Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:40

8 yaşlı Orxan: «Mən oxumaq istəyirəm»


Arxiv foto
Arxiv foto
8 yaşlı Orxan məktəbə getsəydi, indi 2-ci sinifdə oxuyardı. Amma getmir. Səbəb də ailələrinin yoxsulluğudur. Yoxsulluq Orxanın məktəb arzuları qarşısında keçilməz sədd kimi dayanıb. Elə bu səbəbdən də iki ildir valideynləri onu Gəncədəki orta məktəblərdən birinə yazdıra bilmirlər.

Marşrut sürücüsü olan ata və mağazalardan birində xadimə işləyən ana Orxanın və 5 yaşlı bacısının yeməyini ancaq ala bildiklərini deyirlər.

«DƏRSƏ GETMƏDİYİMƏ GÖRƏ DOSTLARIMDAN UTANIRAM»

5 yaşından zəhmətə qatlanan Orxan evlərinin yaxınlığındakı uşaq parkında yelləncəklərdə özündən balaca uşaqları yellədir.

Deyir ki, bu il yayda qazandığı pulla birtəhər dəftər qələm və çanta alıb. Lakin, məktəbli geyimi almağa pulları çatmayıb. Elə bu səbəbdən onun məktəbə getmək arzuları reallaşmayıb:

«Hər şey aldıq, dəftər, qələm, təkərli «sumkam» da var. Ancaq anam müəllimlə danışdı ki, forma almağa imkanım yoxdur, qara şalvar, ağ köynəyi tikdirim. Razılaşmadılar. Forma baha olduğundan ala bilmədik və mən də formasız məktəbə gedə bilmədim. Keçən il də çox baha idi. Mən oxumaq istəyirəm, dərsə getmədiyimə görə dostlarımın yanında utanıram».

«YOLDAŞIMLA MƏN AYDA 170 MANAT ALIRIQ»
Arxiv foto
Arxiv foto

Orxanın anası Saimə Nəbiyeva məktəbli formasının 38-45 manat, yoldaşı ilə bir yerdə aylıq maaşlarının isə 170 manat olduğunu bildirir. Deyir, bu pula bütün xərcləri ödəmək və üstəlik də məktəbli forması almaq mümkün olmur:

«Kimin imkanı var, alır, amma kasıb olanları nəzərə alan yoxdur. Bizim evə yoldaşımla ikimiz ancaq 150 -170 manat pul gətiririk. İşıq, qaz, su onların yeməyi var. Mən bunun dəftərini alım, kitabını alım?».

«MƏKTƏBLƏR 70 FAİZ FORMA İLƏ TƏMİN OLUNUB»

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov 2 il ərzində şəhər məktəblərinin 70 faizinin vahid forma ilə təmin olunduğunu deyir. Amma imkansız ailələrdən olan uşaqları pulsuz məktəbli formaları ilə təmin etmədiklərini bildirir.

Qaldı geyimlərin qiymətinə və ya keyfiyyətinə, idarə rəsmisi bu barədə məlumatsız olduğunu bildirir.

«OĞLANLAR ÜÇÜN MƏKTƏBLİ GEYİMİ 34 MANATDIR»

Gəncə şəhər 1 saylı orta məktəbin direktoru Mətanət Qarayeva geyimlərin təhsil idarəsinin göstərişi ilə məktəblərə gətirildiyini və bədən ölçülərinə uyğun şagirdlərə satıldığını deyir.

Mətanət Qarayevanın sözlərinə görə, ibtidai sinif şagirdi olan oğlanlar üçün məktəbli geyimi 34 manata başa gəlir.

«Şalvarlar 8 manat, pencəklər 21 manat, köynəklər də 5 manat. Geyimin qiyməti uşaqların bədən ölçülərinə uyğun faktura sənədlərində qeyd olunur və bu da valideynlərə göstərilir. Uyğun ölçüyə görə, geyimlərin qiyməti də var. Təbii ki, ölçülər artdıqca qiymət də bahalanır».

«MƏKTƏBLƏRDƏ AÇIQ BAZAR YARADILIB»

Etibar Əliyev
Etibar Əliyev
21-ci əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə vahid məktəbli geyimi məsələsinin artıq təhsil ocaqlarında açıq bazar yaratdığını deyir. Ekspert bildirir ki, vahid məktəbli geyimi tələbi qoyulan ilk vaxtlardan bu iş sistemsiz aparılıb.

Etibar Əliyevin fikrincə, gec də olsa imkansız ailələr nəzərə alınmalı və məktəbli formalarının satış qiymətinə dövlət güzəşti tətbiq etməlidir.

«MÜƏLLİM ŞAGİRD» - OYUNU İLƏ REALLAŞAN ARZU

Məktəbli forması olmadığı üçün Orxanın hələ ki məktəbə getmək arzusu reallaşmayıb. Amma tez-tez evdə təkərli məktəbli çantasından dəftər qələm çıxarıb, bacısı ilə müəllim-şagird oyunu oynayır. O ümidlə ki, bir gün o da həqiqi məktəbli olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG