Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:37

Naxçıvanda əlillərin təqaüdü azaldılıb


Naxçıvan
Naxçıvan
-

Sentyabr ayından Naxçıvanda əlillərə verilən təqaüdlər aşağı salınıb. Bu haqda AzadlıqRadiosuna bir qrup yerli sakin məlumat verib. Onların bildirdiyinə görə, bu məsələdən ən çox şəhid ailələri və müharibə veteranları ziyan çəkir.

Babək rayon sakini Elçin Nağıyev müharibə əlilliyinə görə 2004-cü ildən təqaüd alır. Deyir aldığı təqaüdün artacağını ümidlə gözlədiyi halda bunun əksi ilə qarşılaşıb:

«Vətəni qoruyarkən güllə yarası almışam, 8 ildi ki, yataq xəstəsiyəm. Mən 175 manat alırdım, 45-ni kəsiblər, qalıb 130-u. Çox maraqlıdır ki, niyə kəsiblər. Təkcə mən deyiləm. Muxtar respublikada bütün əlilliyə görə təqaüdə çıxanların hamısından kəsiblər. Nə məsələdir, bilinmir. Babək rayon Sosial Müdafiə Fonduna dəfələrlə müraciət etmişik, deyirlər, sizə verilən kommunal pulunu kəsmişik. Kəsiblərsə, o zaman bizdən işıqpulu, qazpulu almasınlar. 2-ci qrup əlil olan atamdan da 10 manat kəsiblər. 5 ildi mənim pensiyam 1 manat da artmayıb. Bir gündə birdən birə 45 manat kəsdilər. Bu da müharibə veteranına qoyulan hörmət».

BÜDCƏ ƏLİL TƏQAÜDÜ İLƏ DOLDURULUR?

Çernobl əlili Əli Ələkbərli də təqaüdünün azaldığını deyir:

«286 manat alırdım, indi olub 276. Hərə bir şey deyir. Dəqiq bilinmir nəyə görədir. Əmək və Sosial Müdafiə Nazirliyinə getdik. Nazir dedi ki, vaxtilə çox pul ayrılıb büdcədən, kəsir yaranıb. Həmin kəsiri aradan qaldırmaq üçün bizim təqaüdləri aşağı salıblar. Zərərləri var, bunu da bizdən çıxırlar. Deyirlər ki, niyə narahat olursuz? Onsuz da nə vaxtsa artacaq pensiyalar».

«GÖSTƏRİŞ BAKIDAN GƏLİB»

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyində faktı təsdiqləyirlər. Lakin bildirilər ki, təqaüdlərin aşağı salınması nazirliyin yox, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilib:

«Həmin pul əmək pensiyası hüququ olanlardan tutulur. Ona da DSMF baxır. Pulu onlar tuturlar. Biz isə əmək pensiyası hüququ olmayanlara baxırıq».

Babək rayon Sosial Müdafiə Şöbəsinin rəisi Natiq Əliyev isə təqaüdlərin aşağı salınması haqda göstərişinin Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan gəldiyini deyir:

«Şəhid ailələri və müharibə veteranlarının təqaüdü 1-ci və 2-ci qrup əlillərin təqaüdləri 45 manat aşağı salınıb. Həmin şəxslərə nəqliyyat və kommunal xərclər verilirdi. Aşağı salınan həmin məbləğdi. Bakıdan rəsmi məktub gəldi, DSMF rəhbəri Səlim Müslümovun məktubu ilə dayandırıldı».

DSMF ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev deyir əmək pensiyası alan şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilmir.

YOXLAMALARDAN SONRA BAŞ VERƏN PROSES

Onun sözlərinə görə, fondun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentində aparılan yoxlama prosesində artıq hesablanma aşkarlanıb və həmin səhv aradan qaldırılıb.

Elman Babayev Naxçıvanda əlillərin təqaüdlərinin aşağı salınmasını da həmin yoxlamaların nəticəsi ola biləcəyini deyir.

EKSPERT MÖVQEYİ: «BU TAM QANUNSUZ BİR ADDIMDIR»

İqtisadçı ekspert Zöhrab İsmayıl isə əlillərin təqaüdlərinin aşağı salınmasını qanuna zidd hal sayır:

«Müharibə əlilləri, şəhid ailələri, 1-ci və 2-ci qrup əlillər üçün kommunal xərclər nəzərdə tutulmayıb ki, onu da kəssinlər. Nəzərdə tutulsa belə, həmin xərclər ayrıca ödənilməlidir. Bunun təqaüdə nə dəxli var? Bu tam qanunsuz bir addımdır. Azərbaycandakı qanunlar bütün rayonlar kimi Naxçıvana da şamil edilir. Görünür onların öz qanunları, öz qaydaları var».
XS
SM
MD
LG