Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

Əli Əhmədov: İctimai Palata xüsusi imtiyazlar əldə etmək istəyir


İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bütün partiyaların kütləvi aksiyalar keçirməsi üçün ayrılan yerlərdən bir qayda olaraq imtina edir və aksiyanı özlərinin istədiyi yerlərdə keçirmək istəyirlər. Bununla da həmin müxalif partiyalar özləri üçün xüsusi imtiyazlar əldə etmək istəyirlər. Bunu Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

«Nəyə görə hansısa bir partiya aksiyanı məhz özlərinin istədiyi yerlərdə keçirməlidir? Aksiyanı istənilən yerdə keçirmək mümkün deyil. Çünki bir tərəfdən, aksiyada həmin ərazidə yaşayan insanların çox cüzi bir hissəsi iştirak edir və bu tədbir zamanı həmin ərazidə yaşayan digər insanlar əziyyət çəkməməlidir. Digər tərəfdən, həmin aksiya üçün təhlükəsizlik tədbirləri görülməlidir, çünki istənilən aksiya digər xoşagəlməz məqsədlər üçün istifadə edilə bilər», - Əhmədov deyib.

O qeyd edib ki, bir sıra müxalifətdə olan partiyalar vaxtaşırı özlərinin mövcudluğunu cəmiyyətə isbat etməkdən ötrü yeganə bir yol bilirlər - kütləvi siyasi aksiyaların keçirilməsi.

«İctimai Palata ictimaiyyətə «mən də varam» demək istəyir, lakin cəmiyyətə hay-küylə «mən də varam" deməkdənsə, sadəcə olaraq, varlığı sübut edən hərəkətlər yetərli olar və bu hərəkətlər də yalnız kütləvi aksiya keçirməkdən ibarət olmamalıdır», - o deyib.

Əhmədov vurğulayıb ki, bu aksiyaların qanunsuz olaraq keçirilməsi cəhdləri barədə bəyanatların səsləndirilməsi həmin şəxslərin Azərbaycan qanunlarına hörmət etmədiyini ifadə edir.

«İstənilən siyasi partiya ölkənin konstitusiyasına hörmətlə yanaşdığını özünün bütün hərəkətlərində sübut etməlidir. Əgər bir partiya hakimiyyətə gəlmək istəyini ortaya qoyur və eyni vaxtda qanunlara hörmətsizlik nümayiş etdirirsə, bu onların fəaliyyətinin qanunla ciddi ziddiyyət təşkil etdiyinin göstəricisidir», - YAP-ın sədr müavini bildirib.

İctimai Palatanın aksiya üçün gətirdiyi səbəbi də Əli Əhmədov cəfəngiyat adlandırıb.

AKSİYA ÜÇÜN SƏBƏB...

«Aksiyanın Azərbaycan Parlamentinin buraxılması səbəbi ilə keçiriləcəyini elan ediblər və guya buna səbəb bir müddət əvvəl ortaya çıxmış Gülər Əhmədova ilə Elşad Abdullayevin video qalmaqalıdır. Bu, kütləvi aksiyanın keçirilməsi üçün tamamilə əsassız bir səbəbdir. Düşünürəm ki, İctimai Palatanın qanunsuz aksiya keçirməklə bağlı ideyası cəmiyyət tərəfdən dəstəklənməyəcək», - o deyib.

Əhmədov, eyni zamanda, YAP-ın müxalifət partiyaları ilə dialoqa hazır olduğunu bəyan edib.

«Bizim bəyanatlarımız heç zaman deklarativ xarakter daşımayıb və arxasında hər zaman real istəklər durur», - o deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqədar ədalətsiz bir qərarına etiraz məqsədilə YAP-ın təşəbbüsünü dəstəkləyən müxalifət partiyaları əhəmiyyətli bir bəyanata imza atdılar.

«Bu da həm YAP-ın, həm də bir sıra müxalifət partiyalarının ümummilli məsələlərdə bir yerdə toplanmaq istəyini ortaya qoydu. Amma bu dialoqun davamlı olması üçün dialoq iştirakçılarının biri-birinə hörmətlə yanaşması vacibdir. Dialoq mühitinə xidmət edən davranış qaydaları olmalıdır», - Əhmədov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG