Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:03
İsrailin İranın nüvə məkanlarını «təkbaşına» vurmaq variantı Yaxın Şərqi səksəkəyə salıb, onun əsas müttəfiqini isə narahat edib. Bəs əgər birdən İsrail Vaşinqtonsuz da tək deyilsə?

«Reuters» agentliyi yazır ki, İsrailə kömək edə biləcək ölkə Azərbaycandır.

«Azərbaycan və İsrail İrana mümkün zərbə üçün Azərbaycanın hərbi hava bazalarından və kəşfiyyatından necə istifadə etmək məsələsini müzakirə edirlər». Bunu Azərbaycanın iki keçmiş hərbi zabiti və Rusiyanın iki kəşfiyyat mənbəyi «Reuters» agentliyinə bildiriblər. Bu iddia Azərbaycan və İsrail tərəfdən rəsmən təkzib olunur.

«Təyyarələr haradan uçacaq, haradan-hara? İndi bu kimi məsələlər araşdırılır». Bunları Bakıda «Reuters» agentliyinə Azərbaycanın baş müdafiə qərargahı ilə əlaqələri olan bir təhlükəsizlik müşaviri deyib. «İsraillilər... Azərbaycandakı bazalara çıxış əldə etmək istərdilər».

İSRAİL VƏ AZƏRBAYCANIN «AYSBERQ» MÜNASİBƏTLƏRİ

Məqalədə deyilir ki, neftlə zəngin Azərbaycanın yəhudi dövlətinin nadir müsəlman müttəfiqlərindən olması Tehran üçün narahatçılıq yaradır.

«Bu da təsadüfi deyil», - müəllif yazır, - «İsrail və Azərbaycan arasında tez-tez söhbəti gedən 1,6 milyard dollarlıq hərbi sövdələşmə buna bariz misaldır».

İlham Əliyev

İlham Əliyev

Məqalədə qeyd olunur ki, 2009-cu ildə sızmış ABŞ diplomatik teleqramlarına görə, İlham Əliyev İsraillə əlaqələri «aysberq»ə bənzədib. Yəni bu, münasibətlərin «onda doqquzu suyun altındadır».

Azərbaycanın millət vəkillərindən biri, parlamentin xarici işlər komitəsinin üzvü Rasim Musabəyov «Reuters»ə bildirib ki, onda bu barədə dəqiq məlumat yoxdur, lakin o, Azərbaycanın gələcəkdə İsrailin İrana qarşı hər hansı planında, məsələn, hərbi təyyarələrin yanacaqla təchizatında iştirakçı olacağına inanır.

«İsrail İranın nüvə məntəqələrini bombalamağa hazırlaşırsa, onun mütləq yanacaqdoldurma problemləri olacaq», - deyib Musabəyov, - «Məncə Azərbaycan onların planlarına daxildir. Bizim müasir naviqasiya vasitələrimiz, hava hücumundan tam təchizata malik müdafiə sistemimiz və amerikalıların təlim keçdiyi heyətimiz var. Zəruri olarsa onlardan hazırlıqsız istifadə etmək mümkündür».

MÜMKÜN HÜCUM ABŞ-I NARAHAT EDİR

«Reuters» yazır: «ABŞ prezidenti Barack Obamanın administrasiyası açıq şəkildə bildirib ki, İsrailin ara-sıra müharibədən söz açmasını alqışlamır və o, İranın nüvə proqramını cilovlamaq üçün diplomatiyaya və iqtisadi sanksiyalara üstünlük verir».

Məqalədə deyilir ki, həmçinin Əfqanıstana tranzit ölkə kimi Azərbaycanın müdafiə sisteminə və qurğularına pul xərcləmiş Vaşinqton Əliyevin İrana qarşı hər hansı hərəkətə qoşulmasını alqışlamazdı.

Əslində, İlham Əliyevin administrasiyası bunun baş verməyəcəyini deyir, - «Reuters» yazır.

Bununla belə, söz-söhbət kəsilmir. Bir İsrail siyasətçisi agentliyə bildirib ki, Azərbaycandan uçan və göstərici nişanları olmayan tanker-təyyarə İsrailin bombardmançı hava qüvvələrinin mənzilini uzada bilərdi.

İran barəsində planlar haqqında birbaşa məlumata malik olduğunu inkar edən bu mənbə bildirib ki, tanker-təyyarəni sərnişin təyyarəsi kimi də «bəzəmək» mümkündür.

Benjamin Netanyahu

Benjamin Netanyahu

«Problem bundan ibarətdir ki», - agentlik yazır, - «Tehran və Tel-Əviv arasında olan min millik məsafə İsrailin Amerika istehsallı F-16 bombardmançılarını və onları müşayiət edən F-15-ləri normal mənzil xaricində qoyur. Odur ki, təkrar yanacaqdoldurma son dərəcə mühümdür».

KƏŞFİYYAT ƏMƏKDAŞLIĞI ARTIQ QURULUB

Məqalədə deyilir ki, İsrailin baş naziri Benjamin Netanyahu’nun ötən həftə BMT-dəki çıxışı İsrailin ən azı yaxın aylarda İranı vurmaq ehtimalını heçə endirib. Bir sıra İsrail siyasətçiləri də Azərbaycandan meydan kimi istifadə edilməsi ideyasını «ağlasığmaz» adlandırıblar, lakin hətta onlar da müştərək Azərbaycan-İsrail kəşfiyyatının mümkünlüyünə inanırlar.

Belə bir əməkdaşlığın qurulduğunu Azərbaycan mənbələri də bildiriblər.

Məqalədə deyilir ki, ötən il əldə olunmuş silah sövdələşməsinə uyğun olaraq Azərbaycan İsraildə layihələnmiş 60 pilotsuz təyyarə hazırlayır. Mütəxəssislər bildirirlər ki, bu, hətta neft qurğularını qorumaq və separatçı Dağlıq Qarabağda əməliyyat aparmaq üçün də çoxdur.

Rasim Musabəyov

Rasim Musabəyov

Millət vəkili Musabəyov «Reuters»ə bildirib ki, «bu pilotsuz təyyarələr vasitəsilə İsrail İranda nələrin baş verdiyini öyrənə bilər, bizsə sərhədlərimizi qoruyarıq».

Agentlik yazır ki, millət vəkilinin bu mülahizələrini bir çox hərbçilər də bölüşürlər.

Məlumatda Azərbaycanın Kürdəmir, Gəncə, Nasosnı və Qala kimi hərbi hava bazalarının adları çəkilir.

Pentaqon bildirib ki, Nasosnıdakı baza NATO-nun istifadəsi üçün təkmilləşdirilib.

Azərbaycan ordusuna yaxın mənbələrdən biri deyib ki, Azərbaycanda ABŞ-a və ya İsrailə aid bircə baza da yoxdur, yəni rəsmi mənada yoxdur, lakin onlar qeyri-rəsmi mövcuddur və onlardan istifadə oluna bilər.

İSRAİLİN MÜMKÜN ZƏRBƏSİNƏ HAZIRLIQ

Hermes 500

Hermes 500

Məqalədə bu da qeyd olunur ki, İsraillə hər hansı hərbi əməkdaşlıq Azərbaycanın neft platformalarını və kəmərlərini zərbə altında qoya bilər. Hərçənd, Amerika Azərbaycana üç sahil patrul kateri verib və yeddi sahil radarını maliyyələşdirib.

Məqalədə deyilir ki, Azərbaycandakından iki dəfə çox azərbaycanlı əhalinin yaşadığı İran və Bakı arasında münasibətlər həmişə gərgin olub. İran Azərbaycan liderini «Qərbin və İsrailin oyuncağ»ı adlandırır, Bakı isə islamçı müxalifətin arxasında Tehranın durduğuna inanır.

Qeyri-bərabər qüvvə balansı ilə üzləşən Əliyev hökuməti İsraillə müttəfiq olduğunu gizlətmir.

Adının çəkilməsini istəməyən prezident müşavirlərindən biri «Reuters»ə bildirib ki, «biz çox təhlükəli bir qonşuluqda yaşayırıq və bizim İsraillə münasibətlərimizi zəruri edən əsas qüvvə budur».

Sayta hazırladı Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG