Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:45

Acından ölmüş filosofdan seçmə fikirlər


Vasili Rozanov
Vasili Rozanov
-

"Dostoyevski qəlbə toxunandı. Tolstoyda çatışmayan da elə bu səmimilikdi. Daim "inandırır", qoy o "inananlar" da getsin onun dalınca..."

"Sosializm bir disharmoniya kimi keçib gedəcək. Hər cür disharmoniya keçəridi. Sosializm isə tufandı, yağışdı, küləkdi..."

"Həqiqət günəşdən də, göydən də, Tanrıdan da ucadı..."



"Oxu zalı"nda onun Dostoyevski ilə eyni qadını sevdiyi haqda yazı dərc etmişdik. Bu həmin Rozanovdur. Rus yazıçısı və filosofu Vasili Rozanov dini, fəlsəfi, mədəni və tarixi problemlərə həsr olunmuş 30-dan artıq kitabın müəllifidi. Bolşevik hərəkatına, sosialist inqilabı liderlərinə mənfi münasibət bəsləyib. Elə buna görə də sovetlər 70 il onu unutdurmağa çalışıblar. Rozanov 1919-cu ildə acından - bədəninin taqətdən düşməsi nəticəsində tutulduğu xəstəliklərdən ölüb. Təqdim olunan yazılar Vasili Rozanovun "Təklənmiş", "Tökülmüş yarpaqlar" və "Zəmanəmizin apokalipsisi" kitablarından seçilib.


VASİLİ ROZANOVDAN SEÇMƏLƏR

(Fəxri Uğurlunun tərcüməsi)

***

Mənə elə gəlir Tolstoyu çox da sevmirdilər, bunu o özü də hiss eləyirdi. Nə sağlığında, nə öləndə onun yanında heç kəs "qəfil fəryad" qoparmamışdı, heç bir "dəlicəsinə hərəkət" baş verməmişdi. "Hər şey çox ağıllı şəkildə qu-rulmuşdu"; puçluğun, mənasızlığın möhürü də elə budu.

***

Dostoyevski sərxoş əsəbi arvad kimi "əclaf" deyib Rusiyanın yaxasından yapışdı və onun peyğəmbəri oldu.

Sabahın peyğəmbəri və dünənin nəğməkarı.

Bugündən isə Dostoyevskidə əsər-əlamət yoxdu.

***

Tolstoy heyrətləndirir, Dostoyevski tərpədir.

Tolstoyun hər əsəri bir binadı. O, bütün yazılarını qurur, tikir. Hər yerdə çəkic, rəndə, ölçü, plan - "düşünülmüş və dəqiqləşdirilmiş". Onun elə baş-lanğıcdan əsəri sonacan qurduğu aydın görünür.

Və onun tikdiklərinin orta dirəyi yoxdu (əslində, ürəyi...).

Dostoyevski isə səhrada ova çıxan atlı kimidi. Onun oxu dəyən yerdən qan damır.

Dostoyevski qəlbə toxunandı. Tolstoyda çatışmayan da elə bu səmimilikdi. Daim
Tolstoy və Dostoyevski
Tolstoy və Dostoyevski
inandırır", qoy o "inananlar" da getsin onun dalınca. Ümumiyyətlə, bu "inandırmalardan" heç nə çıxmır, kağız qalaqlarından, kitabxanalardan, dükanlardan, qəzet didişmələrindən, ən yaxşı halda dəmir heykəldən başqa heç nə.

Dostoyevski isə bizdə yaşayır. Onun havası heç vaxt dəbdən düşməyəcək.


***

Fağır qız

Sən dünyanın yanından keçib getmədin, qız... sən, Allahın ən fağır bəndəsi... Ürkək, parlaq gözlərinlə durub dünyaya baxırdın.

Fikirli-fikirli baxırdın... Sevə-sevə baxırdın... Nəğmə oxuyurdun... Tellərini barmağına dolayırdın...

Ürəyin də ki, vururdu. Həsrətdən üzülürdün, gözləyirdin.

Adlı-sanlı, varlı-hallı adamlar keçirdi bu dünyadan. Nitqlər deyirdilər. Öyrənib-öyrədirdilər. Hər şey elə gözəl idi ki... Sən də bu gözəlliyə baxırdın.

Heç nəyə köks ötürmürdün. Sən eləcə bu şenliyə yan almaq, nəyəsə, kimə
sə qaynayıb-qarışmaq istəyirdin.

Sənin ürəyin hər nəğməyə yan alırdı. Bu xora son də qoşulmaq istəyirdin.
Ancaq səni görən olmadı, cənin nəğmələrini xora götürmədilər. Beləcə, cərgədən qıraqda durub baxırsan.

Mən də ayrılıram dünyadan. Getmək istəmirəm. Mən elə səninlə qalsam yaxşıdı. Əlini əlimə alıb beləcə dursam yaxşıdı.

Dünya qurtaranda da mən beləcə duracam, heç yana tərpənməyəcəm.

Bilirsənmi, qız, keçib-gedən biz deyilik, dünyadı. Dünya keçib-gedəcək və keçdi-getdi artıq. Biz isə səninlə həmişə belə qalacağıq.

Çünki ədalət bizimlədi. Dünya isə ədalətsiz dünyadı.

***

Allahım! Həyatım mənim! Nədən Sən yadıma düşəndə ürəyim belə atılıb-düşür.

Hər şeyi Sənin əllərin tutub saxlayır: hər halda məni saxladığını hər an hiss eləyirəm.

***

İbrahimi Allah çağırdı: mən isə özüm Allahı çağırıram... Fərq budu.
Doğrudan da, indiyəcən Bibliya təfsirçilərinin heç biri Tövratdakı rəvayə-tin bu qəribəliyinə fikir verməyiblər: axı İbrahim Allahı axtarmırdı, Allah özü İbrahimi seçmişdi. Bibliyada açıq-aydın göstərilib ki, İbrahim hətta uzun müddət Tanrıyla əhd bağlamaqdan yayınmaq istəyirdi... Qaçırdı, an-caq Allah onu tutdu. Bu vaxt o dedi: "İndi mən də, bütün nəslim də Sənə sədaqətli olacağıq".

***

Həqiqət günəşdən də, göydən də, Tanrıdan da ucadı: çünki əgər Tanrı özü də həqiqətdən başlamasaydı, Tanrı olmaz, göy üzü bir uçurum, günəş də mis qabdan başqa bir şey olmazdı...

***

Mən hələ o qədər əclaf deyiləm ki, oturub-durub əxlaqdan danışım. Mənim ruhum bu dünyaya gələcəyi günü milyon illərlə gözləyib. Və birdən tutub yaxasından deyəsən: sən, mənim ruhcığazım, özünü itirmə; cızığından kənara çıxma.

Yox, mən ona belə deyəcəm: gəz, mənim ruhum, gəz, gözünə dönüm, necə istəyirsən, elə də gəz. Axşam isə qayıdarsan Allahın yanına. Mənim ömrüm mənim günümdü, nə Sokratındı, nə də Spinozanın, bəli, məhz mənim günümdü.

***

Çiçəklər hardandısa, nəğmələr də ordandı.

***

Heç yana tələsməyən adamlar Allah adamlarıdı. Heç bir məqsədi olmayan adamlar da - Allah adamlarıdı.

***

Dünyanın əzabı dünyanın sevincinə qalib gəldi - budu xristianlıq.

Və o sevincə dönməyə can atılır. Budu bütpərəstliyin həyəcanları.

***

Öz ölümüm haqqında: "Bu zibili yer üzündən süpürüb atmaq lazımdı". Bax bu "lazımdı" gəlib çatanda mən öləcəm.

***

Mən lazım deyiləm. Buna inandığım qədər heç bir şeyə inanmıram.

***

Heç bir kəs tərifə layiq deyil. Hər bir kəs yalnız rəhmə layiqdi.

***

Ədəbiyyatı tabutum kimi, kədərim, nifrətim kimi aparıram.

***

Gənc nəslə necə yanaşıram?

Heç necə. Heç fikirləşmirəm də.

Ancaq arabir yadıma düşür. Həmişə də yazığım gəlir. Yetimlər...

***

Sosializm bir disharmoniya kimi keçib gedəcək. Hər cür disharmoniya keçəridi. Sosializm isə tufandı, yağışdı, küləkdi...

Gün çıxacaq, hər yanı qurudacaq. Uçub getmiş şehdən danışdıqları kimi danışacaqlar: "Doğrudanmı bu (sos) olub?" "Qardaşlıq, bərabərlik, azadlıq deyin kim döyürdü pəncərəmizi dolu kimi?"

- Eh, siz hələ nə bilirsiz! O dolu kimlərin başına yağmadı!

- "Təəccüblüdü. Qəribədi. İnanmaq olmur. Tarixin harasında tapmaq olar bunu?"
XS
SM
MD
LG