Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

İrana gedənlərin gömrükdən şikayətləri bitmir...


Astara gömrüyü
Astara gömrüyü
-
- Şəkər xəstəsiyəm. İrana müalicəyə getmək istəyirəm. Bakıda müalicəyə, dərmana 200-300 manat pul lazım olur. Pulum olmadığı üçün İrana gedirəm. Məndən başqa 15-dək adam var eyni problemi yaşayan. Astara gömrüyündə pasportlarımızı alıb 3 saat bizi gözlədəndən sonra sənədlərimizi özümüzə qaytarıblar ki, getmək olmaz. Halbuki burada 30-dək İran vətəndaşı da var idi, onları bizdən ayırıb sərhəddən buraxdılar. Öz millətini bu qədər aşağılamaq olmaz axı.

Bu, Bakı sakini Həsən Qarayevin İranla sərhədin Astara keçid məntəqəsindən dedikləri idi. Onun dediyinə görə, Astara gömrüyündə bir qrup adamı məntəqəyə dəvət etsələr də, sonra bayıra çıxardıb sərhədi keçmələrinə icazə verməyiblər.

«BİZ BƏXTƏVƏRLİKDƏN GETMİRİK»

Oktyabrın 17-də İrana getmək istəyən bir qrup Azərbaycan vətəndaşı AzadlıqRadiosuna bildirib ki, gömrük işçilərinin özbaşınalığı ucbatından sərhədi vaxtında keçə bilməyiblər:

- Mən Əşrəf Hüseynovam. Lənkəran şəhər sakiniyəm. Şəkər xəstəsi, nevrozam. Müalicəyə getmək istəyirəm. Saat 18-də bizi İrana buraxmalı idilər. 17:30-da içəridən dedilər ki, azərbaycanlıları buraxmayın məntəqəyə. Biz axı yolpulu vermişik. Səhərdən gözləyirik. Bu ayrı-seçkilik nəyə lazım? Biz bəxtəvərlikdən getmirik. Xəstəyik, iş tapa bilmirik. Ucuz bir şey alıb gətirməyə də qoymurlar. Bir toyuğu da buraxmırlar bu tərəfə. Alıb özlərinə götürürlər.

Astara gömrüyü
Astara gömrüyü
«DEDİLƏR Kİ, İRANLILAR KEÇİR, SİZ QALIRSINIZ»

- Mən Təranə Yusifovayam. Dərman almağa gedirdim, xəstəyəm. Saat 14-dən burada dayanmışıq. Dəmir qapını açmırlar ki, içəri keçək. 17:30-da bizi içəri buraxdılar. Pasportları yığdılar. Amma sonra dedilər ki, iranlılar keçir, siz qalırsınız. Gömrük bağlandı. İnsan öz millətinə belə edər heç? İndi biz burada gecələməliyik ki, səhər açılanda İrana keçək.

- Mən Səlimə Mehdiyevayam. Evə qayıda bilmərik, yolumuz uzaqdır. Maşınımız da yoxdur. Burada qalmalıyıq.

Şikayətçilər iddia edirlər ki, gömrükçülər onları rüşvət vermədikləri üçün İrana buraxmayıblar.

RƏSMİ İZAHAT...

Astara gömrüyündən isə AzadlıqRadiosuna bildiriblər ki, doğrudan da oktyabrın 17-də bir qrup Azərbaycan vətəndaşı İrana keçə bilməyib. Amma bu, onların dediyi kimi, gömrükçülərin və ya sərhədçilərin hansısa qeyri-qanuni maraqları ucbatından baş verməyib.
Astara gömrüyü
Astara gömrüyü
Sadəcə, İranla Azərbaycan arasında olan razılaşmaya görə, vətəndaşlar saat 18-dək qonşu ölkəyə keçə bilərlər. Astara gömrüyündən bildirilməsinə görə, 18-dən sonra İran tərəfi yalnız öz vətəndaşlarını qəbul edir. Azərbaycan vətəndaşları üçün giriş o tərəfdən dayandırılır. Astara gömrüyü həmçinin qeyd edir ki, İrana gedənlər arasında çox xəstə kimsə olsa, qonşu ölkənin müvafiq strukturundan xahiş edərək həmin şəxsin o tərəfə keçməsinə yardımçı olurlar. Amma deyilənə görə, bunu hamı üçün etmək mümkün deyil.

Üstəlik, kiməsə fərq qoyulması da mümkün deyil. Astara gömrüyündən verilən məlumata görə, oktyabrın 17-də onlardan İrana piyada xətti ilə 454 adam gedib, 522 nəfər isə Azərbaycana gəlib. Həmin gün ümumilikdə gedənlərin sayı 734, gələnlərinki isə 868 nəfər olub.

AzadlıqRadiosunun bölgə müxbiri deyir ki, bir qrup Azərbaycan vətəndaşının İrana keçə bilmədiyi üçün narazılıq etdiyini ərazidəki polis də təsdiqləyib.

Yerli sakinlər isə deyirlər ki, keçid məntəqəsində gömrükçülərlə sərhəd xidməti arasında çəkişmə var. Buna görə də, bəzən onların arasında anlaşılmazlıqlar olur. Bunun ziyanı isə gecəni orada qalıb əlavə pul xərcləməli olan sadə vətəndaşlar çəkirlər.
XS
SM
MD
LG