Keçid linkləri

Təcili xəbərlər

L. Gumilev: Böyük çölün yolçusu...


Lev Gumilev
Lev Gumilev
Adamlar var ki, ömürlərini də yaradıcı akta, prosesə çevirirlər. Bu adamların ömrü yaradıcılıqları ilə çox qəribə simbioz təşkil edir. Belələrindən biri də tarixçi-etnoqraf L. Gumilev idi. Bu gün onun anadan olmasının 100 iliyidir. Onun xüsusi təqdimata ehtiyacı yoxdur, çünki o, bəzi yerlərdə, o cümlədən də Azərbaycanda öz şair ata və anasından (N. Gumilev və A. Akhmatova) da yaxşı tanınır. Mən elitarizmin tərəfdarı olmasam da, bir fikirlə razılaşmaya bilmərəm: ot kökü üstündə bitər... Ata Gumilev Sovet hakimiyyətinə qarşı qiyamda iştirak etdiyinə görə ölümə məhkum olunmuşdu. M. Gorky o vaxtlar böyük nüfuz sahibi idi və N. Gumilevun bağışlanması üçün Leninin özünə müraciət etmişdi. Lenin də müraciətə müsbət cavab vermişdi. Amma şair və zabit N. Gumilev öz dostları ilə ölməyi daha üstün tutdu. A. Akhmatova isə o qədər fədakar ömür yaşamışdı ki, onun haqqında hansısa kiçik bir qeyddə danışmaq çətindir. Mənim hələ də onun bircə sətrini xatırlayanda («Kremlin divarları önündə ulayacam...») bədənimdən qəribə gizilti keçir. Sanki ailənin taleyinə təqiblər, məhrumiyyətlər yazılmışdı. L. Gumilevun öz həyatı da çox böyük məhrumiyyətlər içində keçmişdi – düşərgələr, təqiblər! Sonra deyirlər ki, qəhrəmanlar olmur! Bəs bu insanlar qəhrəman deyilmi?... Amma mən bu yazıda Gumilevla bağlı başqa aspektlərə toxunmaq istəyirəm. O kim idi və nə etmişdi? Bu suala hətta Gumilevu yaxından tanıyan insanlar belə cavab verməyə çətinlik çəkir, çünki əksər tarixçilər onun nəzəriyyələrini elmi cəhət baxımından əsaslandırılmamış və siyasi cəhətdən qeyri-korrekt hesab edir.

Öz vətənində onun nəzəriyyəsinin elmi tutumu, Qərbdə isə bu nəzəriyyənin etik-siyasi tərəfləri mübahisə doğurur. Axı indiki demokratik dünyada heç hansısa etnosun ölümündən danışmaq olarmı? Lakin mənə elə gəlir ki, min illərin prosesini bir neçə illik intervala sığışdırmaq olmaz, məhz bu inikaslar belə nəticələrə gətirib çıxarır. Amma bir qədər ciddi olsaq, hanı şumerlər və yaxud xəzərlər? Bəlkə L. Gumileva daha ciddi yanaşmaq lazımdır? Bunları mütəxəssis tarixçilərin öhdəsinə buraxaq. Düzdür, onlar hələ bir sula dəqiq cavab verə bilməyiblər. L. Gumilev kim idi? Mədəniyyət hadisəsi, yoxsa bir elm fenomeni? Bizim üçün isə başqa məqamlar maraq kəsb edir...

TÜRK ELLƏRİNİN TƏDQİQATÇISI

Deyirlər ki, L. Gumilev Çingiz xanın imperiyasını öz mənzilindən daha yaxşı tanıyırdı və bilirdi. Onun böyüklüyü nədə idi? Tarix xalqları iki böyük qrupa bölmüşdü: əkinçi xalqlar və maldarlıqla məşğul olan köçərilər. Və belə zənn edilirdi ki, dünya mədəniyyətinə yalnız əkinçilər töhfə veriblər, köçərilər isə, necə deyərlər, öyrənilməsə də olar. Əslində onları öyrənmək asan problem də deyildi, çünki bir çox hallarda bu xalqlar özlərindən sonra maddi-mədəni abidələr qoymamışdılar, tarixdə öz kurqanları ilə yadda qalmışdılar. Türklər də belə xalqlardan idi. Gumilev türklərin tarixini öyrənməyə başladı. İndi o prosesdən çox danışmaq olar. Amma mənim yadıma başqa şeylər düşür. O 1980-ci illərdə nə qədər məşhur idi?! Hətta səhv etmirəmsə, o vaxtlar AXC ona mükafat da vermişdi. Qazaxıstanda hətta L. Gumilev adına institut belə təsis olunmuşdu.

PASSİONARLIĞI KƏŞF EDƏN İNSAN

«Passionar» sözü az qala beynəlxalq deyimə çevrilib. Onun mənasını başa düşməyən yoxdur. Gumilev passionarlığın enerji mənbəyini göstərə, tapa bilmədi. Amma bu söz mədəniyyətə həkk olundu. İndi hara baxırsan, elə bir ağızdan deyirlər ki, passionar insanlar azalıb, onlar yoxdur. Hamımız ictimai süstlüyü, passivliyi bununla izah edirik. Hətta o sözün özündə nə qədər və hansı tutumda elmi məzmun kəsb etdiyinin də fərqində deyilik. Bizim üçün bu indi bir etnologiya, tarix fenomeni olmaqdan daha çox bir sosial doktrina rolunu oynayır. Qoy, tarixçilər L. Gumilev nəzəriyyəsinin elmiliyi haqqında nə qədər istəyirlər, baş sındırsınlar. Hətta burada onu da qeyd edim ki, ona tarix elmləri doktoru olmaq qismət olmadı, o, coğrafiya elmləri doktoru idi.

Lakin onun haqqında danışanda da hamı deyir ki, o, passionar insan idi. Hətta passionarlıq təlimini qəbul etməyənlər də...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG