Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52
-

AZƏRBAYCANIN ÇEXİYA ANKLAVI

Karlovı Varı

Pavla Holcova, Xədicə İsmayılova, Jaromir Hason

Bakının Heydər Əliyev aeroportunda bir qayda olaraq, Azərbaycan Hava Yolları şirkətinin Praqa reysində “biznes” klassa növbənin uzunluğu “economy” klassa növbənin uzunluğu qədər olur.

Bu ona görə belədir ki, son illərdə Azərbaycanın hakim təbəqəsi Çexiya Respublikasını özü üçün ən sevilən səfər yerlərindən biri edib.

Onlar təkcə zəngin tarixi yerləri və təbiətin gözəlliyini seyr etmək üçün təşrif buyurmuş pullu turistlər kimi yox, həm də investorlar kimi gəlirlər.

Hakim Əliyevlər ailəsi də daxil olmaqla, neftlə zəngin Azərbaycanın rəsmiləri Praqada şirkətlər qurmuş, torpaqlar almış və əsas etibarilə məşhur müalicə-kurort şəhəri sayılan Karlovı Varı (Carlsbad) həndəvərində cəmləşən otellər və dəbdəbəli villalar tikmişlər.

Problem bundadır ki, bu investisiyalardan bəziləri qanunsuzdur.

Bu investisiyaların tam miqyası Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Barədə Reportajlar Layihəsi (Organized Crime and Corruption Reporting Project - OCCRP) üçün işləyən jurnalistlər tanınmış azərbaycanlıların Çexiyadakı mülkiyyət və şirkətlərinin qeydiyyatına dair sənədlərlə tanış olduqdan sonra bəlli olub.

Belə görünür ki, hakim elita Avropa İttifaqının göbəyində mülklər əldə etmək üçün real həyatda “Monopoliya” stolüstü oyununu oynayırmış kimi yarışa girib.

Azərbaycanlıların özünün təbii bulaqları, kurortları və yüksək keyfiyyətli şüşəsi ilə çox məşhur olan Karlovı Varıya məhəbbəti tarixdə yeni bir şey deyil.

Çexiya Respublikasının qərb hissəsində yerləşən, Almaniya ilə həmsərhəd bu mənzərəli şəhər, 1711-ci ildə Rusiya çarı Birinci Pyotr buranın şəfalı suları ilə müalicə olunmaq üçün gələndən bəri, Rusiyanın hakim təbəqəsi üçün müstəsna xəlvəti guşəyə çevrilib.

Nüfuzlu və zəngin ruslar qolf meydançalarının və ecazkar spa kolonnadalarının bahalağına baxmayaraq buraya istirahət və müalicəyə gəlirlər. Bir çox, ələlxüsus da bahalı xidmətlər rus dilində göstərilir. Yerli xokkey komandası hətta bir ara Rusiyanın Milli Xokkey Liqasında yarışmaq istəyirdi və Karlovı Varı ilə Rusiya arasında yaxın və dost münasibətlər vardır.

Ailənin öz işi

“Azərilər Karlovı Varını yaxşı tanıyırlar, - çex senator Jan Hornik bildirib, - onların baş naziri bura səfərlərindən biri zamanı mənə dedi ki, bura səfərləri daha çox biznes xarakteri daşıyır, nəinki istirahət, çünki Azərbaycan hökumətinin yarısı burada olur”.

Əlaqələr elə birinci ailənin özündən başlanır. Azərbaycan prezidenti İlham Əliyevin iki qızından biri – Arzu Əliyeva mərkəzi Praqada mənzillənmiş ZODIAC Immobilienbesitz adlı şirkətin 2006-cı ildən bəri tək səhmdarıdır.

Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir.

Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir.


Çexiyanın torpaq kadastrındakı qeydiyyatdan bəlli olur ki, bu firma Karlovı Varının dəbdəbəli qonşuluğunda 1 milyon avroluq villaya sahibdir.

Jurnalistlər təpəlikdəki lüks ərazidə yerləşən villaya baş çəkəndə onun boş olduğunu, lakin yaxşı baxıldığının şahidi olublar. Qapı zənginə cavab verən olmayıb.

Əliyevanın mənzil-qərargahı reklam lövhəsinə inanılsa, audit, vergi və hüquq xidmətləri olan Alfery Hrdina adlı firmanın hüquq ofislərinin içərisində yerləşir.

Firmanın nümayəndəsi Pavel Alfery-Hrdina Əliyevanın şirkətinin və ya hər hansı başqa müştərilərin biznesi barədə danışmaqdan imtina edib...

Arzu Əliyeva Çexiya biznesində sahibkar olan yeganə ailə üzvü deyil.

Onun ana babası Arif Paşayevin Praqada və Karlovı Varıda mənzillənmiş RETRO-INTER adlı şirkəti var.

Paşayev rəsmən Milli Aviasiya Akademiyasına rəhbərlik edir. ABŞ-ın Wikileaks saytı tərəfindən açıqlanmış diplomatik teleqramlara görə Əliyevlərin böyük ailəsi Azərbaycan iqtisadiyyatında böyük rol oynayır.

ABŞ teleqramlarında Paşayevlər ailəsi “Azərbaycanın ən qüdrətli ailəsi” adlandırılır.

Paşayevin PASHA Holdinq qrupu və ya konqlomeratı – sığorta, bank, səyahət, tikinti və Pasha Bank da daxil olmaqla investisiya sahələrinə nəzarət edir. “Ernst and Young” audit şirkətinə görə bu adam müstəsna nəzarətə malikdir.

Bankın icraçı direktoru, Arif Paşayevin qardaşı Hafiz Paşayevin oğlu Mir Camal Paşayevdir və bankın internet saytında onun Azərbaycanın ən geniş şirkətlərindən biri olduğu bildirlir.

RETRO-INTER Karlovı Varı rayonunda Jeseter oteli də daxil olmaqla bir neçə mülkə sahibdir.

Jeseter hoteli

Jeseter hoteli


Tikintisi başa çatmaqda olan Jeseter oteli, şəhərdən 10 dəqiqiəlik məsafədə, su bəndinin sahilində ucalır.

Otelin bir tərəfi meşəlik, digər tərəfi isə öz darvazası olan rus şəhərciyidir.

Rusiya dekorativ üslubunda tikilmiş bina balıqçı evinin xarabalıqları üzərində ucalır. Burada 30 otağın, iki qayıq körpüsünün və restoranın olacağı planlaşdırlıb.

Bu ərazi vaxtilə yerli əhali arasında istirahət və çimmək üçün çox populyar məkan olub, lakin 1990-cı illərdə buradakı yeganə təbii hovuz söküləndən sonra həftəsonu ailə istirahətləri üçün cazibədarlığını itirib.

Otel ziddiyyətlə qarşılanıb, belə ki, onun tərəfdarları binanın bu yerləri həyata qaytaracağına inanırlar, lakin tənqidçilər bildirirlər ki, bina özünün nataraz və nəhəng dizaynı ilə ətraf mənzərəni korlayacaq və otelin bahalığı sadə çexlərin bura gəlməsinə imkan verməyəcək.

RETRO - INTER həmçinin Jenišov, Mezirolí və Doubí adlı yerlərdə bir tikintiyə, evə və mənzilə sahibdir.

Biznesmen

Əgər Arif Paşayev RETRO-INTER-in yeganə səhmdarıdırsa, onun direktoru Azərbaycanda doğulmuş Çexiya vətəndaşı, Karlovı Varıda yaşayan Fəxrəddin Mirzəyevdir. RETRO-INTER-dən başqa o, həmçinin İsveçrədə yerləşən TERMA TRAVEL GROUP şirkətinin direktorudur. Karlovı Varıda fəaliyyət göstərməsinə baxmayaraq, Praqada son vaxtlaradək RETRO-INTER-lə eyni ofis binasında yerləşən GLOBAL-ACCOUNTING-SERVICES.COM adlı filialı var.

Mirzəyev həmçinin birbaşa və ya TERMA qrupu vasitəsilə Çexiya Respublikasında beş-altı başqa şirkətlə əlaqəlidir.

Belə görünür ki, Mirzəyev Çexiya Respublikasındakı Azərbaycan dairələri ilə yaxşı əlaqəsi olan uğurlu bir şəxsdir. O, Porsche markalı avtomobil sürür və TERMA TRAVEL RACING TEAM şirkəti tərəfindən sponsorlaşdırılan avto-yarışma komandası yaradıb və Facebook səhifəsinə əsasən Hornik kimi vacib insanları tanıyır.

"Mən cənab Mirzəyevi tanıyıram, çünki Azərbaycan səfiri mənim dostumdur və biz iş görərkən çox vaxt TERMA TRAVEL şirkətinin nümayəndəsi bizimlə olur” – deyib Hornik.

OCCRP müxbirləri onunla əlaqə saxlayanda Mirzəyev şərh verməyib, lakin deyib ki, “mənim biznesim heç bir başqa şəxsə bağlı deyil”.

Azərbaycan Hava Yollarının keçmiş rəsmi agenti kimi Mirzəyev Praqada ilk dəfə 2010-cu ilin iyulunda enmiş təyyarəni salamlayıb.

İki ölkənin paytaxtlarını birbaşa uçuşla birləşdirən reyslə həmçinin Çexiya Respublikasını iş üçün seçmiş başqa Azərbaycan biznesmenləri də uçurlar.

Biznesin rahibi

Bu yerlərdə başqa mühüm Azərbaycan investorları parlament üzvü Cavanşir Paşazadə və onun qardaşı Allahşükür Paşazadədir.

Allahşükür Paşazadə Şeyxülislamdır və Qafqazın böyük müftisi, həmçinin Qafqaz Dini Şurasının sədridir. O, 2009-cu ilin məlumatına əsasən, dünyanın ən nüfuzlu 500 müsəlman fiqurundan biri sayılır.

Mülkiyyət qediyyatı reyestrinə görə qardaşlar həmçinin Karlovı Varı-da yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər. Bu firmanın Karlovı Varı-nın mərkəzində mənzillər kompleksi vardır.

Paşazadələrin Karlovı Varıdakı binası

Paşazadələrin Karlovı Varıdakı binası


Cavanşir Paşazadə öz sürücüsü vasitəsilə Çexiya biznesində hər hansı bir sahibkarlığa malik olduğunu inkar etdi.

Azərbaycan mediası Allahşükür Paşazadəni ziddiyyətli bir şəxs kimi təqdim edir. Hokumətlə doğmalıq münasibətləri olan və müsəlmanları prezident İlham Əliyevə sədaqətə çağıran bu din lideri həmçinin hazırda İspaniyada həbsdə olan türk biznesmeni Ali Evsenlə əlaqəsinə görə tanınır. O, Misirin keçmiş lideri Hüsnü Mübarəkin inanılmış adamı Hussein Salem-in çirkli pulların yuyulması əməliyyatı ilə əlaqəsinə görə məhkum edilib. Evsenin biznesi OCCRP tərəfindən əvvəllər də araşdırılıb. Paşazadənin oğlu Evsenin qızı ilə evlidir.

“Tolerant” – Sosial Tədqiqatlar Mərkəzinin sədri Azər Rəşidoğlu deyir ki, bu məlumat doğru çıxarsa, Böyük Müfti istefa verməldir.

"İndiyədək Qafqaz Müsəlmanları Şurasının işindəki qeyri-şəffaflıq və şeyxülislamın biznes fəaliyyəti barədə çox söhbətlər olub, - deyir Rəşidoğlu, - o, bunları, yaraşmayan bir hərəkət olduğunu bildiyi üçün həmişə danıb”.

Rəşidoğlu bildirir ki, belə bir sahibkarlıq fundamental maraqlar münaqişəsinə səbəb olur.

“Əgər ruhani xadim, ələlxüsus da Azərbaycan kimi ölkələrdə bizneslə məşğul olursa, o, özünün biznes maraqları ilə müsəlmanların maraqları arasında seçim etmək təhlükəsi ilə üzləşir”.

Rəşidoğlu deyir ki, bu, artıq bəlkə də baş verir. Böyük Müfti müsəlmanları məktəblərdə hicaba icazə verilməməsi və məscidlərin bağlanması kimi məsələlərdə prezident qarşısında müdafiə etməyib.

“Əksinə o, öz biznesinin və xaricə investisiyasının davam etməsi xatirinə prezidentə və onun ailəsinə həmişə dəstək verib” – deyib Rəşidoğlu.

Cavanşir Paşazadənin sahibkarlığı isə bir Azərbaycan hüquqşünasının fikrincə, qanunsuzdur.

“Parlament üzvləri bizneslə məşğul ola bilməzlər. Bu, qanunla qadağandır. Əgər onların biznesi varsa, deməli onlar qanunu pozurlar”.

Bunu Bakıda mənzillənmiş və vətəndaş cəmiyyəti sayılan Anti-Korrupsiya Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib.

Bu, hələ hamısı deyil. OCCRP bundan əvvəl də xəbər vermişdi ki, Arzu Əliyeva, onun bacısı Leyla Əliyeva və onların anası Mehriban Əliyeva Panamada mənzillənmiş çoxsaylı şirkətlərə sahiblik vasitəsilə, gizli şəkildə qızıl mədənlərinə, bir mobil telefon şirkətinə, tikinti şirkətinə və Azərbaycanda böyük paya malik investisiyalara nəzarət edirlər. Mehriban Əliyeva həm də parlament üzvüdür. Bu barədə şərh üçün hökumətə edilmiş telefon zəngləri və göndərilmiş elektron məktubları cavabsız qalıb.

“Onlar bəyannamə verməli və bu bəyannamələrdə özlərinin biznes fəaliyyətlərinin dayandırıldığını elan etməliydilər, - deyir Mövsümov, - bunun edilməməsi korrupsiyanın aşkar əlamətidir”.

Imperial Hotel

Imperial Hotel

Paşazadələrin malik olduqları mənzillər kompleksi Karlovı Varı-nın mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan "Imperial Hotel"-in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşaylblar (bu, otelin saytında yazılıb). Kompleksi qədim evlərin yerləşdiyi dar küçələr və onların orjinal mozaika ilə bəzədilmiş səkiləri əhatələyir.

Karlovı Varı-nın tarixi mərkəzində müasir mənzillər kompleksi tikilməsinə icazə verilməsinin özü də ziddiyyətlidir. Yeni arxitektura ətrafadakı təkrarsız və mənzərəli binalarla kontrasta girir. Yeni mənzillər kompleksi ilkin layihəyə görə bir mərtəbə hündür olmalıymış, lakin bu hadisəni "Karlovarsky Denik" qəzetində işıqlandırmış jurnalist Jaroslav Dolina deyir ki, bir mərtəbənin ixtisarı yerli sakinlərin etiraz aksiyaları nəticəsində mümkün olub. Lüks mənzillərin bir hissəsi hələ də boşdur və ora köçmək istəyənlər üçün asılmış elanlar hələ də divarlardan sallanıb. Əksər mənzillərin qapılarındakı adlar burada rusların yaşadıqlarını göstərir.

Bizneslə məşğul olan başqa millət vəkilləri

Azərbaycan parlamentinin başqa bir üzvü Adil Əliyev və onun qardaşı Allahverdi Əliyev də Çexiya Respublikasında bizneslə məşğul olurlar. Adil Əliyev "Uest End Center" adlı şirkətin səhmdarlarındandır. Bu şirkət Karlovı Varı-nın qərb ətraflarında torpaq sahələrinə malikdir. Əliyevlər ailəsinin 2003-cü ildə qurduğu RAN Ltd şirkəti Karlovı Varı-da, TERMA TRAVEL qrupuna aid iki şirkətlə eyni ünvanda mənzillənmişdi.

Qardaşlar Azərbaycandakı karyeralarını polis sıralarında böyük qardaşları, vaxtilə Bakı Polis İdarəsinin rəhbəri, hazırda isə Tacikisitanda Azərbaycanın səfiri olan Məhərrəm Əliyevin liderliyi altında qurublar. Həm də Kickboxing və Muai-Tai Federasiyasının prezidenti olan Adil Əlyev parlamentə 2005-ci ildə, özünün rayon polis şöbəsinin rəisi vəzifəsini tərk etməklə gəlib.

Daxili İşlər Nazirliyində orta vəzifə tutan Allahverdi Əliyev də, öz arvadı Tamara və oğlu Ruslanla birlikdə qardaşının RAN Ltd-dəki biznesinə şərikdir. Ruslan Azərbaycan mediasına verdiyi müsahibəyə görə Dövlət Neft Şirkətinə aid Atəşgah Sığorta Qrupunun direktorudur. Adil Əliev bizneslərə sahib olduğunu inkar etməyib.

"Mən bu barədə heç nə deyə bilmərəm. Mənim Çexiya Respublikasında çoxlu qohumlarım var və onların da Çexiya Respublikasında çoxlu şirkətləri var. Bu, sirr deyil”.

O, parlament üzvlərinə bizneslə məşğul olmağı qadağan edən qanunlardan xəbərdar olduğunu desə də, bu barədə əlavə şərh verməyib.

RAN Ltd həmçinin Karlovı Varı-nın 43 kilometrliyində yerləşən və çex-alman tarixində xüsusi rol oynamış qədim Çeb şəhərinin mərkəzində daha bir malikanəyə sahibdir. O, həmçinin Doubi şəhərindəki mənzillər kompleksinin səhmdarıdır.

Məqalə bu mənbə əsasında hazırlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG