Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50
Oktyabrın 14-də baş vermiş bu hadisə barədə xəbər yalnız oktyabrın 25-də, gecə saatlarında mətbuata sızıb.

Belçika polisi istintaq sirrinin qorunması mülahizəsi ilə 60 yaşlı Nicholas Mockford-un qətli barədə xəbərlər üzərinə məxfilik qadağanı qoyubmuş.

Məhz buna görə də hadisədən dərhal sonra bu barədə xəbər yayan flamanddilli mənbələrin informasiyalarına Belçika polisi şərh verməkdən imtina etmişdi.

ExxonMobilin Britaniyalı icraçı direktoru Brüsseldə ailə üzvlərinin gözləri önündə edamsayağı sui-qəsdlə öldürülüb.

“The Daily Telegraph” xəbər verir ki, cənab Mockford ailəsi ilə birlikdə Brüssel ətraflarındakı Neder-over-Heembeek məhəlləsində restorandan çıxarkən qətlə yetirilib.

ŞAHİDLƏR HADİSƏ YERİNDƏN QAÇAN İKİ MOTOSİKLETÇİ GÖRÜBLƏR

Nicholas Mockford oktyabrın 14-də axşam saat 10 radələrində Belçika paytaxtının Rue de Beyseghem küçəsindəki “Da Marcello” italyan restoranından çıxarkən ona 3 dəfə atəş açılıb.

Üçüncü atəş açılarkən Mockford-un artıq yerə yıxılmış vəziyyətdə olduğu xəbər verilir.

Onun xanımı Mary döyülərək qanına qəltan edilib, cənab Mockford isə xəstəxanaya aparılarkən yolda keçinib.

Xəbər verilir ki, sui-qəsd ani olaraq baş verib və xanım Mockford ərinin başını qucaqlayaraq ətrafdakıları köməyə çağırırmış.

Şahidlər bildiriblər ki, əllərində motosiklet dəbilqəsi olan iki naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşırmış.

QƏTL BARƏDƏ XƏBƏRLƏRƏ MƏHKƏMƏ QADAĞA QOYUB

Belçika prokurorluğundan bildirilib ki, qətli araşdıran müstəntiq Martine Quintin-in xahişi əsasında istintaqla bağlı heç bir məlumatın açıqlanmamasına dair məhkəmə qərarı çıxarılıb.

Prokurorluq bildirib ki, “bu, qətllərin istintaqında adi praktikadır”.

Cənab Mockford şirkətdə 1970-ci illərdən çalışırdı və ExxonMobil Chemicals Europe bölümündə keçid texnologiyaları və ekoloji baxımdan daha təmiz yanacaq məsələləri ilə məşğul idi.

O mahir dənizçi idi və ötən il La-Manş boğazında keçirilən yarışda “Musette” adlı yaxtada üzərək birincilik qazanmış Exxon komandasının kapitanı seçilmişdi.
O, həmçinin motosiklet həvəskarı idi.

Milliyyətcə belçikalı olan ikinci arvadı ilə 15 il idi ki evliydi və bu evlilikdən həddi-buluğa çatmış üç övladı var. Onların hamısı Britaniyada yaşayırlar.

AĞZIBÜTÖV, MEHRİBAN AİLƏ BAŞÇISI

Nicholas Mockford İngiltərənin Lesteşir əyalətində böyüyüb başa çatmışdı, lakin uzun illər xaricdə, əsasən də Sinqapur və Belçikada yaşamışdı.

Belə başa düşmək olar ki, qətl barədə xəbər “The Daily Telegraph” qəzetinə Mockfordun ailə üzvləri tərəfindən sızdırılıb.

Ailə üzvü deyib ki, qətli törədənin peşəkar killer olduğuna inanılır.

Adının çəkilməsini istəməyən ailə üzvü mərhumun son dərəcə yumşaq xarakterə malik ailə başçısı olduğunu söyləyib.

ExxonMobil şirkətinin sözçüsü “faciəli qətlin oktyabrın 14-də, bazar günü Brüsseldə baş verdiyini” rəsmən təsdiq edib.

“Britaniya vətəndaşı Nicholas Mockford-un öldürülməsi” Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq olunub.

Qəzetə danışan ailə üzvü cənab Mockford-un ağzıbütöv adam olduğunu və iş barədə hətta ailə üzvləri belə danışmadığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG