Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Nazirlik Beyləqandakı qətlə görə Ovçular Cəmiyyətini ittiham etdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beyləqan rayonunda brakonyerlərlə Ovçular Cəmiyyətinin nümayəndələri arasında baş verən silahlı insidentlə bağlı bəyanat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, oktyabrın 20-si gecə saatlarında Beyləqan rayonunda Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə KİV-də məlumat yayılıb. Bununla bağlı nazirlik bildirir ki, hadisə Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsidir:

«Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib. Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır. Xatırladaq ki, 2004-cü ildə Azərbaycan Respublikası Ovçuluq haqqında Qanunun qəbul edilməsindən sonra ölkə ərazisində ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-yə verilib».

ETSN bəyan edib ki, Ovçular faciənin bütün məsuliyyəti tam olaraq Cəmiyyət rəhbərliyinin üzərinə düşür.

PROKURORLUĞUN MÜNASİBƏTİ

Bu arada isə qanunsuz ov edənlərin Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin rəisini qətlə yetirməsinə Beyləqan Rayon Prokurorluğundan münasibət bildirilib. Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakini Süleymanov Allahyar, rayonun Dünyamalılar kənd sakini Alxanov Ruslan və Eyvazlılar kənd sakini Cəfərov Əbülfət müxtəlif dərəcəli xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, Beyləqan şəhər sakini Mahmudov Ruhinin idarə etdiyi «Niva» markalı minik maşınında olan Beyləqan şəhər sakinləri Əliyev Mahir, Hüseynov Mahir, Əsədov Vasif, Muradxanov Vaqif rayonun Yeni Mil qəsəbəsi yaxınlığında ov ediblər. Onlar ov edərkən, Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov həmin şəxslərə qanunsuz ov etdiklərini bildirib və mübahisə edib. O, ov silahlarını təhvil vermələrini tələb edib:

«Allahyar Süleymanov özü maşından ov tüfəngini götürmək istəyib. Maşında olanlar silahı vermək istəməyib və mübahisə edərək, silahı özlərinə tərəf çəkiblər. Bu zaman silahdan açılan atəşlə A. Süleymanov, həmçinin yaxınlıqdakı R. Alxanov və Ə. Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Allahyar Süleymanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG