Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51
-
Ağdaş sakini Rəna İsmayılova «Qaynar xətt»ə şikayət edib ki, yaxın qohumları Gülnaz və İlahə Məcidovalar 1990-cı ildə uçmuş köhnə tikiliyə görə onun həmin illərdə sağ olan anası Sübhiyyə Məcidovanı məhkəməyə veriblər. Məhkəmədə iddia qaldırıblar ki, Sübhiyyə Məcidova evi qəsdən söküb. Evdə yaşayış hüquqları olduqlarına görə onlara sökdüyü evin kompensasiyasını ödəməlidir. Aşağı məhkəmələr evin 100 il əvvəl çiy kərpic və samandan tikildiyini və köhnə olması səbəbindən uçduğunu təsdiqləyiblər. Hər dəfə qətnamə çıxarılıb ki, məhkəmə araşdırması zamanı qəsdən sökülmə aşkar olunmayıb, istismar müddəti bitdiyi üçün özü uçub. Ali Məhkəmə isə hesab edib, Sübhiyyə Məcidova evi qəsdən söküb və buna görə də Sübhiyyə Məcidovadan 40 min manat məbləğində kompensasiya tutularaq iddiaçılara ödənilməsinə dair qərar çıxarıb. İş orasındadır ki, Ali Məhkəmə bu qərarı çıxaranda Sübhiyyə Məcidova artıq həyatda yox imiş. Buna görə də məhkəmə zərərin ödənilməsini onun qızı Rəna İsmayılovanın üzərinə qoyub.
Rəna İsmayılova:
«O ev 1912-ci ildə samandan və çiy kərpicdən tikilmişdi. Anamın atası Yusif Məcidova məxsus idi. Anam qoca ata-anaya baxdığı üçün ailə qurandan sonra da həmin evdə qalıb. Mən də o evdə böyümüşəm. Dayım Emin Məcidov 1958-ci ildə evin uçmaq təhlükəsi olduğunu bildiyi üçün dedi ki, mənim gücüm çatmır bu evin təmirinə. Ona görə də Bakıya getdi, anama da dedi ki, uçana qədər yaşa, sonra da hökumətdən ev alarsan. 1978-ci ildə dayım vəfat etdi. 1985-də arvadı Gülnaz Qasımova evə iddia edərək ona evdən 1 otaq verilməsinə nail oldu. Ancaq həmin evdə bircə gün də yaşamadı. 1990-cı ildə ev tamam çökdü, anam da məcbur oldu ki, evin yerində yenisini tikdirsin. Ev tikiləndən sonra – 2008-ci ildə Gülnaz Məcidova məhkəmədə iddia qaldırdı ki, guya ev qəsdən uçurdulub və buna görə də kompensasiya tələb etdi».
Gülnaz Məcidova isə deyir ki, Onun və qızının həmin evdə yaşamaq hüququ ola-ola bir də xəbər tutublar ki, Sübhiyyə Məcidova evi uçurub və özü üçün yerində başqa ev tikib. Gülnaz Məcidova iddiasında əsaslı olduğunu bildirib.
Sübhiyyə Məcidova vəfat etdiyi üçün məhkəmə cavabdehliyi onun qızı Rəna İsmayılovanın üzərinə qoyub. Deyir ki, hər ay əmək haqqından 230 manat civarında tutularaq iddiaçılara ödəmək məcburiyyətindədir. Üstəlik həmin mübahisəli ünvanda yaşadığından evin üzərində də həbs qərarı var. 40 min manatı iddiaçılara ödəyib qurtaranadək bu qərar evin üzərindən götürülməyəcək.
Rəna İsmayılova deyir, onu narahat edən odur ki, anasından miras qalan borc o vəfat edəndən sonra övladına keçəcək.

Şərhləri göstər

XS
SM
MD
LG