Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:16

Çörəyin qiyməti artıb?


Arxiv foto
Arxiv foto
Azərbaycanda un və çörəyin qiymətinin qalxdığı bildirilir. Abşeron rayonunda yerləşən, taxıl və un idxalı, o cümlədən çörək istehsalı ilə məşğul olan «El» şirkətinin baş direktoru Tofiq Əliyev AzadlıqRadiosuna bildirib ki, çörəyin qiyməti hələ qalxmayıb. Amma o, çörəyin bahalana biləcəyini də söyləyir:

- Qazaxıstanda bu il iqlim şəraitinə görə buğda istehsalı əvvəlki illə müqayisədə çox aşağı oldu. Ötən il bir ha 24 sent buğda düşürdüsə, bu il 4 sent düşüb. Fərqi görürsünüz? 1 ton buğdanı 165 dollara alırdıqsa, indi 410-415 dollara alırıq. Bu problemin hamısı deyil. İkinci problem də odur ki, taxıl istehsalı az olduğuna görə istehsalçılar buğda satmaq istəmirlər, deyirlər ki, hələ qiymət qalxacaq.

- Mağazalarda çörəyin qiymətinin qalxdığı bildirilir, yəni, artıq çörəyə taxılın bahalaşması təsir göstərməyə başlayıb?

- Bilmirəm niyə belə deyirlər. Çünki biz çörəyin qiymətini qaldırmamışıq. 40 qəpiyə satılan çörək 800 qramlıqdı. 30 qəpiyə satılan çörək isə 700-620-550 qr-dır. Hələlik çörəyin qiymətini qaldırmamışıq. Taxılın qiyməti qalxdığı üçün dövlət buğdaya ƏDV-i götürdü. Bu da bazarda nisbətən sabitlik yaradıb. İndi vəziyyəti biz də, dövlət də analiz edir.

- Bəs unun qiyməti necə, qalxıbmı?

- Cüzi qalxıb. Xaricdən gətirilən 1 ton unu əvvəl 310 dollara alırdıqsa, indi bu qiymət 385 dollara çatıb. Maya dəyəri qalxıb, bu da satışa təsir edir. İndi 50 kq unun qiyməti 19.40 qəpikdir. Ötən ay 18 manat idi. Bir kq indi 39 qəpikdir. Ötən ayla müqayisədə 4 qəpik artıb.

- Azərbaycanda da buğda əkilir. Yaranmış problemi yerli fermerlərin hesabına həll etmək mümkün deyilmi?

- Bizə hələ buğda satmaq üçün müraciət edən yoxdur. Biz görmürük belə bazarı. Söhbət ərzaq üçün yararlı buğdadan gedir. Yerlərdə distributorlarımız var, onlar axtarırlar, maraqlanırlar. Biz hətta idxal qiymətinə belə yerli məhsul almağa hazırıq. Amma satan yoxdur.
XS
SM
MD
LG