Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:36

Azərbaycan daha çox qaz satmaq istəyirsə alternativ enerjiyə keçməlidir


Arxiv foto
Arxiv foto
Azərbaycan daha çox qaz satmaq istəyirsə alternativ enerjiyə keçməlidir. Bu, jurnalist Joseph Hammond-un gəldiyi nəticədir.

Azad Avropa Radiosunun keçmiş müxbiri və əsasən Yaxın Şərq məsələlərindən yazan Joseph Hammond inanır ki, «yeni əsrdə hətta karbohidratlarla zəngin Azərbaycan da öz enerji sektorunu şaxələndirmək barədə düşünməlidir».

Onun fikrincə, Azərbaycanın özündə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi ölkəyə daha çox qaz ixracı imkanı verərdi.

Transmilli şirkətlərlə Bakının müqavilələrinə işarə vuran müəllif bir Çin zərb-məsəlini sitat gətirir: «Partnyorluq izdivac kimi şeydir, eyni yataqda yatsanız da, fərqli yuxular görürsünüz».

«Bununla belə», - Hammond yazır, - «1994-cü ildə imzalanmış kontraktın əhəmiyyəti müstəsna olmuşdur. Azərbaycan Ermənistanla dağıdıcı müharibədən yenicə özünə gəlirdi, Ermənistan və Dağlıq Qarabağdan didərgin düşmüş 1 milyonadək qaçqın və köçkün vardı və başlıca zərbə Azərbaycanın iqtisadiyyatına dəymişdi. O vaxtlar Qafqaz dünya xəritəsinin unudulmuş bir guşəsi idi və Soyuq müharibənin əlavə məhsulu sayılırdı. Lakin beynəlxalq neft şirkətləri bu regiondakı imkanları və riskləri görürdülər».

Joseph Hammond yazır ki, BP o vaxtlar post-Sovet məkanına fəal müdaxilə edirdi və Azərbaycan Dövlət Neft Şirkətinə yeni texnologiyalar gətirmişdi.

AZƏRBAYCANIN QƏRBƏ BUNDAN SONRA DA EHTİYACI OLACAQ

BP
BP
«Azərbaycan dünyanın ilk dəniz platformasını hələ 1940-cı illərdə görmüşdü, lakin sovet qazma texnologiyaları Qərbdəkindən geri qalırdı», - müəllif yazır, - «Beləliklə, BP 1990-cı illərdə keçmiş Sovet İttifaqına böyük pullar investisiya etməyə başladı».

«BP və digər beynəlxalq şirkətlərin yeni kəşfləri Azərbaycanda ikinci neft «gəlhagəlinə» və Azərbaycan iqtisadiyyatının heyrətamiz yüksəlişinə səbəb oldu», - Joseph Hammond yazır, - «2006-cı ildə ölkə iqtisadiyyatı 25 faizlik artıma nail oldu. 2007-ci ildə isə bu rəqəm hətta 30 faizə çatdı».

Joseph Hammond yazır ki, bu gün Azərbaycan Cənubi Qafqaz ölkələri arasında iqtisadi fəallığın 70 faizinə sahibdir və geostrateji əhəmiyyətinə görə 21-ci əsrin ən önəmli ölkələrindən birinə çevrilib.

«BP bu il Azərbaycana 1,5 milyard dollar investisiya yatırır, bu isə 2011-ci ildə olduğundan 870 milyon dollar çoxdur», - yazır jurnalist, - «Azərbaycanın qaz ehtiyatları isə 3 və 5 trilyon kubmetr civarında təxmin edilir».

Onun fikrincə, «qeyri-siyasi» dünyada Azərbaycan bu qədər qazla hətta, üzünü şərqə, Trans-Əfqanıstan Kəmərinə də çevirə bilərdi.

Joseph Hammond əlavə edir ki, bu varianta həmin regiondakı qeyri-sabitlik mane ola bilər.

Lakin bu, heç də yeganə səbəb deyil. Jurnalist Türkiyədə mənzillənmiş «Strategic Outlook» araşdırma mərkəzindən İlqar Qurbanova istinadən bildirir ki, Azərbaycanın həm Qərb, həm də Şərq üçün kifayət edəcək qədər qazı yoxdur.

GİL QAZI AZƏRBAYCAN QAZININ CİDDİ RƏQİBİDİR

Qaz kəməri
Qaz kəməri
Məqalədə deyilir ki, dünyada həcminə görə yeddinci qaz yataqlarına malik ARDNŞ Mərkəzi və Şərqi Avropada son vaxtlar geniş vüsət almış «gil qazı» istehsalının artmasından narahatdır.

Bakı başa düşür ki, Avropa «bataqlıq» mənşəli qazın istehsalını bundan sonra da artırmaqda davam edərsə, qaz kəmərləri söhbəti, ümumiyyətlə əhəmiyyətini itirə bilər.

Qeyd olunmalıdır ki, torpağın gilli süxurlarında ilişib qalmış «gil» və ya «şist» qazı» 2000-ci ildə ABŞ-ın istehlak etdiyi qazın yalnız bir faizini təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 20 faizə çatıb.

Joseph Hammond-un fikrincə, Azərbaycan gələcəkdə də sanballı qaz satıcısı kimi qalmaq istəyirsə, özü təbii qaz yox, alternativ enerji istehlak etməlidir.

Jurnalist yazır ki, Azərbaycan daxili istehlak üçün ona lazım olan 7 meqavat elektrik enerjisinin 5,2 meqavatını qazıntı yanacağından (neft, mazut) əldə edir.

Bu həcmin bir hissəsini də su elektrik stansiyaları verir. Müəllif yazır ki, Azərbaycan relyefinin dağ və düzənliklərdən ibarət olması SES-lər üçün geniş imkanlar açır, lakin bu, təbiətin Azərbaycana verə biləcəyi enerjinin yalnız bir növüdür.

KÜLƏKLƏR ŞƏHƏRİ KÜLƏKLƏ DOLANA BİLƏR

Bakı
Bakı
Joseph Hammond yazır ki, «Badi-Kübə» Bakıya təsadüfən verilmiş ayama deyil. Küləklər şəhəri ölkəni küləklə dolandıra bilər.

Məqalədə qeyd olunur ki, ərazisinin böyük bir hissəsi qızmar iqlimə malik Azərbaycana il ərzində 2400-dən 3200 saatadək günəş işığı düşür.

Joseph Hammond yazır ki, Azərbaycan hökuməti enerji sektorunu yenidən qurmaq üçün bəzi addımlar atmağa başlayıb.

Azərbaycan gələcəkdə özünün enerji istehlakının 17 faizini alternativ enerji vasitələri ilə ödəmək niyyətindədir.

Müəllif qeyd edir ki, daha çox təbii qaza ehtiyacı olan Avropa İttifaqı bu işdə Bakıya dəstək verməkdə maraqlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG