Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:33

Gənclərin müdafiəsinə həsr olunmuş forum keçirilib



Oktyabrın 6-da Müsavat Partiyasının qərargahında həbsdə olan gənclərin müdafiəsinə həsr olunmuş forum keçirilib.

Forumda Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu, NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı və ADP Gənclər Təşkilatının həbsdə olan üzvü Rəsul Mürsəlov, eləcə də təzyiqlər və təqiblərə məruz qalan gənclərlə bağlı çıxışlar olub.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı Nigar Yaqublunun həbsi ilə bağlı danışıb. O, avtomobil qəzası ilə bağlı hadisənin hakimiyyət tərəfindən siyasiləşdirildiyini deyib.

«Ölkədə hər gün qəzalar və ölüm halları baş verir. Amma Daxili İşlər Nazirliyi bəyanatında Nigar Yaqublunu «vətəndaş Nigar Yaqublu» kimi yox, «Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı» kimi təqdim edib. Bu məsələni siyasiləşdirən hakimiyyət özü oldu».

NİDA Gənclər Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədli hərəkat üzvü Zaur Qurbanlının həbsinin də siyasi bir iş olduğunu deyib.

«Saxlandıqdan sonra barəsində məlumat verilməyib. Hakimiyyətin gənc fəalları məhz istirahət günü saxlaması ənənə halını alıb. Zaurla bağlı verilən açıqlamalarda qanunsuz sənədlərdən söhbət açılır. Amma o bukletlər qanunsuz deyil», Üzeyir Məmmədli vurğulayıb.

ADP üzvü Cəmil Hacıyev Rəsul Mürsəlovun da yalnız aksiyalarda fəallığına görə həbs olunduğunu deyib.

Forumda gənclərə qarşı təzyiqlərə və həbslərə son qoyulması ilə tələbi ilə etiraz aksiyaların keçirilməsini və kütləvi imza toplama kampaniyalarına başlamaqla bağlı müzakirələr də aparılıb.

Yekun müzakirələrin VHP qərargahında keçiriləcək növbəti forumda aparılması qərara alınıb.
XS
SM
MD
LG