Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

Niyə dini bayramlar müxtəlif ölkələrdə müxtəlif günlərdə qeyd olunur?..


Arxiv foto
Arxiv foto
«Salam. Mən din üzrə mütəxəssislərə və sizə bir sual verəcəyəm. Niyə miladi təqvimdəki aylarda ayın başlaması və çıxmasında qarışıqlıq düşmür, hicri aylarda düşür və həmişə bu problem olur?

Bu Türkiyədə problem deyil. Qalan ölkələrdə problemdir. Azərbaycanda da Qurban bayramı rəsədxanalara, astronomiya elminə yox, «din mütəxəssisləri» və Ərəbistana görə qeyd olunur».

Belə bir sualla AzadlıqRadiosu-na Zəka Mirağayev müraciət edib. O, istəyir ki, bu məsələyə aydınlıq gətirək.

Dinşünas alim Altay Göyüşov bunu ayın bitməsinə olan fərqli baxış və bir də məzhəb müxtəlifliyi ilə izah edir. Deyir ki, bəzi ölkələrdə rəsədxananın verdiyi məlumatlara deyil, daha çox ənənəvi üsullarla, ayın gözlə görünməsinə istinad edilir. Amma dinşünas alim Qurban bayramı məsələsindəki fərqliliyi daha çox məzhəblərin fərqli baxışları ilə izah edir:

«BİZDƏ BİR QƏDƏR QARIŞIQLIQ VAR»


«İri müsəlman ölkələrində, misal üçün Türkiyə, Səudiyyə Ərəbistanı və İranda bu hansısa məzhəbin dominantlığı ilə bağlıdır. Qərar veriləndə bu nəzərə alınır. Misal üçün Türkiyədə daha çox hənəfilik, İranda cəfərilik, Səudiyyə Ərəbistanında da daha çox hənbəli məzhəbi əsasında verilir. Ona görə bu məsələdə fərqlərin mövcudluğu normaldır. Həm də bu həmişə olmuş fərqlədir. Bizdə bir qədər qarışıqlıq var, Qafqaz Müsəlmanları İdarəsi bir az özünü fərqləndirmək istəyir. Bu idarə hələ tam yetkinləşmədiyi üçün dini bayramların qeyd olunmasında həmişə müəyyən problemlər meydana çıxır».

Altay Göyüşov
Altay Göyüşov
Altay Göyüşov dini bayramların qeyd olunmasındakı fərqliliyi həm də milad təqvimi ilə müqayisədə hicri təqvimindəki dəyişkənliklə izah edir:

«Biz bilirik ki, misal üçün milad təqvimi ilə hər il avqust ayı 31 gün olur, amma hicri təqvimdə ramazan ayı 29 gün də ola bilər 30 gün də. Fərqlilik həm də bununla bağlıdır».

Qafqaz Müsəlmanları idarəsinin oktyabrın 22-də verdiyi fitvada bu il Qurban bayramının oktyabrın 25-də və 26-da keçiriləcəyi bildirilir. Oktyabrın 25-nin bayram axşamı, 26-sının isə bayram günü olduğu qeyd edilir.

Azərbaycanda heç də hamı qurbanlıq heyvanı eyni gündə kəsmir. Kimi oktyabrın 25-də, kimi isə 26-da kəsir. Müşfiqabad məscidinin axundu Şeyx Mübariz Qaçayev deyir ki, oktyabrın 25-də həcc ziyarəti hələ başa çatmadığından qurban mərasimini həmin gün keçirmək olmaz. Astara məscidinin axundu İlqar Həsənov isə oktyabrın 25-də Azərbaycanda kiminsə qurbanlıq heyvan kəsməsində hər hansı qəbahət görmür. Amma əlavə edir ki, qurbanlar oktyabrın 26-da kəsilməlidir:

«İSLAM MƏZHƏBLƏRİNİN AYRI- SEÇKİLİYİ KİMİ BAŞA DÜŞÜLMƏSİN, AMMA»

«İslam məzhəblərinin ayrı-seçkiliyi kimi başa düşülməsin, amma qəbul ediləndir. Yəni müəyyən məzhəblərə uyğun bu gün də qurban kəsmək olar. Amma şiə məzhəbinə uyğun olaraq qurbanlar oktyabrın 26-da kəsilməlidir».

Şamaxı rəsədxanası isə dini məsələlər qarışmır. Rəsədxana direktoru Əyyub Quliyevə görə, Qurban bayramının dəqiq nə vaxt qeyd olunması ilə bağlı mübahisə əslində ayın çıxması və gözlə görünməsi ilə bağlı yanaşmalardadır:

ŞAMAXI RƏSƏDXANASI DİNƏ QARIŞMIR...

«Məsələ ondadır ki, ayın çıxması ilə, görünməsi arasında müəyyən fərq var, bu elə Ramazan bayramında da belə mübahisə yaradır. Ay üfüqdə görünməlidir, yoxsa doğmalıdır. Biz məsələnin din tərəfinə deyil, təqvim tərəfinə toxunuruq. Əslində Qurban bayramı bu axşama düşür. Biz isə ayın doğmasını və üfüqdə görünməsini deyə bilirik. Qalan məsələləri Qafqaz Müsəlmanları İdarəsi həll edir. Biz ötən ilin dekabrında bu məlumatı vermişik. Elə onunla da hərəkət edilir, 25-26 Qurban bayramı elan olunub».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG