Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10
-
2013-cü ilin dövlət büdcəsində investisiya, tikinti xərcləri digər xərcləri üstələyəcək. Artıq parlamentə daxil olan büdcə layihəsindəki rəqəmlərə əsasən demək olar ki, gələn il sənaye və tikinti xərclərinə 7 milyard (6 934 233.4 min manat) manata yaxın vəsaitin ayrılması proqnozlaşdırılıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən son iclasda deyib ki, 2013-cü ilin dövlət büdcəsi artıq formalaşıb. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaq. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə isə daha böyük –30 milyard dollardan da çox ola bilər:

«BU, ƏLBƏTTƏ Kİ, GÜCÜMÜZÜ GÖSTƏRİR»

«Bu, böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın. Xüsusilə İnvestisiya Proqramı tərtib edilsin».

Prezident deyir ki, Dövlət İnvestisiya Proqramının bu ilin sonunda qəbul edilməsi daha münasibdir.

Adətən Dövlət İnvestisiya Proqramı hər ilin əvvəlində - təxminən yanvarda qəbul edilir. Ondan sonra vaxt keçir, razılaşmalar aparılır. Təxminən fevralın sonuna yaxın artıq investisiyalar verilməyə başlayır. Prezident hesab edir ki, bununla vaxt itkisinə yol verilir.

Müstəqil iqtisadçı-ekspertlərin isə diqqətini hansı proqramın nə vaxt hazırlanmasından daha çox investisiya layihələrinə, xüsusilə də sənaye və tikinti xərclərinə ayrılan vəsaitlər çəkir. Belə ki, bu vəsaitlərin böyüklüyü ölkədəki makroiqtisadi göstəricilərə və inflyasiyaya təsir edir. Məsələyə yanaşmalarda fərqli məqamlar da var.

DÖVLƏT BÜDCƏSİNİN 70 FAİZİ HARA GEDİR?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, son illərdə Azərbaycanın dövlət büdcəsinin təxminən 70 faizi iki sahəyə ayrılır. Bunun təxminən 30-33 faizi sosial sahəyə (pensiya, ünvanlı sosial yardım və s.), qalan 35 faizə yaxını da investisiya layihələrinin həyata keçirilməsinə. Vahid Əhmədov

Vahid Əhmədov

Onun fikrincə, bu cür iri vəsaitlərin ayrılması, onların maliyyə bazarına buraxılması həmişə inflyasiyaya gətirib çıxarıdır:

«Əlbəttə ki, 20 milyard manatın 35 faizi 7 milyard manat edir. Əlbəttə, böyük vəsaitdir. Bu qədər vəsait Azərbaycanın maliyyə bazarına daxil olduqda müəyyən inflyasiya təzyiqləri yaradır. Amma bu işi şəffaf aparanda, ikili hesabatı kənara qoyub, vaxtlı-vaxtında normal hesabat aparanda, bu, o qədər də təsir edən deyil. Amma çox təəssüf ki, bizdə hələlik bu problemlər var».

Vahid Əhmədov hesab edir ki, bəzi tikinti layihələrinə vəsait ayrılması zəruridir. Çünki onların tikintisi hələ başa çatmayıb və bu iş davam edir. Deputat Bakı-Qars dəmiryolunu belə layihələrdən sayır. O deyir ki, bundan başqa, regionlarda səhiyyə ocaqlarının, məktəblərin tikintisi, yolların salınması yaddan çıxmamalıdır.

«BÜDCƏ İQTİSADİ MARAQLARA YOX, SİYASİ MƏQSƏDLƏRƏ XİDMƏT EDİR»

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, gələn il inşaat işlərinə bu illə nisbətən təqribən 19 faiz çox vəsait xərclənəcək. Onun fikrincə, dünyadakı iqtisadi böhranı, Azərbaycanda neft hasilatının azalmasını və ölkə iqtisadiyyatının neftdən asılılığını nəzərə alanda, deyilən istiqamətdə xərclərin belə kəskin şəkildə artması düzgün deyil. Natiq Cəfərli

Natiq Cəfərli

Natiq Cəfərli hesab edir ki, bu, populist bir addımdır və iqtisadi maraqlara yox, siyasi məqsədlərə xidmət edir. Çünki 2013-cü il ölkədə prezident seçkisi ilidir:

«Təmir-tikinti işlərinin aparılması idarəetmə modelində sosial gərginliyin azaldılması yollarından biridir. 10 minlərlə insanın bu yolla işə cəlb olunması, ordan maaş alması, rayonların, şəhərlərin gözəlləşdirilməsi həm siyasi reklam xarakterli aksiyalardır, həm də sosial gərginliyi azaldan addımdır».

Natiq Cəfərlinin fikrincə, tikinti işlərinə bu qədər vəsaitin ayrılmasına təkcə korrupsiya, pulların mənimsənilməsi yolu kimi baxmaq düz deyil. Deyir düzdür, orada korrupsiya halları da var. Amma təmir-tikinti işlərinin həcminin artmasının bir neçə səbəbi var və bunların əksəriyyəti siyasi mahiyyətli populist addımlardır.

Ekspertin qənaətincə, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığı getdikcə artır. Onun deməsinə görə, Neft Fondunun transferlərindən başqa, neft sektoruna xidmət edən sahələrdən gələn vergiləri nəzərə alanda, bəlli olur ki, dövlət büdcəsinin təqribən 80 faizdən çoxu neftdən asılıdır. O deyir ki, ümumilikdə ölkə əhalisindən götürülən gəlir vergisinin həcmi büdcədə cəmi 749 milyon manatdır. Amma inkişaf etmiş ölkələrdə bu rəqəm büdcənin 80 faizini təşkil edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG