Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:56

Qız qaçırmağa görə 10 il həbs cəzası verilə bilər


Qırğızıstanda toy
Qırğızıstanda toy
-
Qırğızıstanda mal-qara oğurlayana 11 ilə qədər cəza verilə bilər. Yetkinlik yaşına çatmayan qızı oğurlayıb zorla ailə quran şəxs isə cinayət məsuliyyətindən yayına bilir. Baxmayaraq ki, qanunvericilikdə bu əmələ görə 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ancaq, deyəsən, bu vəziyyət bir qədər dəyişəcək.

Qırğızıstan parlamentində yeni qanun layihəsi müzakirə olunur. Layihədə yaşı 17-dən aşağı olan qızı qaçıran şəxs maksimum 10 il azadlıqdan məhrum oluna bilər. Bu da o deməkdir ki, qız qaçırılması adam oğurluğuna bərabər tutulacaq.

Qanun layihəsi ikinci oxunuşdan keçib. Üçüncü oxunuşdan sonra isə qanuni qüvvəyə minməsi üçün onu Prezident Almazbek Atambaev imzalamalıdır. Ancaq yenə də qız qaçırmağa görə cəza mal oğurluğuna görə verilən cəzadan aşağı olacaq.

QIZ QAÇIRMA QIRĞIZISTANDA BİR ƏNƏNƏDİR

Layihənin tərəfdarları deyirlər ki, bununla qadın hüquqlarının qorunmasında böyük irəliləyiş olacaq.

Qadın hüquqlarının müdafiəçisi Banura Abdieva isə deyir ki, yenə anlaşılmazlıq var:

«Dərhal Cinayət Məcəlləsinin 155-ci maddəsi tətbiq olunmalıdır. Çünki qız qaçırma istər şəriət, istərsə də dövlətin qanunlarına ziddir. İndi özünüz düşünün. Görəsən, Qırğızıstan hanası qanunlarla idarə olunur?».

Bəy və gəlinlər
Bəy və gəlinlər
Qanun layihəsi parlamentdə müzakirə olunan vaxt Banura Abdieva və digər fəallar parlamentin qarşında aksiya keçirirdilər. Həmin aksiyada onlar qaçırılaraq zorla evləndirilmiş, sonradan isə intihar etmiş 20 yaşlı Yrys Kasumbai haqqında məlumatlar paylayıblar.

Yrys-i qaçıran Shayimbek İmankulov sentyabrda 6 il azadlıqdan məhrum edilib. O, qız qaçırmada və zorlamada ittiham olunub.

Qanun layihəsinin əleyhdarları isə deyirlər ki, yeni cəza olduqca ağırdır. Üstəlik, qız qaçırma Qırğızıstanda bir ənənədir.

HƏR İL 12 MİN QADIN QAÇIRILIR

Qırğızıstanda məhkəmələr hər il mal-qara oğurluğu ilə bağlı yüzlərlə işə baxır. Ancaq qız qaçırma ilə bağlı işlər nadir hallarda məhkəməyə gedib çıxır. Qaçırılan qızlar öz taleləri ilə barışır, onu qaçıranın evində təcrid olunmuş şəkildə yaşayır. Ailənin, cəmiyyətin və yerli hakimiyyət orqanlarının təzyiqindən ehtiyatlanaraq cinayət işinin başlanmasında həvəsli olmurlar.
Elena Voronina
Elena Voronina

Dəqiq rəqəm olmasa da, hüquq müdafiəçiləri deyirlər ki, Qırğızıstanda hər il təxminən 12 min qadın qaçırılaraq zorla evləndirilir.

BMT-nin 2011-ci il hesabatında deyilir ki, Qırğızıstanda bəzi kənd yerlərində ailələrin 80 faizi qız qaçırma yolu ilə qurulur. Qız qaçırma erkən nikahların da yayılmasının əsas səbəbidir. Uşaq hüquqlarının müdafiəçisi Elena Voronina deyir ki, son illər erkən nikahların sayı artıb:

«2006-cı ilin statistikasına əsasən, qadınların 12 faizi 18 yaşdan tez ailə qurur. Onların əksəriyyəti kəndlərdə və kasıb ailələrdə yaşayanlardır. Son illərin statistikasına əsasən isə, kənd yerlərində erkən nikahların sayı 14.2 faizə qalxıb. Şəhərlərdə isə bu, 9 faizdir».

Bu ilin əvvəlində parlamentə qız qaçırılma ilə bağlı başqa bir qanun layihəsi də təqdim olunmuşdu. Ancaq qəbul olunmamışdı. Həmin layihədə rəsmi nikah olmadan dini nikah kəsənlərin cərimə olunması nəzərdə tutulurdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG