Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:39

Moskvada Azərbaycan və Erməni icmaları dostluqdan danışıblar


Oktyabrın 23-də Moskvada Rusiyadakı Azərbaycan və erməni diaspora nümayəndələri arasında görüş keçirilib.

Dəyirmi Masada müzakirələr 4 məsələ - Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporların millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, milli siyasət strategiyası layihəsinin müzakirəsi və milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolu ətrafında aparılıb.

Görüş Rusiyadakı azərbaycanlıların «Azərross» Federal Milli Mədəni Muxtariyyəti və Rusiya Erməni İttifaqının təşəbbüsü ilə keçirilib.

Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan deyib ki, “Azərbaycan xalqı ilə dostluğumuzu unutmamışıq. Belə görüşlər mütəmadi olmalıdır. Müharibə heç kimə lazım deyil. Bura dialoq üçün yığışmışıq. Bu, sadəcə ictimai tərkibli görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir”.

“Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov isə deyib ki, “Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işləməsi, ailə qurması bizi sevindirir”. O bütün görüş iştirakçılarını konfliktdən uzaq olmağa, dialoqa çağırıb. Deyib ki, “Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq”.

Tərəflər növbəti görüşün noyabrın 16-da keçirilməsi ilə bağlı razılıq əldə ediblər.
XS
SM
MD
LG