Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Taleyinə müəllimlik yazılanlar


Cahangir Eyvazov
Cahangir Eyvazov
-
«Ümumilikdə iş stajım 50 ildir, onun 40 ilini müəllim işləmişəm, 2007-ci ilə qədər...».

Cahangir Eyvazovun ailəsi 20 ilə yaxındır məcburi köçkünlük həyatı yaşayır. Cəbrayıl rayonu işğal olunandan sonra ailə Bakıya pənah gətirib. Dediyinə görə, xeyli çətinliklərlə üzləşiblər. İxtisasca tarix müəllimi olan Cahangir Eyvazov ailəsini dolandırmaq üçün öz ixtisasına uyğun xeyli müddət iş axtarıb. Bir neçə yerdə qarovulçu işləyib, təki ailəyə çörəkpulu apara bilsin deyə, çox işlərə əl atıb.

TƏQAÜD YAŞI-İŞSİZLİYİN BAŞLANĞICI

Amma bir gün Heydər Əliyev adına Hərbi Məktəbdə oxuyan oğlu ona təhsil aldığı yerdə tarix müəlliminə ehtiyac olduğunu deyib. Və beləliklə işsizliyə son qoyub. Amma 2007-ci ildə məktəb rəhbəri Cahangir Eyvazovla yanaşı, daha bir neçə müəllimə təqaüd yaşları çatdıqları üçün işdən çıxarıldıqlarını deyib:

«Müəllimlik peşəsi elə peşədir ki, adam işlədikcə təcrübə əldə edir. Fiziki iş tələb edən sahələr var ki, orda doğrudan da adamların 65 yaşında təqaüdə çıxması məsləhətdir. Amma müəllim hər zaman öz təcrübəsini tətbiq edə, tələbələrə öyrədə bilir».

«HƏR GECƏ YUXUDA DƏRS DEDİYİMİ GÖRÜRƏM»

Danışdıqca gözü dolan, özünü ağlamaqdan güclə saxlayan Cahangir Eyvazov deyir ki, indi özünü heç bir işə yaramayan adam sayır.

«Adam peşman olur, bu qədər işlə, bir gün sənə desinlər ki, müqavilə müddətin çatıb, işdən azadsan. İnanmazsız, mən hər gecə yuxumda məktəbə getdiyimi, dərs dediyimi görürəm. Nə bilim, gərək belə olmayaydı».

«MÜƏLLİMLİK TALEYİMİZƏ YAZILIB»

Cahangir Eyvazovun həyat yoldaşı Firuzə xanım isə gələn il təqaüdə çıxmağa hazırlaşır. Azərbaycan-alman dili fənlərindən dərs deyən Firuzə xanım deyir ki, işlədiyi məktəbdə alman dili müəlliminə ehtiyac olduğu üçün onu bir il saxlamaq qərarına gəliblər. 150 manat maaş alan Firuzə xanım bununla ailə, uşaq saxlamağın, normal yaşamağın çətin olduğunu bildirir. Aldıqları pulun yarıac, yarı tox yeməyə güclə çatdığını deyir. Amma buna da «şükür» edir:

–Müəllimlik bizim taleyimizə yazılıb, lap desələr haradasa başqa bir iş var, biz onu edə bilmərik.

- Bəs nə edəcəksiz?

- Heç bir şey, Cahangir kimi (üzünü həyat yoldaşına tutur) oturacam evdə. Hər nədirsə az, çox təqaüdlə dolanacağıq.

«SİZİ BURA KİM GÖNDƏRİB?»

Söhbətə Cahangir müəllim müdaxilə edir. İşdən çıxarılandan sonra xeyli məktəblərə baş çəkib. Amma hər dəfə «sizi bura kim göndərib» sualı ilə üzləşib. Deyir işsizlikdən çox bu sual onu
Firuzə xanım
Firuzə xanım
sındırıb:

«Demək mənim savadım, biliyim, bacarığım heç kimi maraqlandırmır, adamları maraqlandıran mənim kim tərəfindən göndərilməyimdir. Müəllimə bu cür yanaşma, bu cür münasibət adamı sındırır».

Firuzə Eyvazova yoldaşının dediklərini təsdiqləyir, deyir elə vəziyyət indi də elə əvvəlki kimidir:

«Dərs alınca nə qədər yollar keçirik. Bax, elə indinin özündə kimsə deyirsə ki, hansısa müəllimə dərs verilsin, ondan sonra verilir. Necə əvvəllər idi, elə indi də elədir».

ÖLKƏNİN İNKİŞAF ETDİYİNİ GÖSTƏRƏN AMİL

Cahangir Eyvazov isə deyir ki, ölkənin inkişafı, yeni binaların tikilməsi və abadlıq işləri nə qədər təriflənsə də, cəmiyyətin inkişafı, insanların normal yaşayışı özünü ölkə pensiyaçılarının dolanışığında göstərir:

«Müstəqilliyimizə canım qurban, bundan yuxarı xoşbəxtlik ola bilməz. Nə bilim, bu qədər işləməyin əvəzində mən başqa münasibət gözləyirdim, başqa təqaüd gözləyirdim. Amma indi adını müstəqillik qoyublar, hər kəs də istədiyin edir».

PESSİMİST SÖHBƏTİN TƏBRİKLİ SONLUĞU

Ancaq Cahangir Eyvazov onu da deyir ki, bayram günündə çox bədbin danışmaq istəmir, çətinliklərin, işsizliyin və pulsuzluğu müvəqqəti sayır və bütün müəllimləri təbrik edir:

«Arzu edirəm onların ürəkləri, beyinləri zəngin olsun. Gənclərimizi vətənpərvər ruhda tərbiyə etməkdən yorulmasınlar».

Həyat yoldaşının bu təbrikindən sonra Firuzə xanım məktəbə yollanır. 5 oktyabr - Beynəlxalq Müəllim Günündə o, alman dilindən 2 saat dərs deyəcək.
XS
SM
MD
LG