Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

Bal yarmarkasından kənarda qalan arıçılar [VIDEO]


Xalis balı necə tanımalı? Deyəsən bu, elə də asan deyil. Azından bunun bəzi yollarını bu günlərdə Bakıda açılmış bal yarmarkasında öyrənmək olar.

Oktyabrın 17-dən noyabrın 5-dək ölkənin 51 rayonundan 200-ə yaxın arıçı öz məhsulunu satışa çıxarıb. Amma bu sərgiyə düşənlər də var, sərgidən kənarda qalanlar da...

81 yaşlı Gülgəz Hüseynova Astaradan gətirdiyi 500 kiloqramdan çox balı satmağa yer tapmadığını deyir:

«500 KİLO BAL ƏLİMDƏ QALIB»

«Rüşvət verməyə pulum yoxdur deyə bu vəziyyətdəyəm. Əvvəl dedilər ki, 500 manat verin, dəvətnamə verək. Sonra isə 800 manat istədilər. Mən bu qədər pulu haradan verim? 81 yaşım var, məcburam yol qırağında məhsulumu satmağa».

Gülgəz Hüseynova

Gülgəz Hüseynova

Sərginin keçirildiyi yerin yaxınlığında yol boyunca Gülgəz xala kimi digər arıçılar düzülüb. Zaqatala, Lerik, Astara və digər rayonlardan olan arıçılar deyirlər ki, sərgidə yerlər məhdud olduğundan qalıblar küçədə:

- «Elə bir yerə salıblar ki, arıçılar bal sata bilməsin. Bu, monopoliyadır. Balı belə satmazlar. Əgər yarmarka təşkil edirlərsə, gərək bunu elə etsinlər ki, bütün arıçılar üçün bərabər şərait yaradılsın. Mən, 120 arının başçısının əlində 700 kiloqram bal qalıb».

- «Biz də elə televizorda eşitdik ki, yarmarkadır, gəldik bura. Amma bura da gəlmişik yer yoxdur, qalmışıq küçədə».

427 ARIÇIDAN 6-SI ÜÇÜN YER YARADILIB

«Astarada 427 nəfər arıçı var. Amma cəmi 6 nəfər arıçı üçün yer yaradılıb. Bizə yer vermirlər. Deyirlər ki, yer yoxdur».

Bəhram İbrahimov arıçılığın inkişafı üçün bankdan 3 min 500 manat kredit götürüb. Hər ay 321 manat kredit borcu ödəməlidir. Deyir, məhsulunu sata bilmir deyə banka olan borcunu da ödəyə bilmir:

«Bank da məni sıxışdırır. Mən də deyirəm ki, 600-700 kiloqram əlimdə, bunu satmalıyam ki, pulu ödəyə bilim. Ümumilikdə, 3 min 500 manat borcum var öhdəsindən gələ bilmirəm. Ona görə də məcburam ki, heç olmasa rayona əli boş qayıtmamaq üçün çöldə satım. Bizim kimilərə sərgidə yer yoxdur. Kimin ki, imkanı yaxşıdır, onlar üçün içəridə yer ayrılır».

«Hər rayondan 5-6 nəfər çağırıblar. Bu il 400 kiloqram bal götürmüşəm. Gəlmişəm, bizim üçün yer yoxdur. Məhsul hələ maşındadır, heç çıxartmamışam. Gözləyirik ki, bəlkə bizə də yer oldu».

Bal sərgisi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunub. Nazirliyin şöbə müdiri və sərginin təşkilatçısı Çingiz Fərəcov bildirdi ki, sərgi yüksək səviyyədə davam edir.

Onun bəzi arıçıların sərgiyə dəvət olunmamasına münasibəti belə oldu:

DƏVƏTNAMƏSİZ ARIÇILAR

«Arıçıların bəziləri icazəsiz gəliblər. Siz toy edirsiz, toya dəvət etmədiyiniz adamlar gəlir? Astaradan və Daşkəsəndən adamlar artıq niyə gəlib? Onları kim dəvət edib? Çingiz Fərəcov olan yerdə puldan söhbət gedə bilməz. Ölmüşəm ki, mən, kimdənsə pul yığılsın».

Çingiz Fərəcov deyir ki, ötən il 1400 arıçının iştirakı ilə sərgi keçirilmişdi. Amma sərgidə saxta ballar da satışa çıxarılmışdı deyə bu il nəzarət güclü olub. Balı əvvəlcədən yoxlanılan və yaxşı arıçı kimi tanınanlar sərgiyə dəvət alıb.

Qax Arıçıları Birliyinin sədri Bədrəddin Həsrətov deyir ki, Azərbaycanda arıçılıq üçün bazar yaradılmayıb. Buna görə də arıçılar öz məhsullarını sata bilmir. Bu da öz növbəsində arıçılığın inkişafına mənfi təsir göstərir.

TƏMİZ BALI NECƏ AYIRMALI?

Bal sərgisi

Bal sərgisi

Bakıda bal sərgisi təxminən 20 gün davam edəcək. Sərgidə ölkənin hər tərəfindən müxtəlif növ bal satışa çıxarılır. Qiymət isə birdir – kilosu 15 manata.

Hansı masaya yaxınlaşsan, arıçı qaşığı salır qarşısındakı içi balla dola qaba yuxarı qaldırır. Bal qaşıqdan süzüldükcə arıçı da öz məhsulunu öyməyə başlayır.

Bu arada biz də fürsəti əldən verməyib, arıçılardan xalis balı digərlərindən ayırmağın yollarını öyrənirik. Arıçılardan kimi bunun qeyri-mümkün olduğunu deyir, kimi isə bildikləri üsulları bizimlə bölüşür.

Məsələn, balın tərkibində su qatqısı olub-olmadığını yoxlamaq üçün baldan bir damcı qəzetin üzərinə yaxırsınız. Əgər qəzetin digər üzü yaş olursa deməli bala su qatılıb.

TƏMİZ BAL ÖZÜ AĞIZDA SOVRULUR

Balı qaşıqla götürüb süzəndə əgər bal qırıla-qırıla süzülürsə, demək ki, onun tərkibində şəkər tozu və ya digər qatqılar var.

Bal

Bal

Naxçıvandan gələn arıçı Kamil Məmmədov da öz üsulundan danışır. Bizi inandırmağa çalışır ki, bu üsul ən səmərəlisidir:

«Üsullardan biri, baldan kiçik bir çay qaşığı götürüb ağızda udmamaq şərti ilə saxlamaqdır. Təmiz bal özü yavaş-yavaş ağızda sovrulur və boğazda xüsusi qıcıq yaradır. Üstəlik balın ətri də hiss olunur».

Bir çox arıçılar isə bildirirlər ki, xalis balı yalnız Allah, bir də arıçının özü tanıyır. Bunu sadalanan üsulların heç biri ilə ayırd etmək olmaz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG