Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:55

Bir qadın bətnində qadağan nişanı (Seçmə şeirlərdən)


Ramil Əhmədov
Ramil Əhmədov
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Ramil Əhmədov


Baxışın bu dünyadan uzaq

Ayaqqabını təmiz saxla,
Həyat ayağa baxandır.
Bir qadın bətnində qadağan nişanı -
“DÜNYAYA BAŞQA CÜR GİRİŞ QADAĞANDIR!”

Hamının alnında bir gülləlik yer,
hər kəsin ürəyində izdiham.
Ayrılığa bir addım yaxınıq,
sevgidən bir addım uzaq...

Gözün hardasa ilişib qalıb,
gözlərin özünə yaxındı.
Baxışın bu dünyadan uzaq...
Səni fikirdən oyadır,
Əlindən bərk tutduğun oyuncaq...


Ağladığını görürəm

İşdən çıxmışam,
evə gəlirəm.
Gözlərin açıqdır -
yağış yağır...
Çətirsizəm,
islanıram...

Yağış yağır, yağış yağır
ara vermədən.
Yağış səni xatırladır...
Bir ağacın gövdəsinə sığınıb,
sənə zəng edirəm.
Gizlətmə, onsuz da ağladığını görürəm...

Yer üzünə
yağış yağır gözlərindən.
Sərçələr yuvasına uçmur,
qadınlar götürmədikləri çətirlərini açmır,
maşınların şüşəsiləni hərəkətsiz...
Bu nə sirdi? -
məndən başqa heç kim islanmır.

İşdən çıxmışam,
evə gəlirəm.
Yağış yağır gözlərindən...
Çətirsizəm,
islanıram...
Yum gözlərini -
çətirim olsun,
heç olmasa mən yuvama çatana qədər...
XS
SM
MD
LG