Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:48
-
Mədəniyyət və İncəsənət Universitetinin «Tətbiqi kulturologiya» kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Hüseynovu plagiatlıqda ittiham edirlər.

Kafedranın keçmiş dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elmira Alxasova iddia edir ki, İlqar Hüseynovun «Qədim dünya mədəniyyəti» və «Kulturologiya tarixi» dərslikləri, həmçinin «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti» kitabı plagiatdır. Elmira Alxasovanın araşdırmasına görə, İlqar Hüseynovun yazdıqları Ağayar Şükürovun «Kulturologiya» dərsliyindən köçürülüb.

«Araşdırdım. Gördüm ki, Ağayar Şükürovdan köçürülüb. 10 səhifə son nöqtəsinədək olduğu kimi köçürülüb. İran mədəniyyəti, Roma mədəniyyəti, Yunan mədəniyyəti və sair. Bir sözlə, hər mövzuya aid köçürmədir. 80 faiz köçürülüb. «Qədim dünya mədəniyyəti»ni Ağayar Şükürovdan köçürüb. Sonra «Kulturologiya» kitabını yazıb və «Qədim Dünya mədəniyyəti»nə köçürdüklərini eyni ilə ikinci kitaba köçürüb ki, professorluq diplomu alsın. «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti» kitabı da plagiatdır. Bunların hamısını mən oxuyub faktları qeyd etmişəm. Özü də «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti» kitabı onun doktorluq işidir».

Elmira Alxasova deyir ki, araşdırıb bütün faktları-İlqar Hüseynovun kitablarını Ağayar Şükürovun kitabı ilə birlikdə qeydlər əlavə olunmaq şərtilə Müəllif Hüquqları Agentliyinə təqdim edib. Agentlik isə bu əsərlərdə plagiat faktını təsdiqləyib. Bu barədə ona rəsmi sənəd də verilib.

AGENTLİK FAKTLARIN BİR QİSMİNİ TƏSDİQLƏYİB

Elmira Alxasova Müəllif Hüquqları Agentliyindən verilən həmin sənədin surətini AzadlıqRadiosuna təqdim edib. Sənəddə qeyd olunur ki, İlqar Hüseynovun şərikli müəllif olduğu «Qədim dünya mədəniyyəti» və «Kulturologiya tarixi» dərsliklərinin, həmçinin onun adı altında çapdan çıxmış «Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti» kitabının plagiat olması barədə agentliyə ünvanlanmış faktların bir qismi təsdiq edilib.

Müraciətdə qaldırılan məsələlərə yekun münasibət bildirilməsi üçün Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərilərək bəzi məlumatlar istənilib.

«PLAGİATLIQ O VAXT OLARDI...»

Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlqar Hüseynov plagiatla bağlı barəsində deyilənləri «böhtan» adlandırır. Deyir onu ləkələmək istəyirlər. O, xatırladır ki, dərslik elmi-tədqiqat işidir. Onların yazılmasında bütün ədəbiyyatlardan istifadə olunmalıdır. Agentlik faktların bir qismini təsdiqləyir

Agentlik faktların bir qismini təsdiqləyir

Başqa müəlliflərdən bəhrələnmək yeni bir şey deyil. Ağayar Şükürov isə bu sahədə əvəzsiz mütəxəssis olub. İlqar Hüseynov müəllifi olduğu dərsliklərdə bütün mənbələrə istinadların qeyd olunduğunu bildirir:

«O kitablar dərsliklərdir. Övladlarımızın, tələbələrin, aspirantların oxuyub öyrənməsi üçün yazılıb. Çünki boşluq var bu sahədə. Kulturologiya tarixi indiyədək Azərbaycanda yazılmayıb. Yalnız mən cəhd edib bunu hazırlamışam. Məndən başqa bunu heç kim etməyib. Plagiatlıq o vaxt olardı ki, mən kitabı olduğu kimi köçürəm və mənbələri də göstərməyəm. Mən, istifadə olunmuş ədəbiyyat siyahısında kimlərdən bəhrələndiyimi qeyd etmişəm. Görkəmli alimlərdən bəhrələnmək mənim haqqım və borcumdur. O ki, qaldı Ağayar Şükürova, o, mənim kitablarımın hamısının rəyçisi, eyni zamanda redaktorudur. Mənim ağsaqqalım olub».

ELMİRA ALXASOVA NƏYİN HEYFİNİ ÇIXIR?

İlqar Hüseynov deyir ki, Elmira Alxasova dərs yükləri olmadığı üçün işdən çıxarılıb. Bu səbəbdən də onu ləkələmək istəyir:

«Soruşan lazımdır ki, Elmira Alxasovanın belə faktları var idisə, niyə onları əvvəllər üzə çıxartmırdı».

Elmira Alxasova bu addımı işdən çıxarılmasına cavab olaraq atdığını inkar etmir. Amma deyir ki, bu amil plagiat faktını aradan qaldırmır. Deyir yaşca kafedranın digər müəllimlərindən böyük olduğu üçün daim onu işdən çıxarmağa bəhanə axtarıblar. Əvvəl yarımştata keçiriblər, sonra da 65 yaş məsələsi ortaya çıxan kimi işdən azad ediblər. Halbuki, sonradan elan olunmuşdu ki, təqaüdlə bağlı yaş senzi alimlərə aid edilmir.

Xudayət Həsənli

Xudayət Həsənli

İlqar Hüseynov Müəllif Hüquqları Agentliyinə lazımı məlumatların artıq göndərildiyini bildirir.

HƏQİQƏTƏN PLAGİATA YOL VERİLİB

Agentliyin hüquq şöbəsinin müdiri Xudayət Həsənli isə hələ ki, gözlənilən rəsmi cavabların onlara daxil olmadığını bildirir. Deyir ki, yekun münasibət üçün həqiqətən də bəzi məsələlər aydınlaşdırılmalıdır. Çünki bunlar elmi əsərlərdir və onlara Elmi Şurada baxılıb, qrif verilib. Yəni, elmi nöqteyi-nəzərdən, bunlara aydınlıq gətirilməlidir. Amma müəllif hüquqları nöqteyi-nəzərindən, plagiat faktlarının bir qismi öz təsdiqini tapıb:

«Faktların bir qisminin təsdiq olunması o deməkdir ki, müəllifə istinadlar göstərilməyib. Yəni, həqiqətən plagiata yol verilib. Təbii ki, istinadlar olursa, bu, plagiat kimi qiymətləndirilmir. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 19-cu maddəsində əsərdən hansı hallarda müəllifin razılığı olmadan, qonorar ödənilmədən istifadəyə icazə verilməsi qaydaları əks olunur. Bizdə plagiat kimi təsdiqini tapmış faktlarda həmin maddənin tələbləri pozulub».

SONRAKI ADDIM – MƏHKƏMƏ

Xudayət Həsənli deyir ki, yekun rəydə plagiat faktı öz əksini tapacaqsa, müəllif hüquq qanunvericiliyinə uyğun olaraq, bütün bu cür faktlara qiymət verilməsi məhkəmənin səlahiyyətindədir. Ərizəçi həmin rəyi əlavə etməklə məhkəməyə müraciət edə bilər.

Ərizəçi - Elmira Alxasova isə deyir ki, sonadək bu məsələni davam etdirəcək. O hesab edir ki, İlqar Hüseynovun diplomları alınmalı, ona professor adı verilməməli, kafedra müdiri vəzifəsindən kənarlaşdırılmalıdır.

Kitabından köçürüldüyü iddia edilən mərhum Ağayar Şükürovun oğlu isə bu məsələdə İlqar Hüseynovu dəstəklədiyi bildirilir.

Şərhləri göstər

XS
SM
MD
LG