Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:38
-

Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

FHN-in mətbuat xidmətinin məlumatına görə, oktyabrın 14-də, saat 15:13-də Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7 bal təşkil edib. Zaqatala və Balakən rayonlarında zəlzələ 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5-3 bala qədər hiss olunub.

Həmin gün saat 20:40-da Zaqatala rayonundan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində qeydə alınan ikinci zəlzələdə yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 5 bal təşkil edib. Balakən və Zaqatala rayonlarında zəlzələ 4 bala qədər hiss olunub.

ZƏLZƏLƏDƏ BİR NƏFƏR ÖLÜB

Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb.

Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev məlumat verib.

Onun sözlərinə görə, zəlzələ baş verən zaman yıxılaraq kəllə-beyin travması alan Kortala kənd sakini, 1936-cı il təvəllüdlü Zinədova Xacabanu Məhəmməd qızı xəstəxanaya yerləşdirilib. O, gecə vəfat edib.

H. Nuriyev həmçinin qeyd edib ki, ötən gün baş verən zəlzələdən sonra 40 çağırış olub, 5 nəfər isə xəstəxanaya müraciət edib. Həmin şəxslərin əksəriyyəti qorxu və həyəcandan stress keçiriblər.

Ötən gün Azərbaycanın şimal-qərb bölgəsində bir-birinin ardınca bir neçə zəlzələ baş verib. Zəlzələ Balakən və Zaqatalada daha çox hiss olunub. Balakən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təkanları güclü olub, əhali evlərindən və iş yerlərindən çıxıb. İH-dən onu da bildiriblər ki, təkanlar nəticəsində tikintilərdə müəyyən dağıntıların olması barədə məlumat daxil olub.

Respublika Seysmoloji Xidmət Mərkəzi ötən gün ərzində Azərbaycanın şimal-qərb bölgəsində altı təkanın qeydə alınması barədə məlumat yayıb.

ZƏLZƏLƏDƏ XƏSARƏT ALANLAR VAR

Zəlzələ nəticəsində Balakən rayonunda xəsarət alanlar var. Ölən olmayıb. Bu barədə AzadlıqRadiosuna Balakən rayon mərkəzi xəstəxanasının baş həkimi Hacı Ömər məlumat verib:
"Yüngül xəsarət alan 5 nəfər xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstəriləndən sonra hamısı evə buraxılıb. Bundan başqa təcili yardım xidmətinə də 20 nəfər tərəfindən müraciət olunub. Onların da hamısına baş çəkilib tibbi yardım göstərilib. Həmin adamlar xəsarət almayıb, sadəcə xəstə yatan adamlardı. Hadisə baş verəndə səhhətlərində müəyyən problemlər yaranıb. Ölüm hadisəsi olmayıb".
Oktyabrın 14-ü Azərbaycanın Gürcüstanla sərhəd şimal-qərb bölgəsində bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb. Dağıntıların və bir çox tikililərdə çatlar əmələ gəldiyi bildirilir. Balakən rayonundan aldığımız məlumata görə, hazırda Fövqəadə Hallar Nazirliyinin mütəxəsisləri ərazidə iş aparırlar.

AZƏRBAYCANIN ŞİMAL- QƏRB BÖLGƏSİNDƏ ZƏLZƏLƏ OLUB

Respublika Seysmoloji Mərkəzin yaydığı məlumata görə, oktyabrın 14-ü saat 15:13 radələrində Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Dağıntı və insan təlafatı barədə məlumat verilmir.
Balakən rayon sakinlərinin Azadlıqradiosuna verdiyi məlumata görə, şəhərdə və ətraf kəndlərdə tikililərdə iri çatlar əmələ gəlib, bəzi yerlərdə dağıntılar da var.
Bir neçə saniyə davam edən zəlzələdən sonra adamların evlərini tərk etdiyi bildirilir.
Bundan əvvəl həmin ərazidə oktyabrın 13-ü yerli vaxtla saat 23:44-də zəlzələ qeydə alınıb. Zəlzələ Balakən, Zaqatalada 4 bal; Mingəçevir, Gəncə, Şəkidə 3 bala qədər hiss olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG