Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:44

Rusiya 2018-ci ilin Dünya Çempionatına 19 milyard dollar xərcləyəcəyini açıqlayır


Arxiv foto: FİFA prezidenti Sepp Blatter İsveçrədə 2018-ci ilin Dünya Çempionatının Rusiyada keçiriləcəyini açıqlayarkən. Sürix, 2 dekabr 2010-cu il.
Arxiv foto: FİFA prezidenti Sepp Blatter İsveçrədə 2018-ci ilin Dünya Çempionatının Rusiyada keçiriləcəyini açıqlayarkən. Sürix, 2 dekabr 2010-cu il.
Rusiyada keçiriləcək 2018-ci ilin futbol üzrə Dünya Çempionatı üçün infrastrukturun qurulmasına təxminən 19 milyard dollar xərclənəcək. Bunu Rusiyanın idman naziri, “Rusiya-2018”in təşkilat komitəsinin rəhbəri Vitaliy Mutko ötən şənbə günü FİFA-nın prezidenti ilə birgə mətbuat konfransında səsləndirib.

Rusiya mediası qeyd edir ki, 2 il əvvəl indiki prezident, o zaman Baş nazir olan Vladimir Putin çempionata çəkilən xərclərin iki dəfə bundan az olacağını deyirdi.

Nazir Mutko bildirib ki, bu çempionat üçün Rusiya stadionlar, hava limanları, tibbi və informasiya təminatı üçün binalar tikməlidir: “Biz təxmini büdcə proqnozu hesablamışıq. Bu büdcədə çempionatın yüksək səviyyədə keçirilməsi üçün hər şey nəzərdə tutulub. İlkin hesablamalara görə büdcə 600 milyard rubl (təxminən 19 milyard dollar) olacaq. Bu pulun təxminən yarısı (40%-i) yeni stadionların tikintisi və köhnələrin təmirinə xərclənməlidir. Qalan büdcə isə yeni mehmanxanalar, nəqliyat infrastrukturunun qurulması üçün lazımdır.”

Nazir bu pulun yarısının dövlət büdcəsindən, yarısının isə özəl sektordan xərclənəcəyini bildirir.

Şənbə günü mətbuat konfransında çempionata ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb. Bunlar Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Rostov, Nijni Novoqorod, Kalininqrad, Yekaterinburq, Samara, Saransk və Volqoqraddır.

Rusiya hökuməti 2014-cü ildə keçiriləcək Soçi Olimpiadasına da 30 milyard dollar xərcləyəcəyini elan edib. Müxalifət hökuməti bu cür idman yarışlarını bəhanə edib büdcəni talamaqda ittiham edir. Rəsmilər isə heç bir oğurluq olmadığını, hər iki çempionatı bənzərsiz təşkil edəcəklərini deyirlər.
XS
SM
MD
LG