Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43
İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) cavabına «yox» deyib və məhkəməyə müraciət etməyi qərara alıb. Səbəb parlamentin buraxılması tələbi ilə İP-nin oktyabrın 13-də keçirmək istədiyi yürüşə BŞİH-dən istənilən cavabın verilməməsidir.

İP Koordinasiya Şurasının üzvü Ədalət Yusifovun AzadlıqRadiosuna dediyinə görə, bu barədə qərar Koordinasiya Şurasının oktyabrın 10-da keçirilən toplantısında qəbul edilib.

«Bakı Şəhər İcra Hakimiyyəti bizim yürüş-mitinqlə bağlı müraciətimizə cavabda yazıb ki, yürüşü mitinqlə əvəzləyək, özü də Bayılda, 20-ci sahədəki Sürücülük məktəbinin həyətində keçirək. Bu isə konstitusiya hüquqlarına ziddir. Biz həmin ünvanda aksiya keçirməkdən imtina etdik. İndi bu məsələnin məhkəmə yolu ilə həll olunmasını istəyirik».

Oktyabrın 13-də İP-nin aksiya keçirib-keçirməyəcəyinə gəlincə, Ədalət Yusifov məsələnin hələ müzakirə olunduğunu deyir.

Facebook sosial şəbəkəsində isə oktyabrın 20-də Fəvvarələr meydanında mitinq keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

YEKUN QƏRAR QƏBUL OLUNMAYIB

Ədalət Yusifov isə İP-də belə bir qərarın olmadığını deyir. Onun sözlərinə görə, son iclasda oktyabrın 21, 22 və 25-də aksiya keçirməklə bağlı müzakirələr aparılsa da yekun qərar qəbul olunmayıb. Məsələ İP-nin növbəti iclaslarına saxlanılıb.

İP oktyabrın 13-də keçmiş Əzizbəyov heykəlinin qarşısından «Parlament» prospekti ilə Milli Məclisin qarşısına qədər yürüş keçirmək istəyir. İP hesab edir ki, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yaydığı rüşvət videosundan sonra parlamentin buraxılmalı və yeni seçkilər keçirilməlidir.

Fransada mühacirətdə olan Elşad Abdullayev sentyabrın 25-də Gülər Əhmədova olduğu iddia edilən rüşvət qalmaqallı video yayıb. Həmin video ilə bağlı Bakı Şəhər Prokurorluğunda «dələduzluq» maddəsi ilə cinayət işi açılıb. Bundan başqa YAP-dan olan deputat Gülər Əhmədovanın deputatlıq fəaliyyətinə xitam verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG