Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26

İcra hakimiyyətlərinin interneti


Rayon icra hakimiyyətlərinin internet səhifələri necə işləyir, bu səhifələrə girənlər rayon haqqında hansı məlumatları əldə edə bilir?

İlk baxdığımız ünvan Bərdə rayon icra hakimiyyətinin internet səhifəsi oldu. Sonuncu dəfə sayt 2011-ci il yanvarın 20-də dəyişib.

«DEYƏRİK ONLARIN ÜZƏRİNDƏ İŞLƏYƏRLƏR»

Sabirabad rayon icra hakimiyyətinin internet səhifəsindəki son dəyişiklik 2012-ci il iyulun 1-də olub. Həmin tarixdə səhifəyə qoyulan son məlumat ikinci dünya müharibəsində iştirak edən Azərbaycanın 223-cü diviziyasının yeganə sağ qalan üzvü Zülfəli Əliyevin 90 illik yubileyi ilə bağlı xəbərdir. Bundan sonra səhifədə heç bir yenilənmə olmayıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov problemi müxtəlif səbəblərlə izah edir.

Bərdə rayon icra hakimiyyətinin internet səhifəsi
Bərdə rayon icra hakimiyyətinin internet səhifəsi
- Hər halda rayondur, deyim ki, gündə tədbirlərimiz artıqlaması ilə olur, elə deyil. Ancaq mütəmadi sayt işlədilir.

- Həsən müəllim, icra hakimiyyətinin internet səhifəsinə sonuncu dəfə iyulun 1-də xəbər qoyulub.

- Bəli, Serbiyanın səfiri də gəlmişdi o tədbirə.

- Amma ondan sonra heç bir xəbər qoyulmayıb. İnformasiya olmayıb, yoxsa tədbir olmayıb?

- Yox, niyə ki, sentyabrın 15-də 5 məktəbin, bundan bir gün əvvəl isə 15 çarpayılıq Quruzma kənd xəstəxanasının açılışı olub. Yolunuz düşsə bu gün rayonda abadlıq, quruculuq işləri gedir.

- Bəs həmin məlumatlar səhifəyə niyə qoyulmayıb ki?

- İnşallah deyərik onların üzərində işləyərlər...

«İCRA HAKİMİYYƏTİNİN QABAĞINDAN ÜZÜ «TALKUÇKA»YA QƏDƏR GƏZİN BAXIN»

Uzaq bölgələrdən sonra nümunə kimi paytaxtdakı rayonlardan birinə Sabunçu rayon icra hakimiyyətinin səhifəsinə nəzər salırıq. Son xəbər sentyabrın 15-i dərs ilinin başlanması ilə bağlıdır. Rayon icra hakimiyyətindən deyirlər ki, işlər görüldükcə, tədbirlər keçirildikcə səhifəni yeniləyirlər. Kadrlar şöbəsinin əməkdaşı olduğunu deyən , amma adının çəkilməsini istəməyən həmsöhbətim saytda xəbər axtarmaqdansa bizə rayona baş çəkməyi məsləhət görür.

«AzadlıqRadiosu olaraq siz gəlin, icra hakimiyyətinin qabağından üzü «talkuçka»ya qədər gəzin baxın. Hər şeyi də reklam eləmək olmur axı. Görün hansı işlər görülür».

1 FAZİLİK AÇIQLIQ

Osman Gündüz
Osman Gündüz
«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə internet əsrində bu cür yanaşmanı məqbul saymır. İcra hakimiyyətlərinin internet saytları ilə bağlı monitorinqi yenicə başa vurduqlarını bildirən Mərkəz rəhbəri nəticələri ürəkaçan saymır.

«Qanunda nəzərdə tutulan informasiyalar var ki, onun cəmi 10 faizi icra hakimiyyətlərinin saytlarında yerləşdirilib». Yəni 100 informasiya olmalıdırsa bunun cəmi 10-u var, 90-ı yoxdur».

Osman Gündüzə görə, elə rayonlar var ki, onların internet səhifəsi ilə bağlı göstəricilər 1 faizdir.

«Misal üçün Abşeron rayon icra hakimiyyətində açıqlıq 1 faizdir. Bu o deməkdir ki, həmin səhifədə yalnız rayonun və bir də icra başçısının şəkli və tərcümeyi halını görə bilərsiniz».

«HƏR ŞEY BİRİNCİ ŞƏXSİN MÜNASİBƏTİNDƏN ASILIDIR»

Osman Gündüz rayon icra hakimiyyətlərinin internet səhifələrindəki mövcud vəziyyəti icra başçılarının bu sahəyə ciddi maraq göstərməməsi ilə əlaqələndirir.

«Hər şey birinci şəxsin-icra başçısının məsələyə yanaşması ilə bağlıdır. Bir sözlə, rayon icra hakimiyyətlərində elektron informasiya istehsalı prosesi qurulmayıb. Bunun həm texniki, həm proqram, həm də maliyyə tərəfləri var».

Osman Gündüzə görə, hökumət bu sahənin inkişafı ilə bağlı ciddi addım atmalı, rayon icra hakimiyyətlərində informasiyaların operativliyi və şəffaflığı təmin olunmalıdır.
XS
SM
MD
LG