Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Heydər Əliyev haqda film donduruldu


İlham Əliyev
İlham Əliyev
-
Heydər Əliyev haqqında filmin çəkilişləri dayandırılıb.

Bu haqda məlumatı çəkiliş qrupundan aldıq. Amma «Ən adi soyad» adlı filmin rejissoru Ramiz Fətəliyev bu haqda danışmaq istəmədi. Deyəcəklərini bir neçə gün sonraya saxladı. Amma rejissorun bir qədər əvvəl «Facebook» sosial şəbəkəsində yazdığı əsəbi statusdan başa düşmək olur ki, qarşı tərəfin arqumentləri onu da razı salmayıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Rejissor yazır ki, mahiyyət, arqument və məntiq baxımından bu qərara bənzəyən qərarla qarşılaşmayıb. O, bu işin arxasında duranları tapacağını və hər şeyi o zaman danışacağını deyir.

«BU, YA SİYASİ OYUNDUR, YA DA MALİYYƏ FIRILDAĞIDIR»

Rejissor hələlik danışmadı. Filmdə Heydər Əliyevin cavanlığını oynayan Alexander Nikitin isə AzadlıqRadiosuna danışdı:

- Filmi dondurublar, onu dayandırıblar, mənə məlum olmayan səbəblərdən. Bu səbəblər izah olunmur, mən bilmirəm orda nə baş verir. Kim orda neyləmək istəyir? Bu ya siyasi oyundur, seçkilər öncəsi cənab prezidentin ayağının altını qazırlar, ya da bu, maliyyə fırıldağıdır. Bakıda mətbuat yazıb ki, guya, mən hər çəkiliş günümə 30 min manat alıram. Bu, böhtandır. Sənədlər var ortada axı. Mən o qədər almamışam. Mən, açığı, prezidentin qəbuluna getmək, abırsızlığıma salıb baş verənlər haqda danışmaq istəyirəm.

- Sizcə, filmin davamı çəkilməyəcək?

- Prezident işə qarışmasa, yəqin ki, filmin davamı olmayacaq. Çünki layihəni dondurmaq ölümə bərabərdir. Qrup dağılır, heyət dağılır. Sonra yığmaq olacaqmı? Ən başlıcası məni filmdən götürüblər. Mən indi çəkilmirəm. Məni kimlə əvəz edəcəklər? Nə baş verir, bilmirəm, ya maliyyə məsələsidir, ya siyasi oyundur. Çünki film prezidentin atası haqdadır. Bu haqda prezidentlə danışmaq istərdim. Məncə, bu, filmi xilas edərdi.

- Sizcə, niyə filmi dayandırdılar? Bəlkə Sizin oyununuz onlara xoş gəlməyib?

- Bilirəm ki, Mədəniyyət Nazirliyindən məktub gəldi və orda yazılırdı ki, filmi dondururlar. Səbəblər aydın deyil. Məktubda o da deyilirdi ki, gördükləri xoşlarına gəlib. Xoşlarına gəlibsə, niyə dondururlar?

- Film tez-tez dondurulur?

- Film 2 səbəbə dondurulur. Ya film yararlı deyil və ona daha artıq vəsait xərcləməyə dəyməz, ya da maliyyə bitir.
Alexander Nikitin
Alexander Nikitin
Bu filmi Mədəniyyət Nazirliyi maliyyələşdirir və inanmıram ki, onların pulu qurtarsın. İkincisi də, bu film bağlanmağa layiq deyil, orda hər iş ədalətlə görülüb.

FİLMİN DİREKTORU: «GÜCLÜ BƏDİİ HƏLL LAZIMDIR»

Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov da AzadlıqRadiosuna bildirdi ki, film dayandırılmayıb, konservasiya olunub. Yəni dondurulub. Səbəb? Direktor deyir ki, Heydər Əliyev haqda film çəkmək çətindir və bu, güclü bədii həll tələb edir:

- Biz çalışırıq ki, Heydər Əliyev dövlət qurucusu kimi görünsün, tarixi hadisələr olduğu kimi verilsin. Amma bədii həllini düzgün tapsın. Təxminən biz 4 min metr çəkməyi nəzərdə tutmuşduq. Artıq ondan çox çəkib başa çatdırmışıq. Sonradan iş prosesində nəzərə alındı ki, bunu daha da inkişaf etdirmək, artırmaq lazımdır. Ona görə də, film konservasiya olunub, dayandırılmayıb. Çalışacağıq ki, ulu öndərin adına layiq bir sənət əsri ortaya qoyaq.

Filmin nə zaman təhvil veriləcəyi hələlik bəlli deyil. Müşfiq Hətəmovdan soruşuruq ki, baş rolun ifaçısı işinin öhdəsindən gəlibmi?

- Əlbəttə gəlib. Azərbaycan auditoriyası Heydər Əliyevi tanıyır. Biz nəzərdə tuturuq ki, bu film xarici tamaşaçılar üçün də maraqlı olsun. Məqsəd cənab, mərhum prezidentimizi dövlətin qurucusu kimi hansı çətinliklərdən keçdiyini göstərmək üçün düzgün bədii həlli tapmaqdır. Biz onu nə tərifləmək, nə tənqid etmək istəyirik. Biz çalışırıq ki, tamaşaçı özü Heydər Əliyevin gördüyü işə qiymət versin. Bu, bir Azərbaycan oğludur. Biz film çəkirik, maraqlı mövzumuz var, tamaşaçı cəlb etmək istəyirik.
- Amma mətbuatda yazırlar ki, filmi bəyənməyiblər.

- Bunun özü də reklamdır, yaxşıdır. Ancaq belə şey yoxdur.

Aygün Aslanlı
Aygün Aslanlı
KİNOŞÜNAS: «BƏDİİ HƏLL HAQQINDA ƏVVƏLCƏDƏN DÜŞÜNMƏK LAZIMDIR»

Kinoşünas Aygün Aslanlı deyir ki, əslində filmin bədii həlli haqqında əvvəlcədən, çəkilişlərdən qabaq düşünmək lazımdır:

- Bu, birinci hadisə deyil. Bundan əvvəl rejissor Ayaz Salayevin filmi bitib, nümayişə buraxılmağa hazır olanda, yenidən istehsalata buraxıldı. Həmin film demək olar ki, ikinci dəfə çəkilir. Təbii ki, bu, düzgün deyil. Normalda layihə qəbul olunur, hər şey diqqətlə nəzərdən keçirilir. Özü də filmə dəqiq məbləği bilmirəm, ancaq təxminən 2 milyon manatdan çox pul xərcləndikdən sonra dondurulması, «bədii həll tapırıq» demək əlbəttə doğru deyil.

«Ən adi soyad» filminin neçəyə başa gəlməsi haqda suala isə Müşfiq Hətəmov cavab vermədi və bunu «kommersiya sirri» adlandırdı. Film dövlət hesabına çəkilir.

Heydər Əliyev 1969-cu ildən 80-ci illərin əvvəlinədək Azərbaycana rəhbərlik edib. Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə qayıdıb. 1993-2003-cü illərdə prezident olub. Siyasi tənqidçilər onu demokrat olmamaqda, təməl insan azadlıqlarını məhdudlaşdırmaqda günahlandırılar. Hazırda ölkəyə onun oğlu rəhbərlik edir.
XS
SM
MD
LG