Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

Araz Əzimov: «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar getmir»


Araz Əzimov

Araz Əzimov

«Mən mətbuatda tez-tez Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «danışıqlar» ifadəsi ilə rastlaşıram. Amma danışıqlardan çoxdan söhbət getmir».

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, hərdən ayrı-ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq səviyyədə görüşlər keçirilir: «Amma konkret zaman çərçivəsində, gündəlik əsaslarda, eyni çərçivədə konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hal-hazırda mümkün deyil. Ona görə də həmsədrlərin səfərləri təsirli ola bilməz. Onlar Azərbaycana gəlib burda mövqeyi öyrənirlər, Ermənistana da gedirlər, sonra isə beynəlxalq təşkilatlar çərçivəsində - BMT-də, ATƏT-də görüş keçirib müzakirənin davam etdiyini deyirlər. Bu istiqamətdə bir inkişaf əldə olunmadığına və vakuumu doldurmaq üçün həmsədrlər müxtəlif etimad qoruyucu tədbirlərdən danışırlar. Azərbaycanın da bəzi təşəbbüsləri olmuşdu, lakin Ermənistan bunlara mənfi cavab verib. Bəzi təkliflər isə vəziyyətə uyğun gəlmir. Çünki işğal davam etdiyi bir vəziyyətdə münaqişə zonasında məhz yerli əhalini əhatə etməklə hansısa təşəbbüsün həyata keçirilməsi mümkün deyil».

Nazir müavini xatırladıb ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü təklifi məhz Ermənistan tərəfindən rədd edilib: «Ona görə burda həm Ermənistan, həm də həmsədrlər tərəfindən müvafiq dərəcədə spekulyasiya müşahidə edirəm. İmkanlara uyğunlaşdırılmış təkliflər verilməlidir».

Bu günlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı ilə bağlı sualı şərh edən A.Əzimov deyib ki, belə bir görüş nəzərdə tutulmayıb: «Görüş keçirmək asandır, əsas gözlənilən nəticədir».

«AZƏRBAYCAN HAVA MƏKANINDAN QEYRİ-QANUNİ İSTİFADƏNİ HEÇ VAXT QƏBUL ETMƏYƏCƏK»

«Ermənilər hər bir andan istifadə edirlər ki, vəziyyəti daha da gərginləşdirsinlər».

Bunu da Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ermənilərin sentyabrın sonunda Xankəndi aeroportunu istifadəyə verəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq hüququ pozması yenilik deyil:

«Azərbaycan bu cür məsələlərdə yenə də beynəlxalq hüquq normalarını əsas götürəcək və öz mövqeyində dayanacaq. Bu hava limanının istifadəsi hazırkı şəraitdə qeyri-qanunidir. İşğal altında olan ərazilərdə infrastrukturun dəyişdirilməsini, hava məkanımızın qanunsuz şəkildə istifadəsini Azərbaycan tərəfi heç vaxt qəbul etməyəcək. Bu, beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə aid olan məsələdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG