Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Azərbaycan həbsxanaları azadlıqdan necə görünür?.. [Video]


Azərbaycan həbsxanalarında vəziyyət: fərqli fikirlər
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00
-
«Təsəvvür edin ki, qışdır, möhkəm qar yağır. Siz isə buz kimi betonlaşmış bir yerdə qalırsız. Yuxuya getsəz, daxili orqanlarınız sıradan çıxa bilər. Bütün gecəni hərəkət etməlisən ki, yuxuya getməyəsən. Mən 7 sutka gecə yatmamışam. Tam 7 gün...».

Eynulla Fətullayev həbsdə olarkən başına gələnlərdən danışır. Amma dərhal əlavə edir ki, həbsxanalarda əvvəllər mövcud olan belə hallar artıq tarixdə qalıb. O, sədri olduğu «İnsan Hüquqları Uğrunda Hərəkat»ın 2011-2012-ci illərdə həbsxanalarda apardığı monitorinq zamanı bu qənaətə gəlib. Eynulla Fətullayevin fikrincə, Azərbaycan həbsxanaları Avropa standartlarına uyğunlaşır:

«3 yeni inşa olunmuş təcridxananı buna misal göstərə bilərəm. Bakı İstintaq Təcridxanası, Naxçıvanda və Şəkidə inşa olunmuş cəzaçəkmə müəssisələri. Mən Azərbaycanda mövcud olan cəzaçəkmə müəssisələrinin hamısında monitorinq aparmışam. Hətta sovetlər dönəmindən qalan istifadəsi keçmiş cəzaçəkmə müəssisələrində belə Avropa standartları olmasa da, ona yaxın bir şərait yaradılıb».

AZƏRBAYCAN HƏBSXANALARININ MUZEYƏ BƏNZƏDİLMƏSİ...

Oktyabrın 18-də həbsxanalarda məhbusların saxlanma şəraiti, siyasi və vicdan məhbusları ilə davranışın tədqiqi məqsədilə aparılan monitorinqin nəticələri müzakirə olunub. Konfransda iştirakçılara bəzi cəzaçəkmə müəssisələrindən fotoşəkillər təqdim edilib. Səliqəli və yenicə təmirdən çıxan karserlər, yeməkxana, baraklara tamaşa edəndən sonra sabiq deputat Pənah Hüseyn bu fotoda əks olunanları muzeyə bənzətdi. Bildirdi ki, bu cür nümunəvi otaqlar yerli və beynəlxalq təşkilatların nümayəndələrinə nümayiş olunmaq üçündür:

«İqbal Ağazadə ilə məni belə bir nümunəvi otaqda saxlayırdılar. Avropa Şurasından gələnlərə də oranı göstərirdilər. Başqa məhbuslar heç bu otaqların üzünü də görəməzdi. Onlar əsl karserlərdə saxlanılırdılar. Hansı ki tamam fərqli idi. Harada ki, məhbuslar döyülürdü, incidilirdi. Bu nümunəvi otaqları muzeyə bənzətmək də olar. Gələn-gedən bura tamaşa edib gedirdi».

Elçin Behbudov
Elçin Behbudov
«ŞİKAYƏT EDƏNLƏR İNCİDİLİR»

İşgəncələrə qarşı Azərbaycan Komitəsinə penitensiar müəssisələrdə qeyri-insani rəftar, işgəncələrlə bağlı xeyli sayda müraciətlər daxil olur. Komitənin rəhbəri Elçin Behbudov bu müraciətləri araşdıra bilmədiklərini deyir:

«Bu müraciətləri gedib yerində araşdırmaq üçün imkan yaradılmır. Əksinə, şikayətçi olan məhbuslar karserlərə salınıb işgəncələrə məruz qalırlar, incidilirlər ki, niyə şikayət ediblər. Penitensiar müəssisələrdə bu gün işgəncə faktları da, qeyri-insani rəftar da var».

«İŞGƏNCƏLƏR AZALIB»

Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov da penitensiar müəssisələrdə işgəncə hallarının olduğunu inkar etmir. Lakin bildirir ki, əsas məsələ ötən dövrlərlə müqayisədə bu cür halların azalmasıdır:

«Elə bir cəmiyyət, elə bir dövlət yoxdur ki, orada işgəncə halları olmasın. Cəmiyyəti isə narahat edən əsas məsələ bu halların artması və ya azalmasıdır.
Vüqar Məhərrəmov
Vüqar Məhərrəmov
Bizim cəzaçəkmə müəssisələrinə baş çəkmələrimiz nəticəsində işgəncə hallarının azadlığı müəyyənləşdirilib».

Müzakirələrdə məhbuslarla tez-tez təmasda olan vəkillər də həbsxanalarda rastlaşdıqları vəziyyət haqda danışıblar. Vəkil Aslan İsmayılov əsas diqqəti məhbusların tibbi yardım məsələsinə yönəldib. Anar Qasımov isə məhbuslara müxalifət qəzetlərinin verilməməsi, vəkillər üçün texniki bazaların yaradılmamasından danışıb. O, ən böyük problem kimi orderləri olduğu halda belə, məhbusla görüşə icazə verilməməsini vurğulayıb:

«Vəkillər orderi təqdim etməklə yanaşı, bir də müstəntiqdən və ya prokurordan arayış almalıdır. Vəkil olduğumuzu ikinci dəfə yenidən təsdiq etdirirlər».

Elnur Məcidli
Elnur Məcidli
«HƏLƏ DƏ ANLAYA BİLMƏDİM Kİ...»

2 Aprel aksiyasına görə həbs edilən və bir neçə ay öncə azadlığa çıxan AXCP üzvü Elnur Məcidli isə bildirdi ki, həbsxanada vəziyyət dözülməzdir:

«Mən həbs müddətimin ilk 5 ayını 17 saylı cəzaçəkmə müəssisəsində keçirdim. Hələ də anlaya bilmədim ki, bu cəzaçəkmə müəssisəsi ümumi rejimlidir, yoxsa ciddi rejimli».

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə bildirdi ki, «Ədliyyə orqanlarının inkişafına dair» Dövlət Proqramı çərçivəsində bu sahədə xeyli işlər görülüb və
Mehman Sadıqov
Mehman Sadıqov
görülür:

«Azərbaycandakı cəzaçəkmə müəssisələrinin əksəriyyəti SSRİ vaxtında inşa olunub. Hətta elələri var ki, SSRİ-dən əvvəl inşa olunub. Desək ki, məhbusların saxlanma şəraiti bizi tam qane edir yalan danışmış olarıq».

Mehman Sadıqov məhbusların işsizlik problemi, regionlarda yeni cəzaçəkmə müəssisələrinin inşası kimi məsələlərin prioritet olduğunu bildirdi.

DEPUTATIN ŞİKAYƏTİ...

Deputat Fazil Qəzənfəroğlu isə Azərbaycan həbsxanalarında daha geniş monitorinqlərə ehtiyac olduğunu düşünür:

«Ötən dəfə Milli Məclis qanunvericiliyə bir dəyişiklik etdi. Ombudsman Aparatının işçilərinə imkan tanındı ki, birbaşa, xəbərdarlıqsız həbsxanalara baş çəkə bilsinlər. Amma Milli Məclisin üzvlərinə bu səlahiyyət verilmir. Millət vəkilinin icazə almadan, xəbərdarlıqsız hər hansı cəzaçəkmə müəssisəsinə gedə bilməz».

Fazil Qəzənfəroğlunun fikrincə, həbsxanalar daha açıq, daha şəffaf olmalıdır.
XS
SM
MD
LG