Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:48

Obama ilə Romney arasında üçüncü debat olub


Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində əsas namizədlər – demokratların nümayəndəsi Barack Obama ilə respublikaçıların nümayəndəsi Mitt Romney üçüncü dəfə üz-üzə gəliblər.

Florida ştatının Boka Roton şəhərindəki Lynn Universitetndə keçirilən əsas debat xarici siyasətlə bağlı olub.

90 dəqiqə ərzində prezidentliyə namizədlər Suriya, İran, İsrail, Liviya və Əfqanıstan olmaqla müxtəlif ölkələrlə bağlı xarici siyasəti müzakirə ediblər.
Romney bildirib ki, Bashar Assad Suriyada hələ də prezidentdir, ordu 30 min dinc adamı öldürüb, 4 il ərzində İran nüvə silahına daha da yaxınlaşıb. Liviyada Amerika konsulluğuna terrorçu hücumu olub, Misirdə “Müsəlman Qardaşları”, Malinin şimalında isə Əl Qaidə hakimiyyətə gəlib.

Osama bin Ladenin öldürülüb ələ keçirilməsi ilə bağlı Obanı təbrik etdiyini xatırladan Romney deyib ki, “ancaq sadəcə adam öldürməklə bu qarışıqlıqdan çıxa bilmərik. İslam dünyası və dünyanın digər başqa bölgələrinin zorakılıq tərəfdarı ifratçılığı qəbul etməməsi üçün çox güclü strategiya həyata keçirməliyik”.

Romney deyib ki, Obama prezident seçiləndən sonra Türkiyə və Misir də daxil olmaqla Yaxın Şərq ölkələrinə səfər edib, ancaq bölgədəki ən yaxın dostumuz olan İsrailə getməyib. Obama isə prezident seçilməmişdən əvvəl İsrailə səfər etdiyini xatırladıb. Obama İrana qarşı olan sanksiyaların tətbiq edilməsini, terrorla mübarizə aparıldığını bildirib.

Debatın aparıcısı Bob Schiefferin “sizcə, İranın İsrailə edəcəyi hücum Amerikaya edilmiş hücum deməkdirmi” sualına cavab olaraq həm Obama, həm də Romney belə bir vəziyyətdə ABŞ-ın İsrailin yanında olacağını bildiriblər.

Romney bildirib ki, Obama sanksiyaları daha da gücləndirməlidir. Obama isə deyib ki, “mənim prezidentliyim dövründə İran nüvə silahına sahib olmayacaq”.

Suriya ilə bağlı isə Obama deyib ki, Suriya mövzusunda hər şey, Türkiyə və digər region ölkələri ilə birlikdə koordinasiya olunur. Obama deyib ki, Bashar Assadin çox az vaxtı qalıb və gedəcək. Ancaq Romneyin dediyi kimi suriyalı müxalifətçilərə ağır silah göndərə bilmərik.

Romney Obamanı Amerikaya zəif imic yaratmaqda ittiham edib. Obama isə deyib ki, Romney İraq, Əfqanıstan və digər mövzularda tez-tez fikrini dəyişdirib. Belə bir vəziyyətdə Romneyin baş komandan ola bilməz.

ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
XS
SM
MD
LG