Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Səfir: «İran və Azərbaycan arasında münasibətlər şəffafdır»


Arxiv foto

Arxiv foto

-

İranın Azərbaycandakı yeni səfiri Möhsin Pak Ayin oktyabrın 12-dən işə başlayıb.

Səfir «Trend»ə deyib ki, onun üçün prioritet iki ölkə arasında enerji, ticarət və tranzit sahələrdə əlaqələrin inkişafındakı problemləri həll etməkdir. Onun sözlərinə görə, danışıqların davamlı şəkildə aparılması və nümayəndə heyətlərinin mübadiləsi əlaqələrin inkişafına təkan verə bilər.

Pak Ayin vurğulayıb ki, iqtisadi və ticarət sahəsindəki imkanlar iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinin göstəricisidir. «İranın Azərbaycanla qonşu ostanlarının potensialından istifadə etməklə həm özəl sektor sahəsində, həm də ticarət palataları arasında əlaqələrin inkişaf etdirilməsinə çalışacağam».

Diplomat əlavə edib ki, Azərbaycan və İranı bir-birinə bağlayan dini, mədəni və coğrafi bağlılıqlar var və iki ölkə prezidentlərinin səmimi dostluqları da əlaqələrin güclənməsi üçün dəyərli dayaqdır.

«İran və Azərbaycan arasında münasibətlər şəffafdır və siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur».

Səfir İran və Azərbaycan arasında əlaqələrin davamlılığı və inkişafının regionda sülh və sabitliyin möhkəmlənməsi üçün əsas amil olduğunu deyib: «Azərbaycanlı dostlarımızla müştərək mənafelərimiz naminə beynəlxalq təşkilatlarda əməkdaşlıqlarımızın artırılması üçün danışıqlar aparacağıq».

Möhsin Pak Ayin 1954-cü ilə anadan olub. Azərbaycana səfir təyin edilməzdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

Pak Ayin bu vəzifədə diplomatik missiyası cari ilin yayında başa çatan Məhəmmədbağır Bəhramini əvəz edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG