Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58
-

Qan Turalının qələminin böyük mətnə hazır olmadığı romanın ilk cümlələrindən, yazı üslubundan da görünür.

Əsərin dili, ayrı-ayrı bölmələri poetik mətn, şeir təsiri bağışlayır; bəzən bir bölmənin daxilində də prozaya aid olmayan, yalnız poetik mətn üçün xarakterik sayılan fərqli-fərqli parlaq fikirlər müşahidə olunur...



Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Qan Turalının "Mustafa" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı

KEFLİ İSGƏNDƏRDƏN MUSTAFAYA QƏDƏR

Qan Turalı çağdaş ədəbi mühitin etimad göstərdiyi gənclərdən biri kimi Azərbaycan ədəbiyyatında imzasını çox tez tanıdıb.

Şeirləri ilə yeniliyə can atan bu gəncin poeziyadakı özünüifadəsi tam yetkinləşməsə də, özünəməxsus düşüncə və yanaşma tərzi ədəbi mühitdə seçilməsini şərtləndirir.

Geniş mütaliə, yeni ədəbi proseslərin istiqamətini izləmə, həmçinin klassik ədəbiyyat və fəlsəfi fikir tarixi ilə bağlı nümunələri öyrənmə qabiliyyəti Qan Turalının özünütəsdiq imkanlarını genişləndirəcəyi və mükəmməl ədəbi mətnlər ortaya qoyacağı ilə bağlı nikbin proqnozlar doğurur.

Buna görə də Qan Turalının, gənc olmasına baxmayaraq, romanla oxucuların görüşünə gəlməsi o qədər də təəccüblü görünmədi.

Təqlidçilik

«Mustafa» romanında məşhur söz və fikir adamlarının aforizmlərindən maksimum istifadə diqqəti çəkən ilk məqamdır. Bu məqam təsdiqləyir ki, ədəbi ictimaiyyətin ondan gözlədiklərinin əksinə olaraq, Qan Turalı öz yaşının sərhədlərini aşa bilməyib.

«Gənclik dövrünün təqlidçiliyindən insan yalnız 30 yaşdan sonra tədricən xilas olmağa başlayır» fikri ümumi qəbul olunmuş qənaət sayılır. Düşüncəsinin təlqini və özünə inam yaratması üçün gənclərin karifeylərdən gətirdiyi sitatlarla nitqini zənginləşdirmə istəyi normal qarşılanan haldır. «Mustafa» romanında da Qan Turalı yeri gəldi-gəlmədi bu sitatlardan istifadə edir və məşhurlardan gətirilən iqtibaslar bəzən ümumi süjetə heç bir aidiyyəti olmayan fikir şaxələnməsi yaradır, müəllifin «yaşına uyğun xarakteri» isə bunları dayandırmağa imkan vermir.

Başqa sözlə desək, romanın əsas obrazının – Mustafanın həmyaşıdı olan müəllif öz qəhrəmanını bütöv və hərtərəfli obraz kimi təqdim etməyə çətinlik çəkir.

Mətn dağınıqlığı

Qan Turalının qələminin böyük mətnə hazır olmadığı romanın ilk cümlələrindən, yazı üslubundan da görünür. Əsərin dili, ayrı-ayrı bölmələri poetik mətn, şeir təsiri bağışlayır; bəzən bir bölmənin daxilində də prozaya aid olmayan, yalnız poetik mətn üçün xarakterik sayılan fərqli-fərqli parlaq fikirlər müşahidə olunur.

Müəllif «nəsr dilinin» imkanlarından istifadə etməyib, «şeir dili»ndən bəhrələnib və nəticə etibarilə hadisələr hər bölmə və ya parçada bir formada görünür.

Çox güclü müşahidə və həyat həqiqətləri obrazın və hadisələrin dinamikasında ifadə edilmədiyindən, müəllifin fikir zənginliyi ayra-ayrı abzasların (poetik mətnlərin) içində gizlənir və ümumi süjetə təsir göstərmir. Bir çox hallarda isə təsvirlərdəki ziddiyyətlər və təhkiyəçinin üslub müxtəlifliyi romanın hissələrinin bir-birindən ciddi vaxt fərqi ilə yazıldığını düşünməyə əsas verir. Sanki bölmələr o qədər zaman fərqi ilə yazılıb ki, müəllif əvvəl qələmə aldıqlarını unudub; çünki müxtəlif vaxtlarda yazılan kiçik parçalar romanda bir-birini tamamlamaq əvəzinə ziddiyyətləri artırır.

Bu isə həm hadisələrin, həm də obrazın yaradılmasına mane olur. Bir qədər fərqli və daha anlaşıqlı şəkildə desək, əsərin qəhrəmanının çənəsi iki dəfə işlənib, əvəzində isə gözünü və ya qulağını «çəkmək» yaddan çıxıb.

Mustafa

Hadisələr – süjet ardıcıllığı Mustafanın ixtiyarındadır. Mustafa qəribəliyi ilə müəllifin özünə də meydan oxuyur: «Proloq»da vəd edilən «bizə yalan söyləmişdilər» həqiqətini anlamaq üçün əsərin qəhrəmanı oxucuya heç bir şərait yaratmır, çünki ona kimin yalan söylədiyi və nədə aldandığı açılmır.

Oxucunun - Mustafanın yaşadığı mühiti, şəraiti, onu əhatə edən obrazların kimliyini öyrənmək imkanı yoxdur; əsərdə Mustafadan başqa obraz yaradılmayıb: yalnız qəhrəmanın xatırladığı hadisələri, qarşılaşdığı və dərhal da ötüb keçdiyi «adları» eşitmək mümkündür. Mustafanın həyat hədəfləri, ideyası tam müəyyənləşməyib: beşinci sevgisindən sonra «tapdığı» inqilabın da mahiyyətini dərk edə bilməməsi, «hər şeyə uşaq oyuncağı kimi baxması» onu növbəti, bu dəfə daha uzun müddətə özünə qapanmağa məcbur edir.

Əsərdə canlı həyat əvəzinə Mustafanın toxunduğu, məşhur müəlliflərin yardımı ilə düşündüyü və «aldandığı» nəticələr var: «təhkiyəçi» ayrı-ayrı xatirələrindən qənaətləri bölüşür, iştirakçısı olduğu və yaşadığı gerçəkliklər isə təsvir edilmir. Halbuki roman janr etibarilə bu təsvirləri tələb edir.

Yeniyetmə yaşını yenicə adlamasına baxmayaraq, ruhən qocalmış, cəmiyyətdən təcrid olunmuş, özünü tələbəsinə (Əkrəmə) «köçürməyə» çalışan Mustafa Mirzə Cəlilin Kefli İsgəndərinin taleyini yaşayır. Ancaq Kefli İsgəndər «Ölülər»in yardımçı və tamamlayıcı obrazı olduğu halda, «Mustafa» bütövlükdə «Kefli İsgəndərdən» ibarətdir. Mustafa öz sələfi kimi eyni şövqlə mənsub olduğu xalqın cəhalətindən şikayətlənir («Əli Bayramlıdan qalanlar» bölümündə «kəsafət basmış» azərbaycanlıların «cəhalət və nadanlığı» digər xalqlarla müqayisədə daha şiddətlə qınanılır), uğursuzluğunu etiraf edir, «estafeti» növbəti İsgəndərə buraxır.

Yüz ildən də artıq zamandan sonra Mustafada boy göstərən Kefli İsgəndər Mirzə Cəlilin cızdığı sərhədlərdən daha dar məkandadır; halbuki bu dəfə ona geniş ədəbi meydan verilmişdi.

Qəribə (və maraqlı) odur ki, bu qədər böyük ədəbi zamandan sonra da fərqli dövrdə yaşayan Azərbaycanın daha gənc və deməli, daha hiss-həyəcanlı yazıçısı duyğu (sevgi) və mütaliəni (ədəbi-tarixi örnəkləri) birləşdirməklə öz ideyaları uğrunda sonadək yanan inqilabçı obraz - Ovod - yarada bilmir, ən yaxşı halda həyat sınağı qarşısında sınıb, Qan Turalı

Qan Turalı

özünə çəkilən Kefli İsgəndərlə kifayətlənir.

Əsərin missiyası

«Mustafa»nın daşıdığı missiya - «bircə adam bu kitabı oxuyub, bircə yalanı anlasa, mən öz vəzifəmi yerinə yetirmiş sayacam» deyən müəllifin əsər vasitəsilə cəmiyyətə verdiyi ismarıc (mesaj) - nədər ibarətdir?

Mustafa geniş mütaliəsi olan gəncdir; oxuduqlarından aldığı informasiya onu «utopik sosializmə» aparır və bu yolda mübarizəsi uğursuzluqla nəticələnir.

Oxucunun belə təsvirdən çıxaracağı nəticə nə olmalıdır? Mətndən, «Uğur qazanmaq üçün mütaliəyə, karifeylərin gözü ilə həyata baxmağa dəyməz» qənaəti hasil olmalıdır?

Böyük ehtimalla müəllif «nadan» adlandırdıqlarını mütaliədən imtinaya sövq etməz. Hər halda, əsərin sonunda: «Əsas hansı məzhəbə qulluq etməyin deyil, ona nə qədər sədaqətli olmağındır; əsas məqsədə çatmaq deyil, məqsəddən sapmamaqdır; əsas olan sevgi deyil, sevməkdir» - deyən Mustafanı görürük. Bütün əsər boyu vəd edilən ideyaya qətiyyən qulluq etməyən Mustafa xatirələri (yaşamı) ilə deyil, növbəti dəfə sözləri və fikri ilə «informasiya verməyə» çalışır. Halbuki sonda çıxarılan nəticənin Mustafanın nə yaşına (21 yaşında həbs edilən Mustafanın 3 illik türmə həyatından dərhal sonra yazdıqlarını oxuyuruqsa, demək, qəhrəmanın 24 yaşı var), nə də təqdim etdiyi yaşantılarına və cəmiyyətdən özünü təcrid edən halına aidiyyəti var.

Belə məlum olur ki, «Cinayət və cəza»nın ideyasını bir neçə səhifəlik essedə verməyin mümkünlüyünü iddia edən Mustafanın sözləri ilə desək, bu əsərin ismarıcı da yalnız son səhifədən ibarətdir.

Müəllif «Mustafa»nın çapına tələsib

Mustafa – vəd etdiyi kimi - səkkiz illik xatirələrini bölüşmür, «səkkizillik həyatının» müxtəlif anlarından xəbər verir. Bu «anların» içindən «yada salmaq istəmədiyi» məhkumluq illərinin bütövlükdə «yoxa çıxması» isə «Mustafa» əsərini roman olması üçün son şansdan da məhrum edir.

Hesab edirik ki, 13 fəsli girişdən (proloqdan) ibarət olan əsər, obrazlı desək, ümumilikdə Qan Turalının nəsrə gəlişinin soraqçısıdır. Müəllif yalnız 14-cü – sonuncu bölmədə nəsrə başlayıb, təəssüf ki, onda da essevari sonluqla dərhal əsəri bitirib.

Beləliklə, «Mustafa» - ideyalar şəbəkəsinin geniş spektrini göz önündə canlandırır, amma ideya daşıyıcıları olan obrazların dinamik süjetdə toqquşması və qəhrəmanın daşıdığı missiyanın təqdim edilməsi əvəzinə, bütün hadisə, süjet, ideya və obrazların məsuliyyəti Mustafanın çiyninə qoyulur. Mustafa isə bu yükü daşımağa hazır deyil.

Fikrimizcə, Qan Turalı «Mustafa»nın nəşrinə tələssə də, əsər - ilk irihəcmli nəsr təcrübəsi kimi - öz müəllifinə geniş dünyagörüşü və imkanları haqqında rəy yaratmaq fürsəti qazandırdı. Bu rəy isə gənc müəllifin dəyərli ədəbi nümunələr yaratmaq potensialına ümid etməyə əsas verir…

Qeyd. «Mustafa» əsəri haqqında layihədə iştirak edən həmkarlarımızın fikirlərini nəzərə alaraq, təkrarçılıq olmaması üçün bəzi məqamlara toxunmadıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG