Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Avtoritetlərin yığışdığı «Yağmur» restoranında nə baş verib?


«Yağmur» restoranı

«Yağmur» restoranı

-
Oktyabrın 18-də axşam saatlarında Qaraçuxur qəsəbəsindəki «Yağmur» restoranında atışma səsləri eşidilib. Şahidlər yaralıların olduğunu deyirlər.

«CAMAAT ELƏ BİLİB, TOYDUR, GÜLLƏ ATIRLAR»

Qaraçuxurda yaşayan, hadisənin şahidlərindən biri Rövşən Həsənov:

«Biz həmin əraziyə yaxın yerdə yaşayırıq. Axşam saat 8, 9-un yarısı olardı, güllə səsləri eşidildi. Getdim ora. Ölən varmı, yoxmu, deyə bilmərəm, amma yaralıları öz gözümlə gördüm».

Başqa bir şahid, şərti olaraq Firuz Həsənov adlandırdığımız şəxsin sözlərinə görə, o da xəsarət alanların olduğunu görüb. Ancaq onların güllə yarası aldığını düşünmür.
Həmsöhbətimin dediyinə görə, atışma səsi eşidəndə, ətrafda yaşayanlardan narahat olan da olub, adi yanaşan da:

«Camaat elə bilib toydur, güllə atırlar, bizim adətdə var axı. İçəri səs bombası atıblar, tavan-zad dağılıb. Kriminal dünyanın avtoritetləri yığışıblarmış. Burda banket verirmişlər. Elə ondan yarım saat sonra basqın olub, onların əksəriyyəti tutulub, bir 30-a yaxın adam aparılıb».

«POLİS BAHALI MAŞINLARI YÜKLƏYİB APARIR»

Firuz Həmidov deyir ki, indi ərazi polis nəzarəti altındadır:

«Səhər burda 100-ə yaxın polis vardı. İndi də çoxdur, tutulanların maşınlarını evakuatorlara yükləyib aparırlar. Bahalı maşındır hamısı. Hamısı atıb qaçıb, bəlkə də yiyələrini tutublar. Polis nəzarət altında saxlayır hər yeri».

AzadlıqRadiosunun əməkdaşı da hadisə yerində olub. O da hadisə yerinin polis nəzarətində saxlandığını görüb. Yaxınlıqda işləyən bir fəhlə müxbirimizə deyib ki, polis gəlməzdən qabaq şadlıq evində dava düşübmüş.

SAXLANANLARIN DƏQİQ SAYI DEYİLMİR

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə AzadlıqRadiosuna deyib ki, həmin restoranda əvvəllər məhkum olunmuş şəxslər yığışıblar. Bundan sonra əməliyyat keçirilib, saxlananlar var.

Ehsan Zahidov neçə nəfərin saxlanması haqda dəqiq məlumat vermədi:

«Biz ilkin məlumatda da dedik ki, bir qrup şəxs saxlanıb, araşdırma aparılır».

Qaraçuxur qəsəbəsi

Qaraçuxur qəsəbəsi

«Cinayət işi açıla bilərmi» sualına isə Zahidov belə cavab verdi:

«Bilmirəm, araşdırmanın nəticəsindən asılı olacaq. Hələlik araşdırma davam edir».

«KRİMİNAL ALƏMİN AVTORİTETLƏRİ...»

DİN-in sözçüsü Ehsan Zahidov hadisə zamanı ölən və ya yaralananların olması haqda məlumatı da təkzib etdi:

- Yalandır, yalan. Orda silahlı insidentin baş verməsi, yaralı və ölənlərin olması uydurmadır. Orda heç bir insident olmayıb. Polis əməliyyat keçirib və həmin şəxsləri saxlayıblar.

- Həmin adamlar niyə saxlanıblar? Hüquq-mühafizə orqanlarına hansı məlumat daxil olub?

- Məlumat daxil olmuşdu ki, özlərini kriminal aləmin avtoritetləri hesab edən bir qrup adamdır. Onlar əvvəllər məhkum olunublar. Məlumat təsdiqini tapıb. Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları da ora gediblər.

- Əvvəl məhkum olunmuş şəxslərin yığışmasında nə var? Onlar konkret cinayət hazırlayırmışlar? Bu haqda məlumat varmı?

- Araşdırma da o məqsədlə aparılır.

- «Yeni Müsavat» qəzeti yazır ki, Nəriman adlı keçmiş məhkum azadlığa çıxıb, yığıncaq da bununla bağlıymış.

- Bilmərəm, araşdırmanın gedişatında bilinəcək.

- Saxlananlardan buraxılan varmı?

Foto: Arxiv

Foto: Arxiv

- Məlumatım yoxdur.

«HAY-KÜY, ŞOU YARATMAĞA ÇALIŞIRLAR»

Sabiq polis rəisi Mahmud Hacıyev bu məsələyə həssaslıqla yanaşmağın tərəfdarıdır. O, hadisənin detallarından xəbərsiz olduğunu deyir. Mahmud Hacıyevə görə, həmin restoranda böyük bir cinayət də hazırlana bilərdi, əvvəllər məhkum olunanların sadəcə şadyanalığı da . Onun fikrincə, həmin şəxsləri saxlamaq üçün yetərli səbəb olmalıdır:

«Bu, incə məsələdir, diqqətlə yanşamaq lazımdır. Bizdə buna bir az şablon yanaşırlar. Tutalım kimsə nəyə görəsə, əyri ya düz məhkum olunub. Bunun da kriminal aləmdə hörməti var. İndi bunlar da 5-10 nəfər yığışıblar. Bunlar da vətəndaşdır, məhkum olunanda nə olar? Bu nə vaxtsa azadlıqdan məhrum olunub. Başqa məqsəd güdmürsə, pis niyyət yoxdursa, nə olar yığışanda. Bu adamın da dost-tanışı, elm adamları olmayacaq ki? Bu dairədən olacaq. Mən yenə deyirəm, bilmirəm onları niyə tutublar. Cinayət niyyətləri yoxdursa, yığışmalarında qəbahət yoxdur…»

Mahmud Hacıyev bir də ona diqqət çəkir ki, hüquq-mühafizə orqanları bu cür əməliyyatları mümkün qədər məxfi və ehtiyatlı keçirməlidirlər:

«Bu tədbir böyük hay-küylə keçilirsə, bu, peşəkarlıqdan uzaqdır. Son illərdə Azərbaycanda əməliyyatın çəkisini artırmaq üçün diqqət çəkməyə, hay-küy, şou yaratmağa çalışırlar. Əvvəllər belə halda ayrıca təhqiqat aparılırdı».

Şərhləri göstər

XS
SM
MD
LG