fabrikin direktoru olan qadın isə «Костанайские новости» qəzetinə deyib ki, məhsulu pornoqrafik məzmunlu saymır:

“Kama Sutra – qədim erotikadır. Burada qanunsuz heç nə yoxdur. Bazar iqtisadiyyatı şəraitində təklifi tələb formalaşdırır. Bizə tez-tez qadın və kişi cinsiyyət orqanları formasında tortlar sifariş edilir. Mən İnternetdə də baxmışam: xaricdəki bir çox şirniyyat məktəbləri bu tematikanı da dəstəkləyirlər. Bəs biz niyə bundan imtina etməliyik?”

Fabrik “Kama Sutra” şokoladının yalnız böyüklər üçün nəzərdə tutulduğunu bildirir.

Amma çəkiylə satıldığı üçün şokoladı dükanda hamı görə bilər.

Qəzet uşaq psixoloqu Olqa Smetskayanın rəyini dərc edib.

O deyib ki, belə şokolad uşaqların gözü qarşısında satılmamalıdır, kütləvi və qeyri-ənənvi seks pozaları uşaqda cinsi əlaqəyə qeyri-sağlam maraq yarada bilər.

Seksopatoloq Lyubov Polikarskaya isə bildirib ki, belə bir şokoladın istehsalına pis baxmır: “Belə şəkillər Hindistandakı məbədlərin üzərində də var”.

“Kama Sutra” Hindistanda müqəddəs mətn sayılır. Və orada yer alan ailə həyatının cinsi aspektinə aid məsləhətlər ciddi qəbul edilir.

Kitab bir çox ölkələrdə açıq satışdadır.

Amma Hindistandan kənarda kitabın “imici” fərqlidir, böyük bir kütlə onu az qala ucuz pornoqrafik şəkil və videolarla eyni tutur.

Qazaxıstandakı şirniyyat istehsalçısı da ehtimal ki bu təsəvvürlərdən kommersiya məqsədilə yararlanaraq pul qazanmaq istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG