Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:09
Balakəndə oktyabrın 14-də baş verən zəlzələdən bir həftə keçsə də elə evlər var ki, hələ onların taleyi müəyyənləşməyib.

Bunlardan biri - Xalatala kənd sakini Rafael Doldolovun evidir. Ev sahibi deyir ki, zəlzələ baş verən gün rayon fövqəladə komissiyasına müraciət edib. Ancaq komissiya hələ onların evinə çatmayıb:

«BİR HƏFTƏ KEÇİB, HƏLƏ QAPIMIZI DÖYƏN OLMAYIB»

«Söhbət var ki, komissiya gələcək. Bir neçə dağılmış evlərə baxıblar. Şəxsən hələ bizim evə gəlib çıxmayıblar. Həmin gün müraciət etmişdim. Mənim evimin bütün divarları çatlayıb. Gərək komissiya gəlib rəyini versin. Dövlətin yardımı lazımdır. İnsanlar bilməlidirlər ki, belə bir vəziyyətdə tək deyillər. Bir həftə keçib, ancaq hələ qapımızı döyüb vəziyyəti soruşan olmayıb. Adamların çoxu bu vəziyyətdədir. Hansı evlər ki, uçub, o evlərə gediblər. Ancaq çatlamış ev də artıq təhlükəli evdir».

4.000 MANATLIQ ÇADIR....

Rafael Doldolov deyir ki, çadırlar da elə tamam uçmuş ev sahiblərinə verilib. O da çadır üçün müraciət edibmiş. Ancaq qoyulan şərtlər onu çadır almaq istəyindən daşındırıb:

«Kimin həyətində çardaq var, ona çadır vermirlər. Çadır verilməmişdən əvvəl deyirdilər ki, bu, çox baha, 4000 manatlıq çadırdır. Kiçik bir deşik olsa, sonradan qiymətini ödəyəcəksiniz. Əslində, adi bir çadırdır. İçində də heç nə yoxdur. Özü də su buraxır».

Xalatala kəndinin bələdiyyə sədri Osif Zalxayev isə deyir ki, hazırda zəlzələ bölgəsində komissiya işini davam etdirir:

«Kim müraciət edir, hamıya kömək olunur. İki gündə təxminən 30 evə getmişik. Hamıya da yardım edilir. Çadır, şifer verilir. Kənddə 600 ev var, hamısına hələ çatdırmamışıq. O ki qaldı çadırlara, qiymətini bilmirəm, ancaq yaxşı çadırlardır. Kim müraciət edibsə, hamıya çadır verilib. Həyətində çardaq olanlara isə örtük verilib».

«BU QIŞI NECƏ YOLA VERƏCƏYİK?»

Balakənin Cederovtala kəndinin sakini Bədrəddin Varşayevin evi isə zəlzələdə dağılıb. Deyir ki, ailəsi 4 nəfərdən ibarət olsa da ona iki nəfərlik çadır verilib:

«Buralarda çadır bir məndə var. İki nəfərlik bir çadır veriblər. Arıxanada, meşədə-zadda işlətmək olar. İçində nəfəs almaq olmur. Guya komissiya gəlib yenə yoxlayacaq. Çox biganə yanaşırlar, bəlkə işləri çoxdur, bilmirəm. Ancaq bu qışı necə yola verəcəyik, dərd onun dərdirdir».

«OLA BİLSİN FİN EVLƏRİ GƏTİRİLSİN»

Cederovtala kəndi də daxil olduğu Sarıbulaq bələdiyyəsinin sədri Ramiz Ceerçiyev deyir ki, komissiyanın rəyini gözləyirlər:

«Qəzalı evləri komissiya müəyyən edir. Çadırlar yaşamağa yeri olmayan adamlara verilir. Həm də o çadırlar qış üçün deyil. Komissiya işini qurtarandan sonra müəyyən olunacaq. Məsələ var ki, fin evləri gətiriləcək. Ola bilsin, komissiyanın işinin yekununda onlara fin evləri gətirilsin».

«5-6 EVƏ QAZ ÇƏKMİŞİK»

Rayon fövqəladə hallar komissiyasının üzvü Rəhim Abbasov isə deyir ki, əllərindən gələni edirlər:

«Talalar kəndi üzrə 120 evin yoxlanılması gedib. Hənifə, Gülizan və başqa kəndlər dağıntının episentrə yaxın kəndlərdir. Birinci bu kəndlər üzrə işləyirik. Kimə şifer, çadır, tikinti materialları lazımdırsa, təmin olunur. İlkin mərhələdə istilik sistemi necə olacaq, bu haqda düşünürük. Evin həyətində bağlı yer, ya da kiçik bir evcik varsa, ora istilik çəkirik. Artıq Üçtala kəndində 5-6 evə qaz çəkmişik. Hansı ev qazla təmin olunmayıbsa, ora odun veriləcək».

Rəhim Abbasov da komissiyanın işinin hələ davam etdiyini, yekuna uyğun qiymətləndirmənin olacağını bildirir.

Balakən rayon icra hakimiyyətinin məlumatında deyilir ki, indiyə qədər 1100-dən artıq fərdi yaşayış evinə baxış keçirib. Məlum olub ki, 19 fərdi ev uçub, 378 ev isə yaşayış üçün təhlükəli vəziyyətə düşüb. 55 sosial obyekt müxtəlif dərəcədə zədələnib.

Şərhləri göstər

XS
SM
MD
LG