Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:40

Azərbaycanlılar İrana ... bazarlığa axışır


Astara keçid məntəqəsi

Astara keçid məntəqəsi


Iranda yerli pul rialın sürətlə dəyərdən düşməsi Azərbaycanla sərhəddə də dəyişikliklərə gətirib.

İrandan yenicə qayıdan Astara sakini Emil Nəzərov Azadlıq Radiosuna deyir ki, Azərbaycan tərəfi öz vətəndaşlarını İrana 5 gündən bir buraxmağa başlayıb. Çünki getmək istəyən çoxdur. Getmək istəyənlərin də əksəriyyəti qadındır və bazarlığa gedirlər.

Ancaq İran tərəfi 17 ərzağın Azərbaycana gətirilməsi qadağasına əvvəllər məhəl qoymasa da indi buna daha sərt nəzarət edir. Düyü, toyuq, xurmanı isə artıq sərhəddən buraxmırlar.

Azərbaycan və İran tərəfi bütün bunları ona görə edirlər ki, İranda pulun ucuzlaşmasından istifadə edib Azərbaycan vətəndaşları İrana bazarlığa axışmasınlar.

Hətta cibinə 50 manat qoyub İrana gedənlər əməlli-başlı bazarlıq edə bilirlər.

1 Azərbaycan manatı İranda hazırda 4300 tüməndir və ya rəsmi pul vahidi rialla desək, 43000 rialdır. Hətta bir gün çox qısa vaxta 1 Azərbaycan manatı 50000 riala qalxmışdı , ancaq sonra düşdü.

Bu pula nə almaq olar?
Qiymətləri manatla götürəndə İranda nə qədər ucuzluqdur?

Emil Nəzərovun dediyinə görə, İranda məsələn, içalatın qiyməti 1 manat 20 qəpikdir. Ən yaxşı adyalı 11 manata almaq olar.
Niyə məhz adyalın qiymətini misal çəkir? - Emil Nəzərov deyir ki, Azərbaycandan gedənlərin indi ən çox aldığı adyalldır, peçenyedir.

“SATQIN MAHMUD”

Frans Pressin məlumatına görə, rialın sürətlə düşməsi çərşənbə günü Tehranda etirazlara gətirdi.
Hətta “satqın Mahmud” kimi şüarlar səsləndirilib.
Rialın bir həftəyə 40 faiz dəyərdən düşməsinə etiraz edənlərin fikrincə, indiki vəziyyətə gətirən məhz prezident Mahmud Əhmədinejadın səhv siyasəstidir.
Etirazçılarla polis arasında toqquşmalar oldu.
Pul dəyişən məntəqələrə xüsusi təyinatlı polis qüvvələri yeridilib.

Frans Press onu da xəbər verir ki, İrandakı Qərb jurnalistlərinə hadisə yerinə getməyə icazə verilməyib. Ona görə onlar məlumatlarını şahid ifadələri əsasında verirlər.

İrandakı bir qərb diplomatı Frans Press Agentliyinə vəziyyəti belə təsvir edir: “hər bir adam dollar almaq istəyir. Əhmədinejad pul dəyişənlərə və möhtəkirlərə qarşı polis göndərəcəyini elan etsə də bu, kömək eləmir. Əksinə, adamlar bir az da narahat olurlar”.

Frans Pressin məlumatına görə, Reuters agentliyinə ümumiyyətlə İranın daxilindən məlumat vermək yasaq olunub.
Hazırda Reuters İranla bağlı məlumatlarını Dubaydan verir.

Frans Pressin məlumatına görə, İranda açıq valyuta bazarında rial çərşənbə axşamı eniş rekordu vuraraq 1 ABŞ dollarına 37500 rial səviyyəsinə düşdü.
Halbuki keçən həftə 1 ABŞ dolları 22000 - 24600 rial arasında idi.
Bir il əvvəl isə 1 dollar 13 000 rial idi.

Pulun düşməyi inflyasiyanı sürətləndirir. İranda inflyasiyanın rəsmi göstəricisi 23 faizdir. Ancaq çoxları bunun əslində daha yüksək olduğunu deyir.

"PREZİDENTİN BAZARI BAĞLANIR"?

Çərşənbə günü Tehranın əsas bazarı da bağlandı.
Dükan sahibləri deyirlər ki, pulun məzənnəsi sürətlə və bir neçə dəfə dəyişdiyinə görə, qiymətləri dəqiq qoya bilmirlər.

Kompüter satılan dükanın sahibi bildirir ki, bir saatın içində qiymətin necə dəyişdiyini görəndə dükanı bağlamaq qərarına gəlib.

ABŞ-ın Mason Universitetində İran tarixindən dərs deyən Shaul Bakhash Tehran bazarının bağlanmasını Əhmədinejad üçün yaxşı əlamət saymır. Onun fikrincə, bu o deməkdir ki, tacirlərin Əhmədinejadla bağlı səbirləri tükənir.

Ancaq bazar rəsmiləri bildirirlər ki, bazarın bağlanmağında heç bir etiraz əlaməti yoxdur.

Əhmədinejad rialın düşməsində ABŞ-ın sanksiyalarını ittiham edib. Hərçənd bəziləri rialın enişində hökumət siyasətinin də payı olduğunu düşünür.

Hökumət keçən həftə mübadilə mərkəzləri yaratdı ki, bazara lazım olduqca dollar çıxartsın. Ancaq bundan sonra rialın düşməyi sürətləndi.

BUNUN AXIRI NƏ OLACAQ?

Əhmədinejad mətbuat konfransında deyib ki, rialın məzənnəsini saxlamaq üçün ölkənin kifayət qədər valyuta ehtiyatı var.

İranın valyuta ehtiyatı keçən ilin sonuna 100 milyard dollar məbləğində ehtimal olunurdu.
Ancaq o vaxtdan sanksiyalar görə İranın neft gəlirləri azalmaqdadır.
.
ABŞ Xəzinədarlığı İranın valyuta ehtiyatlarının aya 5 milyard dollar sürətilə azaldığını ehtimal edir.
Heç nə dəyişməsə, İranın valyuta ehtiyatı 10 aya qurtaracaq.
XS
SM
MD
LG