Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:41

Goradildəki bağ sahələrinin sakinləri narazıdırlar


Foto: Arxiv
Foto: Arxiv
-
Bakı sakini Aqşin Cəfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə Goradildəki bağların hasarlarının qanunsuz sökülməsindən şikayət edib. Deyir ki, 6 aydan çoxdur ki, bağ sahələrinin hasarlar sökülüb. Buna görə bağ sahiblərinə kompensasiya ödənilməyib:

«35 ildir bu bağda yaşayıram, yayı da, qışı da burda keçirdirəm. Bağımın sənədləri də qaydasındadır. «Azərsu» gəlib hasarın böyük hissəsini uçurdub. «Kupça»nı göstərdim, dedim a kişi, neynirsiz, mənim sənədli-sübutlu sahəmdir. Dedilər evi sökmürük ki, hasarı sökürük. Hər yerə yazmışam, şikayəti oxuyan yoxdur».

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzadlıqRadiosuna bildirib ki, «Azərsu» Ceyranbatan su anbarından Maştağa su anbarına gedən iki su kəməri boyunca söküntü işləri aparır. Məqsəd su kəmərlərinin keçdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görməkdir. Söküntü işləri Bakının Novxanı, Goradil, Saray, Maştağa qəsəbələri ərazisində aparılıb. Kompensasiya yalnız bütün sənədləri tam qaydasında olan evlərə şamil edilə bilər.

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, məhkəmə qərarı olmadan mülkiyyətçiyə məxsus mülkün bir daşını da yerindən tərpətmək olmaz:

«İstər hasar olsun, istər ev, qanunidirsə, sökülə bilməz. Mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Buna görə bağ sahibləri məhkəməyə müraciət etməlidirlər. Cavabdeh kimi «Azərsu» ASC-ni göstərməlidirlər. Mülkiyyətçilərə sökdükləri bir daşa görə də kompensasiya verilməlidir».

Bağ sahibi Aqşin Cəfərov isə deyir ki, sənədləri qaydasında olsa da, buna məhəl qoyan olmayıb. Artıq neçə aydır ki, hasarı uçurublar. İndi o, kompensasiya tələbi ilə məhkəməyə müraciət etməyi düşünür.
XS
SM
MD
LG