Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:54

Quba hadisələrinə görə həbs edilənlərin məhkəməsi olub


Oktyabrın 2-də Quba hadisələri ilə bağlı təqsirləndirilənlərdən 8 nəfəri ilə bağlı məhkəmə prosesi keçirilib. Prosesdə 1-i polis olmaqla 4 şahid iştirak edib. Məhkəmədə şahid ifadələri dinlənilib. Bu barədə AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyasının bölgədəki nümayəndəsi Aftandil Məmmədli məlumat verib.

Onun sözlərinə görə, polis istisna olmaqla üç mülki şəxs öz ifadəsində təqsirləndirilən şəxsləri tanımadıqlarını və hadisələrin necə baş verməsindən xəbərsiz olduqlarını deyiblər.

Bundan sonra hakim növbəti prosesin oktyabrın 19-na təyin edildiyini elan edib.

DAHA 9 NƏFƏRİN MƏHKƏMƏSİ OLUB

Günün ikinci yarısı 1 mart hadisələri ilə bağlı 9 nəfərdən ibarət daha bir qrupun məhkəməsi başlayıb. Aftandil Məmmədlinin sözlərinə görə, təqsirləndirilən şəxslərdən biri, Elgün Məhərrəmov əməliyyat olunduğundan prosesdə iştirak etməyib və proses oktyabrın 8-nə qədər təxirə salınıb.

SABAH DA MƏHKƏMƏ VAR

Quba hadisələrində təqsirləndirilən 7 nəfərlik yeni bir qrupun məhkəməsi isə oktyabrın 3-nə təyin edilib.

1 mart Quba hadisələrinə görə təqsirləndirilənlərin hamısı əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. Zərərçəkənlər əsasən polislərdir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG