Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Poeziya ölüb!


-

"Mən elə bir şeir kitabı xatırlamıram ki, cəmiyyətdə heç olmasa ölməkdə olan ağcaqanadın vızıltısı qədər əks-səda doğursun".

"Bu tənqidçi və şairlər, haqqında danışdıqları sənət formasının artıq öldüyünün fərqindədirlərmi?"



Qərb şairləri 2003-cü ildə Amerikanın nüfuzlu "Newsweek" jurnalında dərc edilmiş "Poetry Is Dead. Does Anybody Really Care?" (Poeziya ölüb. Bəyəm bu, kiminsə vecinədi?) başlıqlı bloq yazısını hiddətlə qarşılamışdılar. O zaman mübahisə və müzakirələrə yol açan, hətta indi də xatırlanan həmin məqalənin tərcüməsini təqdim edirik. Poeziyanın "ölüb-ölmədiyi" ilə bağlı "Guardian", "Washington Post" və başqa qəzet və jurnallarda dərc olunmuş yazıları da tezliklə "Oxu zalı"nda oxuyun.


Bruce Wexler


POEZİYA ÖLÜB. BƏYƏM BU, KİMİNSƏ VECİNƏDİ?

Dünyanı film, teatr, roman və musiqisiz təsəvvür etmək çətindir, amma şeirsiz dünyanı təsəvvür eləməyə... ehtiyac yoxdur.

Məni narahat edən odur ki, tanıdığım adamların heç biri onilliklərdi şeir kitabının üzünü açmayıb. Elə mən özüm də - vaxtilə Lowell və Berryman kimi şairləri oxumağa saysız saatlar sərf etmiş adam - müasir şairlərdən bircəciyinin də adını çəkə bilmərəm.

Bütün bunlar məni noyabrda - zəngin vərəsə Ruth Lilly* "Poetry" jurnalına** görünməmiş məbləğdə - 100 milyon dollar iyanə verəndə narahat etməyə başladı.

"Poetry International" veb-saytında dərc edilmiş məqalədə deyilirdi ki, tənqidçilər və şairlər bir məsələdə həmrəydirlər: bu bəxşiş "Amerika poeziyasının simasını dəyişə bilər".

Bu tənqidçi və şairlər, haqqında danışdıqları sənət formasının artıq öldüyünün fərqindədirlərmi? Güman ki yox. Onu öldürməyə mənim kimi adamların yardımçı olduqlarının da fərqində deyillər yəqin.

Orta məktəbdə oxuyanda əksər sinif yoldaşlarım kimi mən də İngilis dili fənninin tərkibində keçilən poeziya dərslərinə nifrət edirdim. Bədən tərbiyəsi fənninin tərkibindəki gimnastika məşğələləri kimi hər il mütəmadi keçilən poeziya dərsləri də bizim üçün əzab-işgəncə idi.

Necə ki daim idmanla məşğul olsam da, paralel tirlərə nifrət edirdim, eləcə də kitab oxumağı sevsəm də, qafiyəli və vəznli yazıdan zəndeyi-zəhləm gedirdi.

Dolaşıq rəmz və işarələri yara-yara irəlilədikcə həmişə təəccüblənirdim ki, niyə bu lənətə gəlmiş şairlər çatdırmaq istədikləri mənaları sadə dillə ifadə etmirlər?

Sonra mən kollecə girdim və iş elə gətirdi ki, poeziya ilə dostlaşası oldum.

Bəlkə də bir qız ağlımı başımdan çıxardığı üçün Theodore Roethke-nin "Bir qadın tanıyrıdım" şeirini oxuyanda baş vermişdi bu: "Bir qadın tanıyırdım - cismi tək ruhu da gözəl. Balaca bir quş ah çəkdimi, ah çəkərdi o da". Bəlkə də Keats-in odalarını, Eliot-un "Prufrock"unu, ya da ki Frost-un beynimi məşğul edən "Bax belə başladı gecəylə tanışlığım" misrasını oxuyanda olmuşdu bu.

Ruth Lilly-nin iyanəsi ilə tikilmiş Poeziya Mərkəzi, Çikaqo, ABŞ. Binada həm ictimai kitabxana. həm də "Poetry" jurnalının redaksiyası yerləşir.
Ruth Lilly-nin iyanəsi ilə tikilmiş Poeziya Mərkəzi, Çikaqo, ABŞ. Binada həm ictimai kitabxana. həm də "Poetry" jurnalının redaksiyası yerləşir.
Bundan sonra təxminən 10 il şeir dəlisi oldum:

Oxuyardım da, yazardım da, qızla görüşdə deyərdim də.

Sonra şeirə həvəsim öldü.

Zahirən, bunun səbəbi, güman ki, maraq dairəmin dəyişməsi idi: evlənmişdim, uşaqlarım vardı, karyera qururdum, ev almışdım. Bunların hamısı vaxt və diqqət tələb edirdi.

Frost-a hörmətim öz yerində, amma mən faiz dərəcələri haqda məqalələri Hopkinsin vurğulu vəzni*** haqda esselərdən daha mühüm saymağa başlamışdım.

Cəmiyyətin özündə baş verən dəyişikliklər də şeir oxumaq vərdişinin xeyrinə deyildi.

70-ci illərin "Me" nəslindən**** 80-ci illərin "bir anda varlan" düşüncə tərzinə qədər bizim mədəniyyətimiz getdikcə daha çox yeknəsəqləşirdi. İkili məna, mürəkkəblik və təzad dəbdən çıxır, biz asan anlaşılan məqsədlər və büllurtək şəffaf ünsiyyətə meyl edirdik (Ronald Reyqan Amerikada bu birbaşalığın öncülü olan prezident idi). Getdikcə daha az siyasətçi öz nitqində dövrünün şairlərindən sitat gətirirdi. Sayları elə də çox olmayan brend imzalı Amerika şairləri tədricən ya ölüb getdilər, ya da diqqət mərkəzindən kənarda qaldılar.

90-cı illərə gəlib çatanda artıq hər şey bitmişdi.

Əgər buna şübhəniz varsa, bir məqamı da nəzərə alın: poeziya yeganə sənət növüdür ki, onu yaradanların sayı ona dəyər verənlərin sayından xeyli artıqdır. Pis şeiri hamı yaza bilər. Yaxşı şeirə dəyər vermək isə bilik və məsuliyyət tələb edir. Halbuki cəmiyyət olaraq bizim belə biliklərimiz və məsuliyyətimiz tələb olunan səviyyədə deyil.

İnsanlarda o hövsələ yoxdur ki, mənasını anlamaq üçün bir şeiri 20 dəfə oxusunlar. Onlar sözlərin dalğa kimi gəlib başları üzərindən aşmasına hazır deyillər, mənanın aydın ifadə edilməsini, asan anlaşılmasını tələb edirlər. Onlar təhkiyə formalı, anlaşılıması
Qaçış, pəhriz saxlama da "Me" (Mən) nəslinin səciyyəvi cəhətlərindən idi.
Qaçış, pəhriz saxlama da "Me" (Mən) nəslinin səciyyəvi cəhətlərindən idi.
aha geniş kontekst tələb etməyən, müstəqil şəkildə mövcud olan sənət növləri istəyirlər.

Mənim istədiyim də budur. Çünki mənim də bir parçası olduğum bu dünya yalnız trendə çevrilənlərə dəyər verir, poeziya isə getdikcə trend olmaq şansını daha çox itirir.

Mən cəmiyyətdə əks-səda doğurmuş kitablar oxumaq istəyirəm - həm də ona görə ki, öz çörəyim də kitab yazmaqdan çıxır: başqaları üçün mətnlər yazır, kitabların yazılmasında iştirak edirəm - və mən elə bir şeir kitabı xatırlamıram ki, cəmiyyətdə heç olmasa ölməkdə olan ağcaqanadın vızıltısı qədər əks-səda doğursun. Mən həm də tənbələm, poeziya isə iş, enerji tələb edir.

Həyatımın ən çətin anlarında mən meynstrim media, internet, fast-food psixologiyası kimi adətən hədəfə alınan təzahürləri uğursuzluqlarımın əsas səbəbi saymışam. Əgər filan, filan, filan şeylərin dağıdıcı təsiri olmasaydı... Amma hər dəfə də sonda məlum olub ki, günahı kiminsə boynuna yıxmağa dəyməzmiş. Poeziya da bu mənada insanların yazılı sözə qiymət verdiyi, onun ən ali formasına sahib çıxmağa vaxtları və meylləri olduğu era üçün münasib idi.

Mən doğrudan da inanıram ki, poeziya söz sənətinin ən ali formasıdır. Yeats-in "Coole-dakı vəhşi qazlar", Whitman-ın "Bu bahar həyətdə yasəmən çiçək açanda", Thomas-ın "Fern Hill" şeirlərini oxuyun və siz sənətin əsl gücünü hiss edəcəksiniz.

Bu şeirlər qəlbləri ehtizaza gətirir, beyinlərə yol tapır. Özü də elə üsullarla ki, kinoçəkənlər (bizim müasir incəsənətin ali kahinləri) bunu yalnız xəyal edə bilərlər.

Aprel - Milli Poeziya Ayıdır. Mənim belə bir faktın mövcudluğundan yalnız ona görə xəbərim var ki, bu barədə qeydi kiçik qızımın məktəb qəzetində görmüşəm. Bizim laureat-şairin***** adını axtarıb tapmaqla, sonra da bir şeirini oxumaqla qeyd elədim həmin Ayı. Bu, kiməsə az görünə bilər, amma neyləyim, axı mənim yatmamışdan qabaq izləməli olduğum televiziya proqramlarım, oxumalı bestsellerlərim və baxmalı veb-saytlarım da var.

"Newsweek"
4 may , 2003

İngiliscədən çevirən: R.Qəmbərov

______

* Ruth Lilly (1915-2009) - amerikalı xeyriyyəçi

** "Poeziya" jurnalı. ABŞ-da dərc edilir.

***19-cu əsr İngilis şairi Gerard Manley Hopkins-in istifadə etdiyi vəzn. Misralarda hecaların yox, vurğuların sayı bərabər olurdu.

****"Me" (Mən) nəsli - Amerikada 2-ci Dünya Müharibəsindən sonra doğulan və özünü məxsusi bir təəbəqə sayan gənclər. Bu nəslin xarakterik cəhətlərindən biri də özünəvurğunluq, əvvəlki nəsillərin dəyərlərinə qarşı üsyan və özlərini yeni dəyər yaradıcıları saymaları idi.

***** ABŞ-ın Konqres Kitabxanasının rəsmi şairi. Hər il, bəzən də 2 ildən bir təyin edilir. Laureat-şairin vəzifəsi poeziyanı təbliğ etmək, Konqres Kitabxanasına ədəbiyyatla bağlı, o cümlədən hansı şairlərin əsərlərinin kitabxana arxivinə daxil edilməyə layiq olması ilə bağlı tövsiyələr verməkdir. İllik təqaüdü 35 min dollardır.
XS
SM
MD
LG