Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:17
-

Oktyabrın 15-dən 16-na keçən gecə Rotterdamın Kunsthal muzeyində baş verən oğurluq hadisəsi dünya mediasının gündəmindən düşmür.

Media bu hadisəni son onilliklərin ən böyük oğurluğu hesab edir və 1990-cı ildə bir amerikan muzeyində (Isabella Stewart Gardner Museum) baş verən və hələ də tapılmayan oğurluqla bir cərgəyə qoyur.

Xatırladaq ki, həmin oğurluq hadisəsində cinayətkarlar 500 milyon dollar qiyməti olan 13 tablo aparmışdılar. Onların arasında Vermeer-in, Rembrandt-ın, Mane-nin, Deqanın (Edgar Degas) və b. şedevrləri vardı.

7 ƏSƏRİN QİYMƏTİ 130 MİLYON DOLLARDIR

Kunsthal muzeyindən isə 7 rəsm əsəri oğurlanıb. Rəsmlərin dəyəri 130 milyon dollar həndəvərindədir.

Agence France-Presse isə holland polisinə istinadla oğurluq əsərlərin siyahısını açıqlayıb.
Muzeydən bu əsərlərin oğurlandığı bildirilir:

Claude Monet-in oğurlanmış «Vaterloo körpüsü» əsəri

Claude Monet-in oğurlanmış «Vaterloo körpüsü» əsəri

Pablo Picasso-nun «Arlekinin başı» (1971), Claude Monet-in iki əsəri—«Vaterloo körpüsü» və «Çarinq-Kross körpüsü» (1901), Hanri Matisse-nin bir tablosu, L. Freud-in «Gözübağlı qadın» (2002), Paul Gaiguin-in «Açıq pəncərə önündəki qadın» (1898) və XIX əsr Holland rəngkarı Meijer de Haan-ın «Avtoportret» (1890) əsərləri.
Holland mətbuatı Anri Matiss-in oğurlanan tablosunun «Oxuyan qız» (1919) olduğunu üzə çıxarıb.

Polis oğurlanan əsərlərin içərisində Vincent van Gogh-un tablosu olduğu barədə xəbəri təkzib edib.

GECƏ SAAT 3-DƏ BAŞ VERƏN OĞURLUQ

Polisin verdiyi açıqlamada yaxşı planlaşdırılmış oğurluğun yerli vaxtla gecə saat 3-də baş tutduğu bildirilir.

Muzeydə siqnalizasiya işə düşüb, amma nəzarətçilər və polis gələnədək oğrular aradan çıxa biliblər.

Dutch News portalı xəbər verir ki, cinayəti 25 detektiv araşdırır. Bu qədər detektivin ancaq ölüm cinayətində bir araya gəldiyi xəbər verilir.

Xatırladaq ki, Kunsthal muzeyinin öz kolleksiyası və daimi ekspozisiyası yoxdur.

MUZEYİN GÜNAHI

Polis araşdırma aparır

Polis araşdırma aparır

Oğurlanan rəsmlər oktyabrın 7-də açılan «Avanqard» sərgisindəndir.

Muzey bu əsərləri şəxsi kolleksiyadan götürüb sərgiləyirmiş.

Muzeyin 20 illiyinə həsr olunmuş sərgidə XIX və XX əsrlərdə yaşayıb yaratmış fırça ustalarının 150-yə yaxın əsəri nümayiş olunurdu.

Oğrular onlardan ancaq 7-ni apara bilib.

Kunsthal muzeyi hadisənin ertəsi günü bağlanıb.

Dutch News portalı oğurluğa muzeyin binasının da şərait yaratdığını vurğulayıb.

Deyilənə görə, 1992-ci ildə məşhur holland arxitektoru Remment Koolhaas tərəfindən tikilmiş muzeyin içində arakəsmələr yoxdur.

Odur ki, içəri girən adam bütün əsərləri qarşısında görür...

Günün bütün mövzuları

XS
SM
MD
LG