Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57
-
Dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların üzərinə aksiz markası vurulacaq. Bu məzmunlu ədəbiyyat və məhsulların markalanmadan və ya saxta aksiz markası ilə satışa çıxarılması aşkar edildikdə, vergi orqanları siyahıya alıb götürəcək. Sonra isə lazımi tədbir görüləcək. Bunun üçün artıq Vergi Məcəlləsinə edilən müvafiq dəyişiklikləri bu günlərdə prezident öz sərəncamı ilə təsdiqləyib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Orxan Əli bildirir ki, hazırda Nazirlər Kabineti bu məsələnin üzərində iş aparır. Komitə də prosesdə iştirak edir:

«Nazirlər Kabineti nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydalarını hazırlayır. Komitə bu işdə iştirak edir. Həmin qaydalar prezidentlə razılaşdırıldıqdan sonra təsdiq ediləcək».

DİNİ BASQI?

Bakı sakini Zəki Mirağayev hesab edir ki, əslində bu qaydanın bütün ədəbiyyata yox, yalnız dini məzmunlu kitablara aid edilməsi dinə basqıdan başqa bir şey deyil:

«Aksiz markası digər ədəbiyyatlara niyə vurulmur? Məsələn, əxlaqı pozan ədəbiyyatlar var. Onlara niyə nəzarət olunmur? İnsanların vicdan azadlığını, Allaha olan bağlılığını qeydiyyata salıb, nəzarətə alaraq əxlaqsızlığa aparan yolu belə açıq-aşkar qoymaq heç bir ölçüyə sığmır».

Çingiz Adiloğlu

Çingiz Adiloğlu

Bakıda dini ədəbiyyat və bu məzmunlu məmulatların satışı ilə məşğul olan mağazalar hələ ki, aksiz marka barədə onlara hər hansı göstərişin verilmədiyini bildirirlər.

DİNİ MƏZMUNLU ƏDƏBİYYAT ALANLARIN SAYI ARTIR

Şəhərin mərkəzindəki dini təyinatlı mağazalardan birində çalışan Çingiz Adiloğlu deyir ki, onlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeydiyyatından keçmiş kitabları satırlar. Hətta müəllif özü kitabı mağazaya gətirib versə belə, nəşrdə bu qurumun qeydiyyatı olmasa, onu götürmürlər:

«Aksiz marka barədə eşitmişəm. Amma belə bir göstəriş bizə verilməyib. Hələ ki, içərisində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin qeydi olan kitabları satırıq. Amma vergi orqanlarından belə bir göstəriş olsa, əlbəttə ki, əməl edəcəyik».

Digər bu cür mağazalarda da eyni cavab verildi. Göstəriş olan kimi əməl ediləcək. Bununla belə satıcılar deyir ki, dini məzmunlu ədəbiyyat alanların sayı getdikcə artmaqdadır. Altay Göyüşov

Altay Göyüşov

Ancaq audio və video materialların satışı getdikcə zəifləyir. Çünki internetdə belə materialların seçimi imkanı daha genişdir.

DÜNYADAKI İMİCİNİ GÜCLƏNDİRMƏK

Araşdırmaçı alim Altay Göyüşov hesab edir ki, dini ədəbiyyatı ümumi ədəbiyyatdan ayırıb belə bir addım atmaq hökumətin 2006-cı ildən başlayaraq dini mühiti nəzarətə götürmə siyasətinin davamıdır. Onun fikrincə, bu, birmənalı şəkildə Azərbaycanda dini azadlıqların məhdudlaşdırılmasına xidmət edir:

«Əvvəl xaricdən gələn ədəbiyyatı nəzarətə götürürdülər. İndi çap, audio-video və digər istehsalın tam nəzarətə götürülməsi siyasəti davam etdirilir. Hesab edirəm ki, bu, baza etibarı ilə çox vacib bir azadlığın məhdudlaşdırılması deməkdir. Çünki istənilən halda demokratiyanın əsas göstəricilərindən biri din və vicdan azadlığı məsələsidir».

Altay Göyüşov deyir ki, əslində bununla hökumət heç nəyə nail ola bilməyəcək. Çünki istənilən dini ədəbiyyatı, audio və video materialı internetdə tapmaq mümkündür. Sadəcə, bu addımı ilə hökumət, Altay Göyüşovun fikrincə, Azərbaycanın dünyada dini azadlıqların məhdudlaşdırıldığı ölkə imicini bir az da gücləndirmiş olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG