Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

«Evimizin 100 illik sənədinə baxan yoxdur»


Arxiv foto
Arxiv foto
Gəncə sakini Adil Hüseynov «Qaynar xətt»ə şikayət edib ki, 100 ildir onlara məxsus olan dədə-baba mülkü məhkəmələr yolu ilə başqası tərəfindən əllərindən alınmaq üzrədir. Onun sözlərinə görə, bir neçə il əvvəl mülkü bir uzaq qohumuna müvəqqəti yaşamaq üçün veriblər. Bir də xəbər tutublar ki, mülk əldən gedir. Uzaq qohum mülk sahibindən xəbərsiz onu başqasının adına sənədləşdirib.

Adil Hüseynov: «Əlimizdə sənəd var ki, bu mülk 100 ildir bizə məxsusdur. Uzaq qohumlarımıza müvəqqəti yaşamaq üçün vermişdik, onlar da bizdən xəlvət məhkəmə yolu ilə mülkə saxta sənədlər düzəldiblər, mülkü satıblar Qənbərov Namiq Telman oğluna. Mülk 80 yaşlı anamın adınadır. 2007-ci ildən məhkəmələrdəyik. 2007-ci ildə məhkəmə qərar çıxardaraq mülkü sahibsiz mülk kimi həmin adama verdi. Biz apellyasiya şikayəti verib qərarı ləğv etdirdik. Ali Məhkəmə də mülkün bizə məxsus olduğunu təsdiqlədi. Ali Məhkəmənin qərarından sonra işə təzədən Gəncənin Nizami rayon Məhkəməsində baxıldı. Bu dəfə məhkəmə qarşı tərəfin maraqlarını təmin etdi».

Adil Hüseynov deyir ki, məhkəmə çəkişmələri hələ də davam edir.

SƏNƏDLƏ-SÜBUTLA ALINAN EV...

Mülkə iddialı olduğunu bildirilən Namiq Qənbərovsa deyir ki, 5 il əvvəl qardaşları ilə birləşib sənədlə-sübutla ev alıb. Ancaq sonradan ona məlum olub ki, aldığı ev mübahisəli imiş:

«Qardaşlarımla ata mülkümü satıb 200 min dollar düzəldib həmin evi aldıq. Evi alandan sonra xəbər tutduq ki, evi bizə satan adamla Adil Hüseynov arasında həmin mülkə görə məhkəmə gedir. Halbuki ev mənə «Çıxarış»la satılmışdı və heç bir saxtakarlığı yol verilməmişdi. İndi mənə mübahisəli ev lazım deyil, gətirib pulumu qaytarsınlar evlərini götürsünlər».

Hüquqşünas Namizəd Səfərov deyir ki, bu işdə Namiq Qənbərov qanunla vicdanlı alıcı hesab olunur. Çünki o, evi alarkən mübahisədən xəbərsiz olub. Evə görə ödədiyi pul özünə qaytarılmalı və adına verilmiş «Çıxarış» məhkəmə yolu ilə ləğv olunmalıdır.
XS
SM
MD
LG