Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:43

A. Ağalarov: «Azərbaycan diasporunun Rusiyadakı fəaliyyəti zəifdir»


Araz Ağalarov

Araz Ağalarov

Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Crocus Holding”in prezidenti, Rusiyada yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü Araz Ağalarov APA-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:
- Araz müəllim, bu yaxınlarda əsası qoyulan Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasında iştirak edənlərdən birisiniz. Təşkilatın yaradılmasına dəstəyiniz hansı səviyyədə olub və bu gün bu təşkilata dəstək verirsinizmi?
- Azərbaycan prezidentinin və Rusiyadakı azərbaycanlıların dəstəyi ilə yaradılan hər bir təşkilatı dəstəkləyirəm. Əgər hər hansı təşkilat Azərbaycan prezidentinə qarşı nəsə plan hazırlayırsa, mən bunun tamamilə əleyhinəyəm, buna qarşıyam. Bu təşkilatın yaradılmasına isə dəstək vermişəm.
- Azərbaycan mətbuatında isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının Kremlin tapşırığı ilə yaradıldığı yazılır. Bunu necə şərh edərdiniz?
- Bu informasiyalar tamamilə əsassızdır. Kremlin yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə heç bir əlaqəsi yoxdur. Kremlin bu dəqiqə öz problemləri və tapşırıqları var. Rusiya Azərbaycan Təşkilatları İttifaqı hələlik özünü böyük bir təşkilat kimi göstərməyib. Ona görə də onun haqqında danışmaq hələ tezdir.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqı hansı zərurətdən yarandı? Ümumrusiya Azərbaycan Konqresi adlı təşkilat fəaliyyət göstərirdi. Yeni təşkilatın yaradılmasına ehtiyac vardımı?
- Ümumrusiya Azərbaycan Konqresi zəifləməyə başlamışdı. Ona görə də əgər bir təşkilat zəifləyirsə, onda onun yerinə mütləq yeni təşkilatın yaradılmasına çalışılır. ÜAK-ın fəaliyyəti bizi qane etmir. Yeni təşkilatın yaradılması da bu ehtiyacdan doğub.
- RATİ fəaliyyətinin dondurulduğu bəyan edildi. Bunu necə şərh edərdiniz?
- Rusiya Azərbaycan Təşkilatları İttifaqı hansı fəaliyyəti göstərmişdi ki, onu da dayandırsın? Bu təşkilat hələ heç bir iş görməmişdi. Ona görə də, təşkilatın fəaliyyətinin dayandırılması barədə xəbərlərin yazılması mənə aydın deyil. Hələ fəaliyyətə başlamayan təşkilatı kim dayandıra bilər.
- RATİ-nin fəaliyyətinin təşkilatın sədri Abbas Abbasovun prezident İlham Əliyevlə görüşənədək dayandırıldığı haqda informasiyalar yayılıb.
- Bu haqda məlumatsızam.
- Rusiyadakı Azərbaycan diasporunun və buradakı azərbaycanlıların fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz?
- Azərbaycan diasporunun Rusiyadakı fəaliyyəti zəifdir. Bütün təşkilatların, indiyə kimi yaradılan, köhnə və yeni təşkilatların heç birinin fəaliyyəti ürəkaçan deyil. Onlar çox zəifdirlər. Azərbaycanlılar yəhudi və ermənilərdən fərqli olaraq çox pis təşkilatlanırlar və vahid fikrə gələ bilmirlər. Beləliklə, azərbaycanlılar bir diaspor olaraq bu ölkədə heç nəyə təsir edə bilmirlər.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqı bundan sonra fəaliyyətini davam etdirəcəkmi?
- Bilmirəm. İndi heç nə deyə bilmərəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG