Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57
-

Son günlərdə yaranan və mətbuatın gündəmindən düşməyən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən biri Söyün Sadıqov AzadlıqRadiosuna danışıb.

«NAZİM İBRAHİMOVUN BƏYANATI DA GÖSTƏRDİ Kİ...»


- Söyün müəllim, oktyabrın 23-də Rusiyada yaşayan Azərbaycan və erməni diasporu ilk dəfə bir araya gəldi. Bu görüşün təşəbbüskarı kim idi və məqsəd nə idi?

- Görüşün təşəbbüskarı Ara Abrahamian idi. Prezident Putin millətlərarası məsələlərlə bağlı toplantı keçirəndə Abrahamian dedi ki, Rusiyada yaşayan azərbaycanlıları və erməniləri bir araya gətirək, münaqişələrə son qoyaq. Amma bu görüşün Dağlıq Qarabağ münaqişəsinə heç bir dəxli yoxdur.

- Sizcə, bunun faydası olacaqmı?

- Niyə faydalı olmasın? Bu ölkədə yaşayan azərbaycanlılarla ermənilər bir yerdə işləyirlər, biznes qururlar, normal münasibətləri var. Ancaq hərdən bəzi gənclər təxribata yol verirlər. Rusiya böyük ölkədir, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkə deyil. Burda müxtəlif insanlar və müxtəlif siyasətçilər var. Jirinovskinin azərbaycanlılarla bağlı çağırışı yadınızdadır. Biz göstərmək istədik ki, bu cür kloun siyasətçilərə baxmayaraq iki xalq arasında münaqişə mümkün deyil.

- Hər nə qədər bu görüşün Rusiyada yaşayan erməni və azərbaycanlı diasporu ilə bağlı olduğunu desəniz də, bu tədbirdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

- Münaqişə haqında danışmadıq. Biz millətlərarası strategiyanı müzakirə etdik. Biz ayrı ölkənin vətəndaşlarıyıq. Bu məsələni həll etmək üçün prezident var, ordu var. Yeri gəlmişkən, Diaspora Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bəyanatı da onun Rusiyadakı diaspordan nə qədər uzaq olduğunu göstərdi. O Azərbaycan və Rusiya vətəndaşlarını, cəmiyyətini qarışdırır. Bizi Qarabağ münaqişəsinin həllində ittiham etmək cəfəngiyyatdır.

- Bu görüşün davamı olacaqmı?


- Noyabrın 16-da Moskvada yığışacağıq. Mən prezident yanında millətlərarası şuranın üzvüyəm. Mənim birbaşa vəzifəm odur ki, Rusiyada millətlər arasında anlaşma olsun, o cümlədən də ermənilərlə azərbaycanlılar arasında.

- Söyün müəllim, son günlər sizin də iştirakınızla yeni təşkilat yaranıb. Bu təşkilat Moskvada yaransa da, Bakıda rezonans yaratdı. Onun indiki hakimiyyətin əleyhinə olması, Kremlin sifarişi ilə yaranması haqda ehtimallar səsləndirilir. Sizdən eşidək, bu qurumu yaratmaqda məqsəd nədir?


- Biz hələ 2001-ci ildə Koordinasiya Şurası yaratmaq istəyirdik. Koordinasiya Şurasında bir neçə qurum, ağsaqqal yığışıb bəzi məsələləri həll etməliydi. Reallıq budur ki, Rusiyanın əyalətlərində nə Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK), nə də «Azerros» Federal Milli Mədəni Muxtariyyətinə (bu qurumun rəhbəri Söyün Sadıqovdur – Ş.B) tabe olmaq istəyirlər. Onlar arasında həmişə intriqalar var. Hətta onlar bir-birinə qarşı sifarişlər verirlər. Məsələn, Rostov-Donda ÜAK nümayəndəsi «Azerros» nümayəndəsini tutdurmaq üçün DİN işçisinə pul vermişdi. Üstü açıldı və həmin DİN əməkdaşı işdən çıxarıldı. Belə hadisələr çoxdur. Bu intriqalar olmasın deyə biz təşkilat yaratmaq istədik. İstəyirik ki, bizim övladlarımız özlərini Rusiyanın bərabər hüquqlu vətəndaşı saysınlar. Bələdiyyə, parlament seçkilərində iştirak etsinlər. Məqsədimiz budur. Ancaq nədənsə buna qısqanclıqla yanaşırlar. Mən sizin radio vasitəsi ilə 2001-ci ildə bizimlə belə bir Koordinasiya Şurasının yaradılmasından danışan Zeynal Nağdəliyevə də, Nazim İbrahimova da, Polad Bülbüloğluna da sual vermək istəyirəm. Niyə bu gün susurlar? Niyə düzünü danışmırlar? Azərbaycanda yazırlar ki, guya bu Putinin, Kremlin tapşırığıdır. Bu cəfəngiyyatdır, ağ yalandır! Heç bir Putin, Kreml mənə söz deməyib. Azərbaycanla Rusiya arasında normal əlaqələr var.

«BU ADAMLAR OLİQRAX OLANDA NƏ OLAR Kİ?»

Arxiv foto: Telman İsmayılov, Allahşükür Paşazadə və Abbas Abbasov

Arxiv foto: Telman İsmayılov, Allahşükür Paşazadə və Abbas Abbasov

- Amma razılaşın ki, bu cür nüfuzlu, imkanlı adamların bir araya gəlməsi dərhal diqqət çəkməliydi. Araz Ağalarov, Vahid Ələkbərov, Azərbaycan hakimiyyətini tənqid edən Rüstəm İbrahimbəyov, baş nazirin sabiq birinci müavini Abbas Ababsov, siz...

- Bu adamlar oliqarx olanda nə olar ki?.. Onlara da həmişə şikayətlər gəlir. Onlar da azərbaycanlıdır, onların öz avtoriteti, nüfuzu, adı var Rusiyada.

«AİLƏ SƏVİYYƏSİNDƏ BU TƏŞKİLATI AQRESSİVLİKLƏ QARŞILADILAR»

- Abbas Abbasovun da adı siyahıdadır.


- Niyə Abbas Abbasov? O uzun illər dövlət işində işləyib, baş nazirin birinci müavini olub. Rəhmətlik ümummilli lider Heydər Əliyevin yaxın admı idi, o İlham Əliyevin də yaxın adamı idi, Ramiz Mehdiyevin də yaxınıdır. Düşündük ki, Abbas Abbasovun namizədliyi hakimiyyətə şübhələndirməyəcək. Hamı başa düşəcək ki, bu təşkilat lazımdır. Ancaq nədənsə bilmirəm ailə səviyyəsində bu təşkilatın yaranmasını aqressivliklə qarşıladılar. Biz dəfələrlə ÜAK-ın Rusiyadakı rəhbəri Mikayıl Hüseynova müraciət etmişik ki, bu qurumun təsisçilərindən olsunlar. Bir də fikir verin, Rüstəm İbrahimbəyov, Telman İsmayılov, İsgəndər Xəlilov, Abbas Abbasov, Vahid Ələkbərov, Araz Ağalarov ÜAK Ali Şurasının üzvləridir. Ona görə bu adamlara şübhəylə yanaşmalarına təəccüblənirəm. Özləri özlərinə inanmırlar? Mənə inanmasalar anlayaram, öz yaxınlarına niyə etibar etmirlər?.. Kreml heç nə sifariş verməyib. Rusiya azərbaycanlıları Azərbaycana heç vaxt xəyanət etməzlər.

«RAMİZ MEHDİYEV DƏ MƏLUMATLANDIRILMIŞDI»

- Belə başa düşdüm ki, yeni təşkilatın mətbuatın yazdığı kimi siyasətlə, konkret olaraq prezident seçkiləri ilə əlaqəsi yoxdur.

Ramiz Mehdiyev

Ramiz Mehdiyev

- Qətiyyən. Bu siyasi təşkilat deyil. Bu Koordinasiya Şurasıdır, azərbaycanlı icmalarını idarə etmək üçündür.

- O zaman təşkilat niyə Bakını qıcıqlandırdı? Bunun bir cavabı var yəqin.

- Düzü, mən də təəccübləndim ki, niyə axı, niyə? Azərbaycanlıların Koordinasiya Şurası yaratması haqda Ramiz Mehdiyev də məlumatlandırılmışdı, Zeynal Nağdəliyev də həmçinin. Eləcə də Mikayıl Hüseynova demişdik ki, qüdrətli diaspora yaratmaq istəyirik. Diaspora o deyil ki, 20 adam yığışıb bir-birini tərifləsin. Bizim diaspora onda güclü olacaq ki, Dumada deputatlarımız olacaq, Federasiya Şurasında üzvlərimiz olacaq, xeyli məmurlarımız, hərbçilərimiz olacaq.

«BUNA AZƏRBAYCAN CƏMİYYƏTİ MÜNASİBƏT BİLDİRMƏLİDİR»

- Sonda bəlkə hakimiyyətə hansısa mesajınız var?

- Azərbaycan cəmiyyətinə demək istəyirəm ki, heç kimə inanmayın, «Azerros» Azərbaycan əleyhinə çıxmayıb, çıxa da bilməz. Heç kimin təxribatına uymayın.

- Söyün müəllim, indiki Azərbaycan hakimiyyəti haqında nə düşünürsüz?

- Hakimiyyətin fəaliyyətinin yaxşı ya pis olması haqqında vətəndaşlar fikir deməlidirlər. Mən sonuncu dəfə Azərbaycanda 2006-cı ildə olmuşam. Ona görə heç cür deyə bilmərəm ki, Azərbaycan hakimiyyəti yaxşıdır ya yox.

- Bəs milyardları olan bu ölkədən 2 milyon adamın çörək dalınca Rusiyaya getməsinə necə baxırsız?

- Bu normaldır. SSRİ dağılandan sonra bu mümkün idi. Amma indi hakimiyyət neftdən, qazdan gələn pulları Azərbaycan iqtisadiyyatına qoymursa, cəmiyyət, vətəndaş cəmiyyəti buna münasibət bildirməlidir. Ancaq onu da deyim ki, son illər miqrantların sayı azalmağa başlayıb elə bil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG