Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:48

Obama ilə Romney arasında ikinci debat olub


ABŞ prezidentliyinə namizədlər - indiki prezident Barack Obama ilə respublikaçıların namizədi Mitt Romney arasında maraqla gözlənilən ikinci debat New Yorkda olub.

Hofstra Universitetində keçirilən debatda prezidentliyə namizədlər işsizlik, vergi, enerji və iqtisadi siyasətdən danışıblar.

Prezident Barack Obama rəqibi Mitt Romneyi varlıların və neft şirkətlərinin maraqlarına xidmət etməkdə ittiham edib. Romney isə onu işsizlərin sayının artmasına gətirib çıxaran iqtisadi siyasətinə görə tənqid edib.

Debatda xarici siyasət məsələləri, o cümlədən Livanın Benqazi şəhərində ABŞ konsulluğuna edilən hücum, ABŞ səfirinin və daha 3 diplomatın ölümü namizədlərin mübahisəsinə səbəb olub.

Romney Obamanı həmin hücumun terror hücumu olmasını qəbul etməsi üçün iki həftə gözləməkdə ittiham edib. Obama isə hücumdan dərhal sonra Ağ Evdə verdiyi açıqlamada hücumu terror kimi qiymətləndirdiyini, cavabdehlərin tapılması üçün göstəriş verdiyini xatırlatdı. Obama bildirib ki, ABŞ diplomatlarının təhlükəsizliyinin təmin olunması üçün cavabdehlik daşıyır. Romney isə deyib ki, həmin hücum Obamanın Yaxın Şərq siyasətinin uğursuzluğunu göstərib. O uğursuz xarici siyasətə misal kimi Suriya və İranı göstərib. Obama isə xarici siyasət sahəsində verdiyi vədləri yerinə yetirdiyini, ABŞ-ın İraqdan çıxdığını, Osana bin Ladenin ələ keçirildiyini vurğulayıb.

Obama ilə Romneyin mübahisəsinə səbəb sahələrdən biri də enerji siyasəti və iqtisadiyyat olub. Obama dörd il əvvəl iqtisadiyyatın çox ağır vəziyyətdə olduğunu, buna baxmayaraq işsizlik və vergilər sahəsində verilən vədlərin böyük hissəsini yerinə yetirdiyini bildirib.

Üçüncü debat oktyabrın 22-də Floridada keçiriləcək. ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG