Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28
- «Mən o qədər də həyəcanlanan insan deyiləm. Ona görə sakitcə oturub gözləyirdim ki, mənim adımı çəksinlər. Çağırdılar, getdim mükafatımı aldım». Rəssam Törə Ağabəyova «Altun Portağal» mükafatını necə almasından danışır.

KÜNCƏ YIĞIŞDIRANLARIN, ÇARƏSİZLƏRİN FİLMİ

Törə Ağabəyova Azərbaycandan Antalya «Altun Portağal» Film Festivalının mükafatını alan ilk sənətçidir.

«Altun Portağal» 1963-cü ildən Türkiyədə keçirilir və bu ölkənin ən nüfuzlu film festivalı sayılır. Bu il Erdem Tepegözün «Zərrə» filmi festivalın baş mükafatını alıb, ən yaxşı film kimi qalib olub. Münsiflərin qənaətincə, Erdem Tepegözün «Zərrə»si bu mükafata ona görə layiqdir ki, təşkilatlanmamış, küncə sığışdırılmış, çarəsiz hala salınan dilsiz-ağızsız çoxluğun dərdini güclü biçimdə hiss etdirə bilib. Törə Ağabəyova da həmin filmdə quruluşçu rəssam kimi çalışıb. Ən yaxşı film rəssamı kimi «Altun Portağal»a layiq görülüb.

Törə Ağabəyova deyir ki, mükafatı alacağı ona sirr deyilmiş:

Zərrə filminin çəkilişi zamanı

Zərrə filminin çəkilişi zamanı

Film çəkiləndən sonra rejissor da, operator da deyirdi ki, görüntü gözəldir, məkanlar gözəldir. Onlar zarafatla deyirdilər ki, sən mütləq mükafat alacaqsan. Mən mükafat almağa hazır idim, əslində ora gedirdim mükafatımı alım, qayıdım.

«BU AĞIR FİLMDİR»

Münsiflərə görə, Törə Ağabəyova hər gün üz-üzə gəldiyimiz dünyanı daha sərt və qavranılan şəkildə göstərdiyi üçün mükafatlandırılıb. Törə Ağabəyova özü isə belə deyir:

- Mən gündəlik həyatımızı olduğu kimi göstərdim. Çünki həyatın çox aspektləri var, kiminsə həyatı çox rəngarəngdir, kiminsə həyatı bozdur, kimsə dəhşətdə yaşayır. Bu ağır filmdir. Qəhrəman iş tapa bilməyən qadındır, onun yaşadığı evi sökürlər. O, pul tapmalıdır, bütün günü iş axtarır. Biz onun həyatını 10 gün içində kamera ilə müşayiət edirik. Onun çətin həyatını ağır məkanlarla göstərmək istəyirdik.

Törə Ağabəyova Dövlət İncəsənət Akademiyasında təsviri incəsənət üzrə magistr pilləsini bitirib. Bir müddət animasiya üzrə çalışıb, video-artla məşğul olub. Sonra atası Mais Ağabəyov kimi kino rəssamı olmağı sınayıb. Böyük kinoda ilk təcrübəsi «Absurdistan»dır. Onu Almaniya kinematoqrafçıları ərsəyə gətirib. «Absurdistan» filminin dekoratoru Törə Ağabəyova olub. Bu film məhz ən yaxşı dekorator işinə görə «Lola German Film Award 2008» mükafatına layiq görülüb.

- Film Lahıcda çəkilib. İki ay orda qaldıq. Çox işlədik. Filmdə məkan da çox idi, hadisələr də, onu 2 aya çəkmək çətin idi. Çox yorulurduq. Əslində orda işləməyə şad oldum, o mənim üçün məktəb idi. Çünki mən kinonu məktəbdə öyrənməmişəm. İnstitutu rəngkar kimi bitirmişəm.

Törə Ağabəyova

Törə Ağabəyova

- Törə, filmdən danışanda dərhal hamının yadına rejissor düşür, aktyor, ssenarist gəlir. Bəs rəssam filmin uğurlu alınmasında nə qədər mühüm rol oynayır?

- Rəssamdan çox şey asılıdır. Məsələn, götürək çox büdcəli Hollivud filmlərini, misal üçün «Titanik», hekayəsi heç nə olsaydı belə, təkcə o məkanlara, görüntülərə görə mükafat alardı. Yəni rəssam çox vacibdir filmdə, filmə atmosfer vermək lazımdır. Mizanları müəyyənləşdirir, kim hardan girir, çıxır, burda qapı olsunmu ya yox...

MELİSSA PAPEL REJİSSORA MƏSLƏHƏT GÖRÜB

- Necə oldu ki, bu filmə dəvət aldınız? «Zərrə» filminin rejissoru ilə tanışlığın varıydımı, ya təsadüfən alındı?

- Biz Nərimanfilmdə «Sahə» filmini çəkirdik, baş rolda filmdə yarı fransız, yarı türk aktrisa Melissa Papel oynayırdı. Çəkilişlərdən sonra da biz dost qaldıq, yazışırdıq. O rejissora məsləhət görüb ki, belə rəssam var. «Sahə» filminin görüntüsü yaxşı alınıb. Onlar da baxıblar başqa işlərimə və dəvət ediblər.

- Necə olur ki, sizin rəssamı olduğunuz filmlər mükafatlar alır? «Sahə» də müəyyən uğurlar qazanmışdı, indi «Zərrə»... Yəqin bunda sizin də payınız var?

- İşimi görürəm, çalışıram necə gəldi etməyim. Məsuliyyətlə yanaşmağa çalışıram.

«KİMSƏ ÖZ NAĞILINI YAŞAYIR»

Törə Ağabəyova Türkiyə və Azərbaycan filmlərini müqayisə edir. O, deyir ki, Türkiyədə qadın azadlığına, stereotiplərə, mühafizəkar ailə sisteminə daha çox diqqət yetirirlər, Azərbaycanda isə müharibə filmi öndədir. Bu yaxşıdır, ya pis heç nə demir. Bircə onu deyir ki, başqa mövzularda da ssenarilər var, ancaq indi müharibə filmləri aktualdır.

Törə Ağabəyovanın dediyinə görə, artıq onu bir neçə xarici filmə və yerli seriallara dəvət ediblər. Amma o seriallara birmənalı şəkildə yox deyir: «Deyirəm ki, çağırmayın, məni seriallara təklif də etməyin».

- Azərbaycanda hansı filmin rəssamı olmaq istərdiz?

- Nağıl. Mütləq istəyirəm nağıl filmində işləyim. Qeyri-real olsun, qəşəng olsun. Hər insanda bir nağıl var. Kimsə gizlədir, kimsə öz nağılını yaşayır.

- Bir həftədir qonaq otağındakı masada özünə yer edən mükafata baxaraq soruşuram: «Ağırdımı?» Gülərək deyir:

- 3-4 kilo olar. İnsanlar zərrə kimdir. Sən yaşayırsan, problemlərin yığılır üst-üstə və sən elə bilirsən ki, dünyanın ağırlığı sənin çiynindədir. Ancaq uzaqdan baxanda görürsən sənin kimi minlər, milyonlar var.

- O yanaşma ilə Yer üzündə 7 milyard zərrə var. O zərrələrin içində fərqlənmək uğurdur. Və artıq siz 2 uğura imza atdız. Təbriklər.

- Sağ olun.

Şərhləri göstər

XS
SM
MD
LG