Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Kim ölmək istəyir, əlin qaldırsın!..


Şəhriyar del Gerani
Şəhriyar del Gerani
-

Ozbekov onun yaxasından iki əllə yapışıb qışqırdı – alçaq, arvadının yatağında kişi tutmusan?! Niyə bağırırsan?! Ölmək istəmirsən hələ?..


Şəhriyar del Gerani


KİM ÖLMƏK İSTƏYİR, ƏLİNİ QALDIRSIN!..

(Hekayə)

Sol döşünün altında zil qara xalı vardı. Həmişə barmaqlarını həmin ətli xalın üstündə gəzişdirib - baxın, güllə yeridi, hərdən elə göynəyir, elə göynəyir ki... - deyərdi.

Atamın ölüm xəbərini eşidəndə ilk ağlıma gələn səhnə bu oldu. Elə bildim güllə elə həmin xalın üstündən dəyib. Amma elə olmamışdı əslində. Atam minaya düşüb parça-parça olmuşdu. Anam deyirdi - kaş bircə tikəsi əlimə gəlib çataydı, öpüb gözümün üstə qoyaydım... O bu sözləri bağıraraq deyirdi. Bütün olanları xatırlamaq mənimçün çox çətindi.

1942-ci il noyabrın 17-siydi həmin gün. Həyətimizdəki cavan ağcaqayını kəsmişdik. Qış yamanca sərt gəlmişdi. Ağcaqayın yarmaçalarını bölürdüm, balta ayağımı yaraladı. Amma atam... hə, o parça-parça olmuşdu həmin gün. Yəqin tikələri üşüyürmüş.

Ailədə 3 uşağıq: 13 yaşlı qardaşım Vitalik, 11 yaşlı bacım Olinka və 16 yaşlı - mən. Adım Artyomdu, Artyom Şitokin. Anam məni çağırıb əsəblə - elə bu dəqiqə get, get atanı parçalayanları didik-didik elə, Ari - dedi. O bu sözləri qəzəblə deyirdi.

Və mən cəbhəyə yola düşdüm. Mən yaşda olanları müharibəyə buraxmırdılar. Əvvəlcə təlim keçməliydik. Mən hərbi komissarlıqda təkidlə dedim: - ön cəbhəyə getmək istəyirəm, bilirsiz mənim atam necə şəhid olub! Yalnız ön cəbhə!

Həmin ilin dekabrında məni 7-ci ölüm düşərgəsinə göndərdilər. Bura müharibəyə hazırlıq kursu deyərdim. Ön cəbhəyə göndərilən əsgərlərə öldürmə məşqləri keçirlər burda. Komandirimiz yoldaş Ozbekov olduqca qəddar adamdı. Müharibə həqiqətlərini bizə hərəkətləriylə yedirdir. Hələ bir müddət burda olacağımdan əminəm. Ölüm düşərgəsinə alman girovlar gətirirlər. Mənə onlara çörək atmaq, su qoymaq, bir də bir-birləriylə vuruşanda yuxarıya xəbər vermək tapşırılıb.

Hündür hasarla əhatələnmiş bir yerdi burası. Hər tərəf daş, beton, dəmir dirəklər. Düşərgənin ortasında aşmış elektrik dirəyi var. Girovlar həmin dirəyə kürəklərini söykəyib mürgü döyürlər, hərdən sıraya düzülüb dirəyin üstüylə hərbi marşı deyərək addımlayırlar. 43-ün mart ayında bütün girovlar ön cəbhəyə yola salınan əsgərlərimiz tərəfindən güllələndi. Heç birindən səs çıxmırdı. Güllələr canlarına rahatlıq gətirirdi sanki. Dostlarım öldürmək məşqlərini uğurla keçdilər. Burda tərəddüd yoxdu, öldürməlisən.

Komandir Ozbekov təzə qaydayla hamımızı tanış elədi, eləcə də mart ayında gələn 58 girovu. Qayda belədi – “Kim ölmək istəyir əlin qaldırsın”. Girovlar açıq havada şaxtanın, qarın, yağışın altında qalırlar. Gün ərzində bir dəfə qurumuş çörək qırıntıları atıram qabaqlarına. Cumurlar çörəyə. Sonra dizlərini yerə qoyub beton hövzəyə doldurduğum sudan hortdadırlar. Tualetə də elə düşərgənin künc-bucağına gedirlər. Hərdən dəhşətli gərgin günlər keçir. Bəlkə də bu mənə “hərdən” elə gəlir. Çörək atmaq yaddan çıxır girovlara. Başqa vacib işlərçün göstəriş alıram.

Düşərgəyə qayıdanda nəcislər xeyli azalmış olur.Bu üzdən əlbəttə Ozbekovun humanist addımını başa düşmək olar. Yəni bu iztirabdan kim canını qurtarmaq istəsə yoldaş komandirin – kim ölmək istəyir? - sualından sonra əlini astaca qaldırsın. Və cəbhəyə gedən əsgərimiz məğrurcasına gəlib ölümə hazır olan çarəsiz girovun alnına bir mübarək vətən gülləsi çaxsın.

Girovlarla ən çox ünsiyyətdə mən olurdum.Onları görmək mənə xüsusi ağrı verirdi. 16 yaşındaydım o zaman. Anam tapşırıq vermişdi – get atanı parçalayanları didişdir! Atam döyüşdə minaya düşüb tikə-tikə olmuşdu. Mən həmin gün odun doğrayanda baltayla ayağımı yaralamışdım, çox incidirdi yaram. Atamsa... yəqin sarı, xallı tikələrini şaxta vurub dondurmuşdu onda. Bunları demək mənə dözülməz əzab verir, bədənim şiddətli titrəyişlərdən üşüyür, beynim sarsılır. Mən atam haqqında danışıram axı... Yəqin içərinizdə məni başa düşəcək bir nəfər də olsun tapılacaq.

Girovların arasında axşamçağılar – Yefenberq, oğluuu...m,Yefenberq – deyib inildəyən biri var. Enli çənəli, yastı burunlu, sarışın birisidi. Mən qapının deşiyindən onların hərəkətlərinə göz qoyuram. O adam atama çox oxşayır. Hərdən mənə elə gəlir Yefenberq mən özüməm, o adam da atamdı. Yəqin yazıq atam da belə edərmiş. Artyom,oğluuu...m, Artyom deyib sızıldayarmış.

Amma düzünü deyim mən eşitməmişəm o harayları. Arabir kövrəlirəm. Axı niyə belə olur? O adamın, elə götürək oğlunu haraylayan o kişinin nə günahı var? O niyə burdadı? Mən niyə onunla it kimi rəftar eləyirəm? Niyə onun qabağına madam arvadı isti şorba gətirib qoymur? Niyə oğlunun saçlarını tumarlayıb qayğı göstərə bilmir o adam? Bəs mənim atam? Niyə adi adamlar kimi ölmədi? Aparıb basdırardıq. Qəşəng tabuta qoyardıq, bahalı kostyumunu geyindirərdik, dualar oxuyardıq... Ancaq indi ağlamaq olmaz, qadağandı. Yoldaş Ozbekov görsə, eh, o görsə, "kalaşnikov"un qundağın soxar adama. Burda insan olmaq qəti qadağandı. Bura müharibədi!

Günlər keçdikcə, girovlar azalır. Yadıma ədəbiyyat müəllimim Prakofyevna düşür. Deyərdi – kim dərsə necə hazırlaşırsa elə də əlini qaldırır. Burda da kim ölümə necə hazırlaşırsa eləcə də əlini qaldırırdı. Hər gün Ozbekov qulaqbatıran qəddar səslə - kim ölmək istəyir? – deyə bağırır. Hər gün bir neçə girov əlini qaldırır. Hər gün bir neçə əsgərimiz ön cəbhəyə yola düşür. Hər gün bir neçə Yefenberq qayğısız qalır...

Elələri olur, əlini tez qaldırıb endirir. Bəlkə də mənə inanmayacaqsız. Hə, komandir onu görür. Soruşur – sən, ey çaqqal, niyə endirdin əlini, qorxursan, batırmısan altını? O dinmir, susur. Əlini yenə yavaşca qaldırır. Ozbekov əsgərə “marş” komandasını verir.

Əsgər barmağını tətiyə qoyur. Girov əlini aşağı salmır. Hamı ölüm səhnəsini maraqla izləyir. Qəfildən haray-həşir qopur. İslanmış küçük görkəmli girov fürsətdən istifadə edib əlini endirir. Əsgərin baramağı tətiyi bir milli geriyə dartır.Mən qışqırıram – dayan, o hələ ölümə hazır deyil, müəllimim Prakofyevna deyirdi kim... güllə açılır, girov yerə sərilir, Ozbekov ağzımın üstündən yumruq ilişdirir, iki əsgər meyitə yaxınlaşıb sürüyüb düşərgənin vəhşi köpəklərinə azuqə aparırlar, girovun qanı yerə iz salır, sabah qalanları da bu qırmızı cığırla it bağırsaqlarından keçməyə gedəcəklər... axı o ölümə hazır deyildi xanım Prakofyevna...

1943-cü il, 21 aprel. Heç kəs qalmayıb hər gün oğlunu haraylayan, atamı xatırladan o kişidən savayı. Bir həftə öncə 4 nəfər idilər. Birdən-birə Ozbekovun sualına üçü də əlini qaldırdı. Elə bil bu günlər ərzində ölümü heca-heca əzbərləyirmişlər. Bu dəfə meyitlərin daşınmasına mən də kömək etdim. Çox ağır idilər. Bu ağırlıq öz çəkiləri deyildi bəlkə də. Yəni,arıqlamış,içləri-içlərindən keçəcək qədər incəlmişdilər. Bəs niyə bu qədər ağır idilər? Bilmirəm. Ya bəlkə bütün bu günlər ərzində bu adamlar mənim gözümdə o qədər böyümüşdülər ki, elə bilirdim dartıb apardığım təkcə girovların meyitləri deyil, ailəsidi, arvadı, uşağı, bacısıdı həm də.

Təkcə atam qalmışdı. Hə, düz oxuduz, atam. O adam mənim atamdı. Buna əminəm.Nolsun o kişi yazıq anamla yatmayıb?! Siz elə bilirsiz atalar təkcə sizin atanız kimi olur?

Birdən vahiməli ulaşma eşitdim. Tez həyətə qaçdım. İldırım vurmuşdu o adamı. Çaqqal kimi ulayırdı. Deyəsən Yefenberq deyirdi. Ozbekov özünü yetirdi. Mən bir neçə addım kənarda dayanmışdım. Ozbekov hirslə ona yaxınlaşdı. Yağış şiddətlə yağırdı. Siz buluddan su calandığının şahidi olduzmu heç? Yox, buna yağış demək olmaz, əməllicə su calanırdı göydən.Girov çənəsini dirsək kimi qabardıb ağzını açmışdı. Ozbekov onun yaxasından iki əllə yapışıb qışqırdı – alçaq, arvadının yatağında kişi tutmusan?! Niyə bağırırsan?!

Ölmək istəmirsən hələ? Ozbekov onu tut ağacının budağı kimi silkələyirdi. Girovun canından nələrsə tökülürdü yəqin. Mən tökülənləri gömürdüm. O mənim üzümə qərib-qərib gülümsədi. Hə,gülümsəmək idi bu. Ozbekov onu silkələyirdi. Girovun “buşlat”ının qolları dəli budaq kimi yellənirdi. Onun paltarının içində qol yox idi. Qolları tut misalı tökülmüşdü elə bil. Komandir bunu gördü. Və dayandı... Əllərini yaxasından buraxdı.

Girov oturduğu elektrik dirəyində səndələdi. Təkcə gözləri danışırdı. Mən onun gözlərinin dilini gördüm. Bir neçə kəliməlik nəfəs də saxlayıbmış. “Yefenberq, oğlum, məni bağışla, səni öldürəni tapa bilmədim”- deyib çəlimsizləşmiş bədənini torpağın üstünə tökdü. O, yerə calandı, yerlə bir oldu, yağış kimi. Mən kənarda dayanmışdım. “Buşlat”ının sağ qolu dirəyin üstünə sərili qalmışdı atamın... Ozbekov bunu gördü. Həmin gün ön cəbhəyə əsgər getmədi. İlk və son dəfə Ozbekovun kövrəldiyini gördüm o gün. Sonra üzünü mənə tutub qəfil müharibələşdi.

- Nə gözünü döyürsən, davay, itlərə...!
XS
SM
MD
LG